İlk “Molla Nəsrəddin”çi
rəssam
Aprelin 7-də xalqımızın mədəni
həyatında xüsusi mərhələ
təşkil edən “Molla Nəsrəddin”
jurnalının nəşrindən 109 il ötdü.
Nəşrin ilk sayının üz qabığındakı məşhur karikaturanı yəqin ki, çoxları xatırlayır: Azərbaycan türkləri dərin yuxudadır. Bir kişi oyanıb gərnəşir... Bu karikatura jurnalın məşhurlaşmasında böyük rol oynadı. Əsərin müəllifi isə Oskar Şmerlinq idi.
Jurnalın ildönümündə mədəniyyətimizə böyük xidmətlər göstərən ilk “Molla Nəsrəddin”çi rəssam haqqında danışmaq yerinə düşər.
Aydındır ki, jurnalın əməkdaşlarına mövzuları Cəlil Məmmədquluzadə verirdi. Bu baxımdan O.Şmerlinqin “Molla Nəsrəddin”dəki karikaturaları jurnalın başlıca ideyasına çox uyğun idi.
C.Məmmədquluzadənin həyat və yaradıcılığının araşdırıcısı, akademik İsa Həbibbəylinin karikaturaçı O.Şmerlinqlə bağlı tədqiqatları maraq doğurur. Alim araşdırmalarında göstərir ki, rəssamın mənsub olduğu alman ailə XIX əsrin əvvəlində Almaniyadan Rusiyaya, oradan da Qafqaza gələrək burada özlərinə yurd salıb: “Oskar Şmerlinq 1863-cü il iyulun 13-də Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. İlk təhsilini Tiflis Realnı Gimnaziyasında alıb, rus və gürcü dillərini öyrənib. Hələ məktəbli ikən rəssamlığa ciddi maraq göstərən Oskar gimnaziyada çıxardığı “Ağcaqanad” adlı yumoristik divar qəzeti vasitəsilə özünün ilk rəsm və karikaturalarını məktəb ictimaiyyətinə çatdırıb. Həmin illərdə o, rus satirik mətbuatı ilə əlaqə yaradıb”.
1884-cü ildə O.Şmerlinq peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənir. Peterburqda tanınmış fırça ustası Villevaldın sinfində oxuyan Şmerlinq öz üzərində ardıcıl çalışır, akademiya mühitində bacarıqlı tələbələrdən biri olur.
1889-cu ildə akademiyanı
gümüş medalla
bitirir. İki ildən sonra
Almaniyada, Münxen Rəssamlıq Akademiyasında
təhsilini davam etdirir. Akademik İ.Həbibbəyli yazır:
“Şmerlinq burada məşhur alman rəssamı Karl Zammerlə
tanış olur. Professor Fransua Rubonun
sinfində oxuyur.
1893-cü ildə Tiflisə qayıdır, ardıcıl yaradıcılıqla
məşğul olmağa
başlayır”.
Gürcülərin görkəmli rəssamlarından olan Lado Qudeaşvili, Azərbaycanda realist rəssamlıq
sənətinin banisi Bəhruz Kəngərli, habelə tanınmış
rəssamlardan İsmayıl
Axundov, Qəzənfər
Xalıqov, Xəlil Musayev və başqaları O.Şmerlinqin
rəhbərlik etdiyi
(1902-1916) Tiflis Rəssamlıq və Heykəltəraşlıq
Məktəbinin yetirmələri
idilər. O, yalnız
“Molla Nəsrəddin”in
sayəsində görkəmli
karikatura ustası kimi Qafqazda tanınmış,
şöhrət qazanmışdı.
O.Şmerlinq 1906-1917-ci illərdə jurnalın rəssamlığını
bacarıqla yerinə yetirib. “Molla
Nəsrəddin” jurnalının
əsas ideyalarını
gözəl əks etdirdiyindən onun rəsmləri jurnalın üz qabığında verilirdi. Alman olmasına baxmayaraq,
O, Azərbaycan mühitini,
türklərin məişətini
və psixologiyasını
dərindən öyrənmişdi.
C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə
xanım xatirələrində
yazır: “Jurnalın şəkillərinin planını
hazırladıqdan sonra
Mirzə Cəlil Şmerlinqin və Rotterin yanına gedib şəkillərin səciyyəsini onlara izah edirdi. Mirzə Cəlil
Şeytanbazarda yaşayan
tipləri xatırlatmağa
məcbur olurdu. Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə
Cəlili heyran edirdi”.
