Türk Dünyası Musiqi Tədrisi Birliyi quruldu

 

Ankarada TÜRKSOY və MÜZED (Musiqi Tədrisçiləri Dərnəyi) təşkilatlarının iştirakı ilə Türk Dünyası Musiqi Tədrisi Birliyi təsis edilib. Bu barədə qərar TÜRKSOY-un təşəbbüsü ilə keçirilən türk dünyasının musiqi təhsili üzrə ali məktəb rektorlarının toplantısında qəbul olunub.

 

TÜRKSOY-un mənzil-qərargahında təşkil olunan toplantıda çıxış edən qurumun baş katibi Düsen Kaseinov, Abant İzzət Baysal Universitetinin rektoru Hayrı Coşkun açılış nitqində türk xalqları arasında musiqi təhsili sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi türk dünyasının musiqi təhsili verən ali qurumlarının növbəti toplantılarından birinin Bakıda keçirilməsini təklif edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağında “Türk xalqlarının musiqisi” fənninin tədris olunduğunu diqqətə çatdırıb, bu təcrübənin digər ölkələrdə də tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Toplantıda Qazaxıstan, Qırğızıstan, Tatarıstan təmsilçiləri də çıxış ediblər. Çıxışlarda qurumun yaradılmasının türk xalqları arasında musiqi təhsili sahəsində əlaqələrin daha da inkişafına təkan verəcəyi bildirilib.

Sonra toplantı iştirakçıları Türk Dünyası Musiqi Tədrisi Birliyinin yaradılması haqqında bəyannaməni imzalayıblar. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yeni yaradılan birliyin sədri seçilib. Abant İzzət Baysal Universitetinin incəsənət departamentinin rəhbəri və MÜZED-in beynəlxalq əlaqələr üzrə məsulu, professor Uğur Alpagut qurumun katibi olacaq. Birliyin idarə heyətində hər ölkədən rektor səviyyəsində bir nəfər yer alacaq.

Toplantının bədii hissəsində Türkiyə Radio Televiziya Qurumunun (TRT) böyük xorunun və azərbaycanlı sənətçi Elnarə Kərimovanın bədii rəhbəri və baş dirijoru olduğuOrfeonkamera xorunun ifasında konsert proqramı təqdim olunub.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 4.