Eşqdə
intiqamın ağırlığı
Mingəçevir Dövlət Dram Teatrında premyera
İnsan hissinin ali mərtəbəsi sayılan eşq həm də iztirabları ilə ruhun bu əbədi
zövqdən məhrumiyyətinə yol aça, hətta insanı cani,
qəddar da edə bilər. Eşqində
çapalayan aşiq alovlanan ürəyində ağır əzablara,
nifrətə, intiqama da
yer verə bilir. Beləcə,
zamanın axarında insan ruhunun
eşqə sitayişi adi
faciə kimi özünün
miskin sonuna məhkum olur.
Son zamanlar yeni səhnə nümunələri ilə teatrsevərlərin diqqətini cəlb edən Mingəçevir Dövlət Dram Teatrında məhz bu kimi duyğularla yüklü daha bir tamaşa sənətsevərlərin ixtiyarına verildi. Süleyman Sani Axundovun “Eşq və intiqam” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılarla görüşdü. Uzun illərdən sonra yenidən bu əsərə müraciət edən teatr sanki tamaşaçıların ürəyindən xəbər vermiş oldu.
2015-2016-cı teatr mövsümünün ilk tamaşasının quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, tərtibatçı rəssamı Yusif İmamverdiyev, musiqisi Elnur Rəsulova məxsusdur. Teatrın əsas truppasının iştirak etdiyi tamaşa maraqlı aktyor oyunu ilə yadda qaldı. Əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov, Nəsibxan Əliyevin rol aldığı səhnə nümunəsində gənc aktyorlar Hüseyn Mustafayev, Fəridə Məmmədova, Jalə Davudova, eləcə də Qabil İbrahimli də öz oyunları ilə tamaşaçı alqışı qazandılar.
Rejissorun əsərə yanaşması maraqlıdır, tamaşaya əlavə etdiyi proloq xüsusilə diqqətəlayiqdir. Nikbin notlarla başlayan tamaşa bir növ tamaşaçıya gərgin anların yaşanacağı barədə xəbərdarlıq edir və onu diqqətli olmağa çağırır.
Tamaşa namusu tapdalanan (öz süd qardaşı Şahbaz bəy tərəfindən) Qəmərin oğurlanması, Əlimərdan və İbadın intiqam ehtirası ilə başlayır. Rejissor bu proloqla tamaşaçını hadisələrin gedişində birbaşa hissi və əqli cəhətcə iştirak etməyə vadar edir. Aktyor heyəti bu yeddi dəqiqəlik proloqu rejissor istəyi ilə birlikdə, həm də orijinal şəkildə yerinə yetirir.
Bir məqamı da deyim ki, tamaşada aktyorların əksəriyyəti gənclər, yəni gənc teatrın yeni nəfəsli aktyorlarıdır. Veteran sənətkarlarla bir səhnəni paylaşan, tamaşanın əsas yükünü daşıyan aparıcı aktyorlar obrazlarının öhdəsindən gələ biliblər. Bu mənada Ella Yaqubova və Akif Mirabov, Afət Əliyeva, Aydın Quliyev və Şıxı Yaqubovun uğurlu çıxışı gənc aktyorlara stimul vermişdi. E.Yaqubovanın Həcər xanım obrazının daxili aləmini ustalıqla təqdim etməsi sayəsində tamaşaçı həm ananın faciəsinə acıyır, həm də qəhrəmanların yaşantılarına ibrətamiz nəzərlərlə baxmaq imkanı qazanır.
A.Quliyevin Şahbaz bəyi meşşan həyat tərzi keçirən, azğınlaşmış bir bəydir. Artıq qocalıb sağalmaz xəstəliyə düçar olan, buna baxmayaraq bəd əməllərindən yenə də əl çəkməyən miskin qoca aktyorun ifasında maraqlı təəssürat yaradır. Q.İbrahimli Səfi bəy surətini yüksək professionallıqla ifa edir.
Əlimərdan obrazının ifaçısı Ş.Yaqubov haqda xüsusi danışmaq lazımdır. İntiqam xəttinin aparıcı olan bu obrazı aktyor xüsusi çalarla yaradır. O, təkcə intiqamçı deyil, vəfalı, həssas qəlbli bir qardaş və vətən vurğunudur.
Akif Mirabov və Nəsibxan Əliyev isə nurani Piri baba obrazını oynayırlar. A.Mirabov müdrik, N.Əliyev isə emosionaldır. Hər iki aktyor obrazlarını sevdirə bilirlər. Tamaşanın maraqlı cəhətlərindən biri də müasir teatrda pafos və romantik ifadan qaçmağın əksinə olaraq bəzi səhnələrin daxili pafos və romantik ifa olunmasıdır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 6.