“AİTF sərgisi
bizi yenə heyrətləndirdi”
İştirakçılar təəssüratlarını qəzetimizlə bölüşdülər
Aprelin 2-dən 4-dək Bakı Expo Mərkəzində
keçirilən 14-cü Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində
(“AİTF-2015”) 42 ölkədən 371 şirkət, hotel, istirahət və müalicəvi turizm mərkəzi təmsil olunurdu.
17 ölkə sərgiyə öz milli stendi ilə
qatılmışdı.
Ekspozisiyada ölkəmizin turizm
imkanlarının təqdimatına da geniş yer
ayrılmışdı. Sərgi
iştirakçılarının bir
neçəsi təəssüratlarını qəzetimizlə
bölüşdülər.
Elvira Gehl (İsveçrənin «Open Up Travel» şirkətinin Avropa və Amerika ölkələri üzrə meneceri):
- Biz «AİTF» sərgisinin veteranları sayılırıq. Bu sərgi fəaliyyətə başladığı ildən onun daimi iştirakçısıyıq. Təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, bu, iştirakçısı olduğum sərgilər arasında ən peşəkar və yaxşı təşkil olunmuş sərgilərdən biridir. Buna görə təşkilatçılara öz minnətdarlığımı bildirirəm.
Şirkətimiz İsveçrədə rusdilli turistləri qəbul edən ən təcrübəli turoperatorlardan biridir. Son vaxtlar azərbaycanlı turistlər də İsveçrəyə böyük maraq göstərirlər. Məqsədimiz bütün arzu edənlər üçün bu gözəl ölkə boyu səyahətlər təşkil etməkdir. «Open Up Travel» şirkəti turoperator kimi Avstriya, Almaniya, Fransa, İtaliya, Çin və Meksika kimi ölkələrlə də əməkdaşlıq edir.
Gülbuta Babayeva (Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri):
- Azərbaycanda bütün mineral su bulaqlarının 60%-dən çoxu Naxçıvanda cəmləşib. Muxtar respublika əsrlər boyu insanlara sağlamlıq bəxş edən təbii sərvətləri ilə məşhurdur. Stendimizin qonaqlarına bölgənin bu sahə üzrə imkanları barədə məlumat veririk. «Duzdağ» fizioterapiya mərkəzi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da çox məşhurdur. Zəvvar turizmi də bizim üçün az əhəmiyyət kəsb etmir. Dünyanın hər yerindən zəvvarları cəlb edən dini-mədəni abidələr kompleksi - «Əshabi-Kəhf» İlandağ və Nəhəcir dağları arasında, təbii mağarada yerləşir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə Xatun məqbərəsi orta əsrlər memarlığının şah əsəri hesab olunur. Naxçıvanda mədəni-tarixi turizmin inkişafı üçün geniş imkanlar yaradan ümumilikdə 1200-dən çox tarixi abidə və 29 muzey var.
Fərşad Bexafarin (İranın Turizm, Mədəni İrs və Sənətkarlıq Təşkilatında peşə bölməsinin təmsilçisi):
- Ölkəmizin zənginliyini hər kəsə nümayiş etdirmək üçün «AİTF- 2015» sərgisinə qatılmışıq. Stendimizdə əhalisi əsasən azərbaycanlılardan ibarət olan və mərkəzi Təbriz şəhəri sayılan şimal-şərqi İranın gəzməli-görməli yerləri barədə geniş məlumat verilir. Təbrizdə bir sıra mədəni, təbii və tarixi abidələr var. Bu bölgə öz milli sənətkarlıq sahələri, ədviyyatları, habelə müalicəvi otları və gözəl xalçaları ilə məşhurdur. Təbrizdəki qədim qapalı bazar 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Regionumuzun turizm baxımından cazibədarlığı onun gözəl təbiəti və ekologiyası ilə də bağlıdır. Dağ turizmi və alpinizm inkişaf edir, velosiped marşrutları və at belində səyahət get-gedə daha da məşhurlaşır. Burada regionumuzun tibbi turizm sektorunu da təqdim edirik. Bölgəmizdə “Sareyn” kurortu isti bulaqları ilə məşhurdur. Şimali İranın ən məşhur gəzməli-görməli yeri duzlu Urmiya gölüdür. Bu göl də UNESCO-nun dünya irs siyahısına daxildir.
