Musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri

 

Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə respublikanın tanınmış musiqiçilərinin, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir.

Fevral ayında Bakı və Sumqayıt şəhərlərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi məktəblərinin (43 məktəb) müəllim və şagirdləri üçün tar, kamança, sazviolin ixtisasları üzrə ustad dərsləri keçirilib.

Aprelin 11-də Quba şəhərində Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən rayon uşaq musiqi və incəsənət məktəblərinin, aprelin 22-də isə Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab, habelə Laçın və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.

Dərsləri Bakı Musiqi Akademiyasının professorları - Xalq artisti Ramiz Quliyev və Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Xalq artisti Zabit Nəbizadə və Bülbül adına orta ixtisas musiqi məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova aparacaqlar.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 2.