Xalq artisti Nəriman
Məmmədovla vida mərasimi keçirildi
Aprelin 7-də Bakı Musiqi
Akademiyasında bəstəkar,
Xalq artisti, Prezident təqaüdçüsü,
professor Nəriman Məmmədovla vida mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə ağır
itki üz verdiyini, milli bəstəkarlıq məktəbinin
tanınmış nümayəndələrindən
olan Nəriman Həbib oğlu Məmmədovun aprelin
6-da, ömrünün 88-ci ilində vəfat etdiyini bildirdi. Nazir sənətkarın ömür
yolundan, yaradıcılıq
axtarışlarından, bəstələdiyi
musiqilərdən, pedaqoji
fəaliyyətindən söz
açdı.
Bildirildi
ki, Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də
Naxçıvan şəhərində
anadan olub. İlk musiqi təhsilini şəhərdəki
uşaq musiqi məktəbinin tar sinfində
aldıqdan sonra A.Zeynallı adına
Bakı Musiqi Texnikumunun nəzəriyyə
şöbəsinə daxil
olub. Burada muğam bilicisi,
mahir tarzən Əhməd Bakıxanovdan
muğamın sirlərini
öyrənib. Sonra
Azərbaycan Dövlət
Konservatoriyasında (indiki
də Bakı Musiqi Akademiyası) təhsilini davam etdirib, 1956-cı ildə nəzəriyyə şöbəsində
görkəmli pedaqoq Nikolay Çumakovun sinfini, 1961-ci ildə isə bəstəkarlıq
üzrə professor Cövdət
Hacıyevin sinfini bitirib.
Bəstəkarın yaradıcılığından söz açan nazir bildirdi ki, onun Xalq
şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri
əsasında yazdığı
“Humay” baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
uğurla səhnəyə
qoyulub və müəllifinə şöhrət
gətirib. Sənətkarın
musiqili səhnə əsərləri içərisində
Tofiq Bakıxanovla birgə yazdığı
3 musiqili komediyası
(“Altı qızın
biri Pəri”, “Qız görüşə
tələsir”, “Məmmədəli
kurorta gedir”) tamaşaçıların rəğbətini
qazanıb.
Nəriman Məmmədovun əsərləri
sırasında Hüseyn
Cavidə həsr olunmuş IV simfoniya, Xocalı faciəsinə həsr olunmuş VII simfoniya və “Fərhad və Şirin” simfonik poemasını da xüsusi qeyd etmək lazımdır. Bəstəkarın yaradıcılığında mahnı və romanslar da xüsusi
yer tutur. “Xumar baxışlar”, “Kaş səni görməyəydim”, “Sənin
eşqin” və s. lirik mahnılar səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.
Qeyd olundu ki, bəstəkarlıqla yanaşı, Nəriman Məmmədov folklorşünaslıq
sahəsində də
diqqətəlayiq xidmətləri
olan musiqiçi kimi tanınıb. O, 40 ildən
artıq muğamlarımızın
not yazısı və
tədqiqi ilə məşğul olub.
Nazir Nəriman
Məmmədovun pedaqoji
fəaliyyətindən də
söz açdı. Bildirdi ki, bəstəkar uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında çalışıb, akademiyanın
“Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının
professoru kimi fəaliyyət göstərib.
Musiqi sənəti sahəsindəki
xidmətlərinə görə
Nəriman Məmmədov
1974-cü ildə Naxçıvan
MR-in Əməkdar incəsənət
xadimi, 1982-ci ildə Azərbaycanın Əməkdar
incəsənət xadimi,
2000-ci ildə isə Xalq artisti fəxri
adlarına layiq görülüb. Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə Nəriman Məmmədovu səmimi insan, gözəl pedaqoq və bənzərsiz bəstəkar kimi xarakterizə etdi: “O, Bəstəkarlar İttifaqının
ən fəal üzvlərindən idi. Çeşidli yaradıcılığı ictimaiyyət tərəfindən
maraqla qarşılanıb.
Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”.
Prezident təqaüdçüsü, şair
Ramiz Muxtar qeyd etdi ki,
Nəriman Məmmədovun
yaşı 80-ni keçsə
də, daim yazıb-yaradırdı.
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunun direktoru,
akademiyanın müxbir
üzvü Ərtegin
Salamzadə bildirdi ki, Nəriman Məmmədovun klassik irsin tədqiqində, qorunmasında və onun gənc nəslə çatdırılmasında
xidmətləri çox
olub.
Bəstəkarın ailəsi adından çıxış edən
yaxın qohumu, Bakı Dövlət Universitetinin professoru Əli Əhmədov mərasim iştirakçılarına
öz dərin təşəkkürünü bildirdi.
Sonra görkəmli
bəstəkarın cənazəsi
son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda
torpağa tapşırıldı.
Allah rəhmət eləsin.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 4.