“İşıqlanan
yaddaş” - o
taydakı tariximizdən
Aprelin 3-də Azərbaycan İstiqlal Muzeyində “İşıqlanan yaddaş” adlı tədbir keçirildi.
Tədbir 1945-ci ildə Cənubi Azərbaycandakı
“21 Azər” milli-azadlıq hərəkatının fəal
iştirakçısı, Azərbaycan Demokratik
Partiyasının yaradıcılarından biri
və milli hökumətin müdafiə naziri olmuş general Cəfər Kavianın 120 illik yubileyinə həsr edilmişdi.
Mərasimi muzeyin direktoru Fəridə Şəmsi açaraq Cəfər Kavianın həyat yoluna nəzər saldı. Bildirdi ki, C.Kavianın muzeyin ekspozisiyasında yer alan şəxsi əşyaları ilk dəfə nümayiş olunur.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat katibi Sərvan Kərimov və başqaları çıxış edərək C.Kavianın mübarizə dolu ömür yolundan, vətənpərvərliyindən geniş söz açdılar. Bildirildi ki, xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçib.
Generalın oğlu Marks Kavian atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Sonda tədbir iştirakçıları C.Kaviana həsr olunmuş sərgi ilə tanış oldular. Muzeyin ekspozisiyasında onun şəxsi əşyaları, hərbi geyimləri, fotoşəkilləri, sənədləri nümayiş olunur. Sərgilənən əşyalar sırasında vaxtilə ona verilmiş “Səttarxan” ordeni, “21 Azər” medalı, qılıncı da var. Bu əşyalar M.Kavian tərəfindən daimi mühafizə edilmək üçün muzeyə təhvil verilib.
Qeyd edək ki, C.Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Salaxan kəndində anadan olub. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının aparıcı simalarından olub. Milli hökumət onun xidmətlərini yüksək qiymətləndirib. Milli hökumətin rəhbəri Seyd Cəfər Pişəvərinin imzası ilə “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunub. Cənubi Azərbaycan milli hökumətinin süqutundan sonra C.Kavian Şimali Azərbaycana gəlib. O, 1975-ci ildə vəfat edib, Bakıda dəfn olunub.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 6.