Türkiyəli media təmsilçilərinin ölkəmizə səfəri başa çatıb

 

Xəbər verdiyimiz kimi, Türkiyə kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olub.

 

Səfərin sonuncu günü MŞ tərəfindən qonaqların şərəfinə qəbul təşkil olunub.

Şuranın sədri Əflatun Amaşov mərasimi media sahəsində əməkdaşlığın iki ölkənin münasibətlərində mühüm yerindən bəhs edib, kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərlərinin ənənə halını aldığını bildirib: “Düşünürəm ki, bu səfər nəticəsində türkiyəli həmkarlarımızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq”.

Milli Məclisin deputatı, MŞ idarə heyətinin üzvüqurumun beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna kimi dəyərləndirib. Bu baxımdan Azərbaycanda səfərdə olan jurnalistlərin qələmə alacaqları materialların mühüm əhəmiyyət daşıyacağına inandığını vurğulayıb.

Türkiyə Qəzetçilər Federasiyasının təmsilçiləri Yılmaz Karaca, İbrahim Erdoğan və digər çıxış edənlər Azərbaycana səfərin məhsuldar keçdiyini bildirərək, ölkəmizin yüksək inkişafından məmnunluqlarını dilə gətiriblər.

Qəbulda Türkiyə media nümayəndələrinə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim edilib. Nümayəndə heyətinin tərkibində Osmanlının dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepekolub. O, Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Türkiyənin «Sabah», «Posta», «Hürriyyət» qəzetləri, Fox, NTV, ATV, Kanal A, CNN TürkAnadolu Agentliyi və digər media qurumlarının təmsilçiləri səfər zamanı Prezident Administrasiyası, Milli Məclis, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində görüşlər keçiriblər, həmçinin I Avropa Oyunlarının keçiriləcəyi idman qurğuları ilə tanış olublar. Qonaqlar Heydər Əliyev Mərkəzində, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində də olub, teleproqramlarda iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 15.