Xayrul İzvan Mohd Esa («Tourism Malaysiya» şirkətinin direktor köməkçisi):
- Bakı sərgisi mənim İstanbulda və ya Moskvada iştirak etdiyim analoji tədbirlərlə müqayisədə daha dolğun və maraqlı keçir. Ötən il biz «AİTF-2014» sərgisində milli stendlə çıxış edirdik və qeyd etməliyəm ki, sərginin nəticələrindən razı qalmışıq. Azərbaycanlı turistlər Malayziyanın öz qonaqlarına təklif etdiyi imkanlarla yaxından maraqlanırlar. Bu, heyrətamiz təzadlar ölkəsidir - nəhəng göydələnlərin yanında dirəklərin üzərində inşa edilmiş kiçik evlər, beşulduzlu hotellərin yanında qədim qayalıqlar ucalır. Dağ sərinliyini isti qumsal çimərliklər və tropik meşələri əvəz edir. Bu il Malayziyada «Festivallar ili» elan edilib və bu baxımdan 2015-ci il bizim üçün parlaq tədbirlər və rəngarəng bayramlarla yadda qalacaq.
Rodolfo Milesi (Argentinanın
«Branding Latin America Group» şirkətinin rəhbəri):
- «AİTF» sərgisində ikinci dəfə iştirak edirik. Belə sərgilər
Argentina ilə Azərbaycan
arasında turizm əlaqələrini daha da genişləndirəcək.
Müasir Bakı və
ölkənizin qədim
tarixə malik olması argentinalılarda
böyük maraq yaradıb. Biz argentinalı turistlərin
bu ecazkar diyarı yaxından tanıması üçün
lazımi işlər
görməliyik. Bunun üçün
də bu sərgini mən bir fürsət kimi dəyərləndirirəm.
Sərgi çərçivəsində azərbaycanlı həmkarlarımızla
mühüm görüşlərimiz
nəzərdə tutulub.
Anastasiya
Skrınnikova (Slovakiyanın
«Gold SPA Turçianskie Teplitse»
müalicə kurortunun
satış üzrə
meneceri):
- AİTF
sərgisində ilk dəfə
iştirak edirik. Sərgi çox yüksək səviyyədə təşkil
olunub və bizi yaxşı mənada heyrətləndirdi.
«Qızıl kurort» da adlandırılan
«Turçian» Avropanın
ilk və ən məşhur turizm mərkəzlərindən biridir
və termal mineral bulağın yanında yerləşir. Stendimizdə «Turçian» istisu kurort mərkəzi, yerli mineral suların müalicəvi xüsusiyyətləri,
habelə burada keçirilən proseduralar
barədə ətraflı
məlumat verilir.
Biz istəyirik ki, bizim mərkəzi
daha çox sayda azərbaycanlı ziyarət etsin. Həmçinin Azərbaycanın turizm təşkilatları
ilə əməkdaşlıq
əlaqələri qurmaq
niyyətindəyik.
Nuriye Küreci («Adenya Hotels &
Resort» hotelinin (Türkiyə,
Alanya) inzibatçı
köməkçisi):
- Bu, bizim Bakıdakı turizm sərgisində ilk iştirakımızdır. Məqsədimiz «Adenya» hoteli barədə geniş auditoriyaya məlumat verməkdir. Beşulduzlu kurort
kompleksi olan «Adenya Hotels & Resort» dəbdəbəli
interyeri və ekzotik dizaynı ilə seçilməklə
yanaşı, gözəl
istirahət arzusunda olanlar üçün ideal
məkandır. Kompleksin
özəlliyi onun islam dininin
tələblərinə uyğun
olaraq fəaliyyət göstərməsidir. Kompleks Alanya
şəhərində, Aralıq
dənizi sahilindəki
kiçik yarımadada
yerləşir. Açıq
havada yerləşən
və qapalı üzgüçülük hovuzları,
habelə kişi
və qadın sektoruna bölünmüş
çimərlik zonası
qonaqlarımızın ixtiyarındadır.
Qonaqlara hotelin restoranlarında İslam dininin tələblərinə uyğun
olaraq hazırlanmış
geniş çeşidli
yeməklər təklif
olunur. Sərginin ilk günü xeyli
sayda görüş keçirdik və hotelimizə böyük maraq olduğunu müşahidə etdik.
Sevindirici haldır ki,
təkliflərimiz fərdi
istirahətin tərəfdarı
olan sərgi ziyarətçiləri və
azərbaycanlı turistlər
tərəfindən müsbət
qarşılanır.
F.Abdullayeva
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 7.