Beynəlxalq Uşaq Kitabı Günü sərgi ilə qeyd olunub

 

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında milli uşaq kitabı sərgisinin açılışı keçirildi. Bu il artıq 7-ci dəfə keçirilən ənənəvi tədbir 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuşdu. Sərginin təşkilində əsas məqsəd uşaqları son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır.

 

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova əlamətdar gününün və sərginin əhəmiyyətindən danışdı, uşaqların kitaba olan marağının artırılmasında böyük rol oynadığını bildirdi. Qeyd olundu ki, gənc nəslin tərbiyəsində, onların milli ruhda böyüməsində milli mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edən kitabların mühüm rolu var: “Kitabxanamız hər il bu günü böyük həvəslə qeyd edir. Artıq yeddinci dəfədir təşkil olunan kitab sərgisinin davamlı olaraq keçirilməsində məqsədimiz uşaqların dünyagörüşünün formalaşmasında kitabların əvəzsiz rolunu təbliğ etməkdir. Belə sərgilər uşaqların intellektual inkişafına xidmət edir”.

Sərgidə son illərdə nəşr olunan uşaq ədəbiyyatı nümunələri “Azərbaycan - yurdum mənim”, “Xalq yaradıcılığı paytaxtları - 2015”, “Nağıllar aləmində”, “Gözlə bizi, Qarabağ”, “F.Köçərli adına Respublika Uşaq Kitabxanası - 50” və başqa başlıqlar altında nümayiş olunur. Həmçinin 12-28 iyun tarixində paytaxtımızda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş nəşr və suvenirlər də sərgilənir.

Tədbirdə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyiGöy qurşağı” jurnalı hədiyyə edildi. Sərgi aprelin 5-dək davam edəcək.

Qeyd edək ki, Beynəlxalq Uşaq Kitabı Gününün maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. 1967-ci ildən etibarən danimarkalı yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə əlamətdar gün kimi qeyd olunur. 1953-cü ildə isə uşaq ədəbiyyatı üzrə Nobel mükafatı sayılan Hans Xristian Andersen mükafatı təsis edilib. Mükafat uşaq ədəbiyyatının ən maraqlı əsərlərinin müəlliflərinə, uşaq kitabları üçün illüstrasiya çəkən rəssamlara təqdim olunur.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayıb. 1658-ci ildə Çexiya maarifçi-pedaqoqu Yan Amos Komenski dünyanı uşaqlara anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 4.