Üzeyir Hacıbəylinin milli
lad sistemi musiqi tədrisində
Gənc
musiqiçi və ifaçıların respublika
festivalı
Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA)
“Üzeyir Hacıbəylinin
milli lad sistemi gənc musiqiçilərin
tədris repertuarında”
mövzusunda I respublika
festivalının açılışı
olub. Festival
dahi bəstəkarın
anadan olmasının
130, BMA-nın 95 və
akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.
Açılışda əvvəlcə Üzeyir
bəyin “Bayatı-Şiraz”
ladında bəstələdiyi
Azərbaycan Dövlət
himni orqanın müşayiəti və
BMA-nın məktəb-studiyasının
birləşmiş xorunun
ifasında səsləndirilib.
BMA-nın rektoru,
SSRİ və Azərbaycanın
Xalq artisti, festivalın münsiflər
heyətinin sədri Fərhad Bədəlbəyli
iştirakçıları salamlayıb, festivalın məramı barədə
danışıb. Qeyd edib ki, festivalla
əlaqədar Əməkdar
incəsənət xadimi,
professor Tərlan Seyidov tərəfindən
adaptasiya olunmuş və musiqi məktəbləri şagirdləri
üçün nəzərdə
tutulmuş Üzeyir Hacıbəylinin “Azərbaycan
xalq musiqisinin əsasları” adlı dərs vəsaiti nəşr olunub. Bundan sonra şagirdlər 1-ci sinifdən başlayaraq Avropa major-minor lad sistemi ilə yanaşı Azərbaycan xalq musiqisinin əsaslarını
öyrənəcəklər.
Milli Məclis sədrinin müavini Bahar Muradova belə bir mərasimində iştirakından məmnunluğunu
bildirib: “Bu gözəl
musiqi məbədində
dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin
ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Mən düşünürəm
ki, bu ruhlar
şaddır. Çünki bu festivalda iştirak
edən uşaqlar milli musiqimizi dərindən öyrənərək
onu beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.
Vitse-spiker festivalın əhəmiyyətini
və Üzeyir Hacıbəylinin əsasını
qoyduğu milli lad sisteminin tədrisinin vacibliyini vurğulayıb.
Festivalın mədəniyyət, musiqi
tariximiz üçün
əlamətdar yubileylərə
həsr edildiyini söyləyən təhsil
nazirinin müavini Firudin Qurbanov iştirakçılara uğurlar
arzulayıb. Ölkəmizdə
mədəni irsin qorunması istiqamətində
görülən işlərdən
söz açan nazir müavini deyib ki, bu
gün Azərbaycanda milli musiqimizin inkişafı və təbliği istiqamətində
Prezident İlham Əliyevin təşəbbüsü
və dəstəyi ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən mühüm
layihələr reallaşdırılır.
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Xalq artisti Ramiz
Quliyev musiqi sənətinin inkişafında
elmi-tədqiqat işlərinin
və musiqi nəzəriyyəsinin böyük
rolundan danışıblar.
Çıxışlarda qeyd
olunub ki, gənc nəsildə Azərbaycan musiqisinin incəliklərinin öyrədilməsi
istiqamətində BMA-nın
nəzdindəki məktəb-studiyanın
əvəzsiz rolu var.
Məktəb-studiyanın direktoru,
festival layihəsinin bədii
rəhbəri, professor Seyidovun
bu işdə böyük əməyi
var.
Festivalın ilk günü xor nominasiyasında Bakı, Sumqayıt, Ağcabədi
musiqi məktəbləri
kollektivlərinin çıxışları
olub. Çıxışları
SSRİ və Azərbaycanın
Xalq artisti, professor Fidan Qasımova, Xalq artisti, professor Gülbacı İmanova və digər nüfuzlu münsiflər qiymətləndirib. Laureat
adına Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin xoru (xormeyster Z.Nurullayeva), Cövdət Hacıyev adına 3 ¹-li uşaq musiqi məktəbinin “Renessans” xoru (bədii rəhbər M.Orucova, xormeyster N.Səmədova),
Sumqayıt şəhər
Bülbül adına
2 saylı uşaq incəsənət məktəbinin
xoru (xormeyster F.Xəlilova), Ağcabədi
şəhər uşaq
musiqi məktəbinin
xoru (xormeyster M.Əliyeva) layiq görülüblər.
Aprelin 10-dək davam
edəcək festivalda
bəstəkarlıq, xor,
fortepiano, vokal, xalq
instrumental musiqi ifaçılığı
və başqa nominasiyalar üzrə iştirakçıların çıxışları
da qiymətləndiriləcək. Festivala paytaxtla
yanaşı, Gəncə,
Ağdaş, Ağsu,
Ağdam, Bərdə,
Neftçala və digər regionlardan gənc musiqiçi və ifaçılar qatılıb.
Mədəniyyət.- 2015.- 8 aprel.- S. 6.