Mütəxəssislərimiz
Almaniya muzeylərində təcrübə keçiblər
Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən Göygöl şəhərində Qafqaz Almanları Tarix Muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir.
Muzeyin yaradılması vaxtilə orada yaşamış almanların ölkənin mədəni-iqtisadi həyatında oynadıqları rolu tədqiq etməklə yanaşı, regionda turizmin, eləcə də Almaniya ilə Azərbaycan arasında əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.
Layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auxun rəhbərlik etdiyi «EuroKaukAsia» elmi-mədəni cəmiyyəti tərəfindən muzeyin elmi konsepsiyası hazırlanıb. Martın 2-də Mədəniyyət və Turizm Nazirliyində konsepsiyanın təqdimatı keçirilib. Almaniya Beynəlxalq Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə hazırda muzeyin ərsəyə gəlməsi üçün işlər davam etdirilir, yüzlərlə eksponat toplanıb.
Mart ayında muzeyin gələcək əməkdaşları
Pərviz Səmədov və Alina Əliyeva Almaniyanın bir
sıra şəhərlərində müvafiq muzeylərdə
ustad dərslərinə cəlb olunaraq təcrübə
keçiblər. “EuroKaukAsia” cəmiyyətinin təşkil etdiyi
səfər zamanı onlar iki həftə ərzində
Ştutqart, Roytlinqen, Detmold, Betsinqen, Boyren və başqa şəhərlərdə
Almaniyada muzey işinin müxtəlif aspektləri və istiqamətləri
ilə yaxından tanış olublar. Azərbaycanlı mütəxəssisləri
təcrübə səfərində Almaniyada yaşayan həmyerlimiz,
«EuroKaukAsia»nın icraçı direktoru, Berlin Humboldt
Universitetinin dosenti Rasim Mirzəyev müşayiət edib. Azərbaycanlı
mütəxəssislər Almaniya parlamentinin üzvü Heynrix
Sertiklə də görüşüblər. Bundestaqın
deputatı Azərbaycanda alman mədəni irsinin qorunması
ilə bağlı görülən işləri yüksək
dəyərləndirib.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 7.