Muzey sərvətlərinə yeni həyat verilir

 

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində müxtəlif muzeylərdən gətirilmiş eksponatlar bərpa edilir. Son aylarda burada Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Əzim Əzimzadə və Üzeyir Hacıbəylinin ev-muzeyləri, habelə Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı və digər bölgələrin tarix-diyarşünaslıq və ev-muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız və s. 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunub və olunmaqdadır.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar bərpaçılar 100-dən çox muzey əşyasını müvəffəqiyyətlə bərpa ediblər. Hazırda Əzim Əzimzadənin ev-muzeyi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar bərpa və konservasiya işləri aparılır. Əşyaların bərpa və konservasiya olunması məqsədilə mərkəzə AğsuYevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə müraciət edilib. Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün mərkəzə gətirilib.

Aprelin 1-də mərkəzdə elmi bərpa şurasının növbəti iclası keçirilib. İclas zamanı Astara, Yevlax, Ağsu, Masallı tarix-diyarşünaslıq muzeylərindən, eləcə də Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Sabit Rəhmanın və Əzim Əzimzadənin ev-muzeylərindən bərpa və konservasiya üçün daxil olmuş əşyaların bir qisminə baxış keçirilib, bərpa üsulları müzakirə edilib. Eyni zamanda Üzeyir Hacıbəylinin ev-muzeyinə məxsus 15 ədəd sənədin bərpadan sonrakı vəziyyəti müzakirə edilərək bərpa səviyyəsi yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 8.