“Muğam
televiziya müsabiqəsinə böyük maraq var”
Sərdar Fərəcov: “Müsabiqənin növbəti konsertlərinin Füzuli və Ağcabədi rayonlarında keçirilməsi nəzərdə tutulur”
Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan
Mədəniyyət Fondunun layihəsi əsasında,
Azərbaycan Televiziyasının təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən
V muğam televiziya
müsabiqəsi davam edir.
Fevralın 16-dan start götürən müsabiqədə iştirak edən ifaçıların çıxışları hər həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və Mədəniyyət kanalında canlı yayımlanır. Müsabiqədə 20 gənc ifaçı qabiliyyətini nümayiş etdirir. Onların çıxışlarını qiymətləndirən münsiflər heyətinə muğam sənətinin mahir biliciləri, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, eləcə də əməkdar incəsənət xadimləri - bəstəkar Sərdar Fərəcov və müsabiqənin layihə rəhbəri Nadir Axundov daxildir.
Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov müsabiqənin gedişi ilə bağlı suallarımızı cavablandırdı.
- Muğam televiziya müsabiqəsi böyük əks-səda yaradan mədəniyyət layihələrindən biridir. Budəfəki müsabiqədə nə kimi yeniliklər var?
- Əvvəla, onu qeyd edim ki, artıq beşinci dəfə keçirilən müsabiqəyə təkcə respublikamız deyil, dünyada yaşayan soydaşlarımız tərəfindən də böyük maraq var. Yeniliklərə gəlincə, muğam sənətində hər ifaçı özü bir aləmdir və muğamı özü düşündüyü tərzdə təqdim edir. Eyni müəllimin tələbələri olan müsabiqə iştirakçıları belə öz ifaları ilə seçilirlər. Ona görə də müsabiqədə yeniliklər hər zaman olur. İştirakçılar özləri müsabiqəyə yeni bir düşüncə və ifa ilə qatılırlar. İndi ola bilər ki, bir iştirakçı tamaşaçılar tərəfindən çox bəyənilsin, biri az, digəri finala qədər gəlib çata bilsin. Mənim üçün xoşdur ki, gənclərimiz muğam sənətinə bu qədər bağlanır, ona maraq göstərirlər.
- Dinləyicilərin müsabiqəyə öz yanaşmaları var...
- Bəli, dinləyicilər də müsabiqədən
böyük zövq
alırlar. Onların sırasında hər yaşdan insanlar var. Üç saat ərzində yayımlanan
müsabiqə axşamları
insanlara fərəh bəxş edirsə, insanlar həftədə iki dəfə bunu maraqla gözləyirlərsə,
demək, müsabiqə
əsl hadisəyə
çevrilə bilib.
- İfa üçün qəzəllərin seçimi,
bədii nümunələrin
düzgün tələffüzü
də zəruri məsələlərdən biridir...
- Artıq Milli Konservatoriyada Şərq ədəbiyyatını, poeziyanı
təbliğ edən kafedra fəaliyyət göstərir və yetərincə mütəxəssis
var. Buna görə də
orada muğam təhsili alan
müsabiqə iştirakçısı
üçün bu məsələ həll edilmiş sayılır. Nəzərə alsaq ki, müsabiqədə gözəl
səsi və istedadı olan, amma təhsili olmayan gənclər də iştirak edir, bu baxımdan
onlar da müəyyən vaxta qədər uğurla çıxış etdilər.
Əlbəttə, bazası möhkəm
olanlar finala qədər gəlib çatacaqlar. Gənclər
əgər müsabiqəyə
qatılmağı düşünürlərsə,
bir il
və daha çox müddətə
hazırlaşmalı, ustadlara
müraciət etməlidirlər.
O cümlədən qəzəliyyatı,
düzgün tələffüzü
də mənimsəməlidirlər.
- Hazırda müsabiqə hansı mərhələdədir?
- İki aya yaxındır ki, müsabiqə yayımlanır,
mayın sonuna kimi tamamlanacaq. Hər həftə
bir nəfər müsabiqəni tərk edir. Artıq 6 iştirakçı ilə yollarımız ayrılıb. Bölgələrdə də tamaşaçılar
bizi gözləyir.
Paytaxt tamaşaçısından fərqli
olaraq onların imkanları daha məhduddur. Buna görə də müsabiqənin növbəti
konsertlərinin Füzuli
və Ağcabədi rayonlarında keçirilməsi
nəzərdə tutulur.
- Münsiflər heyətinin
üzvü kimi ifaçıları qiymətləndirərkən
çətinlik çəkmirsiniz
ki?
- Bəzən, həqiqətən
də, qiymətləndirmək
çox çətin
olur. Məsələn, ifaçı gözəl
oxuyur, amma sözləri aydın tələffüz etmir.
Onun səsinə yüksək
qiymət versək də, həmin qüsuru da mütləq qeyd etməliyik. Buna bənzər hallar çox olur. Bir sözlə, obyektiv olmağa çalışırıq.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 12.