Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş konsert

 

Aprelin 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində milli professional musiqimizin və bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə tədbirlər silsiləsindən Bakı Musiqi Akademiyası tələbələrinin konserti keçirildi.

 

Tədbiri mənzil-muzeyin direktoru Rza Bayramov açaraq bildirdi ki, bu il anadan olmasının 130 illiyini qeyd etdiyimiz Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoqictimai xadim kimi xüsusi yer tutur. O, “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub.

Üzeyir bəy Azərbaycanda ilk musiqili komediyanın (“Ər və arvad”), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər musiqi əsərlərinin müəllifidir.

Daha sonra Bakı Musiqi Akademiyasının professorları Oqtay Abbasquliyev, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova və başqaları dahi bəstəkarın musiqimizin təbliği istiqamətində xidmətlərindən, gənc nəslə Azərbaycan və Qərb musiqisinin mənimsədilməsi yolunda fədakar əməyindən söhbət açdılar.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri iştirak edirdilər.

Konsertdə Bakı Musiqi Akademiyasının professorları - Nərminə Quiyeva, Gülnarə Əhmədzadə və Firəngiz Hacıyevanın tələbələri, beynəlxalq müsabiqə laureatları Lalə Məhərrəmova, Aysel Şahbazlı, Nərmin Qasımlı, Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov və başqaları Ü.Hacıbəylinin F.Əmirovun, S.Raxmaninovun, F.Listin, Q.Sviridovun, E.Qriqin əsərlərini ifa etdilər. Konsert alqışlarla qarşılandı.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 5.