Azərbaycanın Almaniyada təbliğatı genişləndiriləcək

 

Mədəniyyət və turizm naziri «Aviareps Tourism GmbH» şirkətinin baş meneceri ilə görüşüb

 

Aprelin 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 14-cü Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisinin (AİTF-2015) keçirildiyi Bakı Ekspo Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan «Aviareps Tourism GmbH» şirkətinin baş meneceri Gevers Jurgen və şirkətin əməkdaşları ilə görüşüb.

Görüş zamanı Gevers Jurgen nazirliyin Almaniyada turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər, Azərbaycanın turizm imkanlarının bu ölkədə təbliğ edilməsi məqsədilə həyata keçirilən layihələr barədə nazirə məlumat verib.

Şirkət rəhbəri bildirib ki, almanlar Azərbaycanın turizm imkanları, hotel və istirahət mərkəzləri, mədəni irs nümunələri, xüsusilə vaxtilə alman koloniyalarının məskunlaşdığı Göygöl rayonu, Siemens qardaşlarının fəaliyyət göstərdiyi Gədəbəy rayonu, bu bölgələrdəki alman tarixi izləri ilə yaxından maraqlanırlar. Gevers Jurgen Azərbaycanın Almaniyada təbliğatının daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Görüşdən sonra «Aviareps Tourism GmbH» şirkətinin nümayəndələri tərəfindən Azərbaycanda fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin əməkdaşları üçün Almaniya turizm bazarı haqqında təqdimat seminar keçirilib. Seminarda «SW travel», «ENC Tours», «Geo Travel», «Regea Travel», «Turizm.az», «The Tour», «İmprotex Travel», «Victory Tour», «Gilan Tourism», «Greenwich Travel», «Millenium Tourism and Congress» şirkətlərinin «Kempinski Badamdar», «Hilton Baku», «Four Seasons Baku», «JW Marriott», «Fairmont Baku», «Hyatt Regency Baku», «Park İnn», «Holiday İnn», «Jumeirah Bilgah Beach» mehmanxanalarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, «Aviareps Tourism GmbH» şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirir.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 7.