Rəssamın “Sizi deyib gəlmişəm”, “Niyə
məni döyürsünüz?”,
“Molla Nəsrəddin”,
“İran sərhədindən”,
“Xabi-qəflət”, “Müsəlman
məclisində rus zabiti”, “Məhəmmədəli
şahın Təbrizdən
çıxması” və
digər əsərləri
bənzərsiz sənət
əsərləridir.
O.Şmerlinq həm də Molla Nəsrəddinin bədii obrazının yaradıcısı idi. Rəssam bu
obrazın təkcə
Azərbaycanda deyil, bütün Şərqdə
tanınmasına nail olmuşdu.
Bu cəhəti nəzərə
çatdıran akademik
İ.Həbibbəyli qeyd
edir ki, Şmerlinqin çəkdiyi
Molla Nəsrəddin portreti uzun illər
müxtəlif süjetlərlə
birlikdə ayrı-ayrı
vəziyyətlərdə “Molla Nəsrəddin” jurnalında çap olunub: “Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi
və uzaqgörənliyi
böyük məharətlə
canlandırılıb. Onun rəsmlərində
Molla Nəsrəddinin
daxili aləmi ilə yanaşı, zahiri əlamətləri də milli koloritə,
Şərq adətlərinə
uyğun şəkildə
təsvir edilib. Bir sözlə, türk xalq satirasının baş qəhrəmanı
Molla Nəsrəddinin
portreti alman Oskar Şmerlinqin kəşfidir”.
“Molla Nəsrəddin”də
silsilə karikaturalar yaratmağın da əsasını Şmerlinq
qoyub. “Erməni-müsəlman
münasibətləri”, “Dumaya
seçilmiş millət
vəkilləri” və
başqa karikaturalar onun süjetli karikatura yaratmaq ustalığını üzə
çıxarır. İ.Həbibbəylinin fikrincə, “Mirzə Cəlil və Sabirin mahir qələmi
ilə Şmerlinqin fırçasının birliyi
həm jurnalın uğurlarını müəyyən
edib, həm də geniş anlamda Azərbaycan satira sənətinin şöhrətini yüksəklərə
qaldırıb, onun kütləviliyinə müsbət
təsir göstərib”.
Satirik rəssam
sovet hakimiyyəti illərində də “Molla Nəsrəddin” jurnalı ilə əlaqə saxlayıb. C.Məmmədquluzadə Təbrizdən Bakıya qayıdandan sonra Şmerlinqə müraciət
edərək onu “Molla Nəsrəddin” jurnalında birgə işləməyə çağırıb.
Bu çağırışı
yüksək dəyərləndirən
rəssam Tiflis Rəssamlıq
Akademiyasında çalışdığına
görə 1922-1923-cü illərdə
Bakıya gələ bilməyib. Ədəbiyyatşünas
alim bunun səbəbini həm də Mirzə Cəlilinin 1927-ci ildən
sonrakı durumu ilə əlaqələndirir:
“Artıq böyük
ədibin həyatında
sovet cəmiyyətinə
ümid və inam dövrü başa çatmışdı.
O, İran hökumətinə
qarşı sərt mövqe tutmaqda suçlandırılmış, jurnalın isə guya həyatla ayaqlaşa bilməməsi
barədə fikirlər
yayılmışdı. Az sonra “Molla Nəsrəddin”in ideya xəttinin dəyişdirilməsi, jurnalın
Mübariz Allahsızlar
İttifaqının orqanına
çevrilməsi “yuxarılar”
tərəfindən tövsiyə
olunmuşdu. Bu dönəmdə Mirzə
Cəlil jurnaldan getmək qərarına gəlmişdi. Görünür, ağır duruma düşən Mirzə Cəlilin artıq Bakıya gəlmək istəyən dostu Şmerlinqi onun layiq olduğu səviyyədə qarşılamaq,
yerləşdirmək imkanı
yox idi”.
Uzun illərin
əqidə dostları
Mirzə Cəlil ilə Oskar Şmerlinqin yaradıcılıq əməkdaşlığı
sonralar da davam edib, bundan
isə Azərbaycan mədəniyyəti faydalanıb.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 15.