70 yaşlı “Arşın mal alan”
Ötən illərin filmləri
Kino salnaməmizin incisi
Dahi bəstəkar Üzeyir
Hacıbəyli 1913-cü ildə
yazdığı “Arşın
mal alan” operettasının həm teatr səhnələrində,
həm də kino ekranlarında möhtəşəm sənət
tarixi var. 1945-ci ildə
Bakı kinostudiyasında
ərsəyə gələn
film bu sırada xüsusi yer tutur. Kino salnaməmizin incisi olan, onlarla
dilə dublyaj olunan, 100-dən çox ölkədə nümayiş
etdirilən filmin 70 illiyi ilə bağlı tarixə nəzər salmaq qərarına gəldik. Bu vəsilə ilə
eyni zamanda milli kinematoqrafiyamızın
dəyərli nümunələri
sayılan yubilyar filmlərimizlə bağlı
silsilə yazılara başlayırıq. Beləliklə,
“Ötən illərin
filmləri” silsiləsindən
ilk olaraq 70 yaşlı
“Arşın mal alan”dan söz açacağıq.
İnqilabdan əvvəlki həyatı
işıqlı dövr
kimi göstərən
film
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin fikrincə, bu filmin sovet
kinosunda çox böyük rolu olub. Düzdür, Üzeyir bəyin
məşhur operettası
SSRİ-də ekranlaşdırılmazdan
öncə ermənilər
Amerikada buna cəhd etmişdilər.
Təbii
ki, bəlli xislətlərinə uyğun
olaraq heç bir yerdə dahi bəstəkarı adını çəkməmişdilər.
Bundan xəbər tutan Üzeyir bəy respublikanın rəhbəri Mircəfər
Bağırovun razılığı
ilə Stalinə məktub yazır və “Arşın mal alan” filminin
çəkilməsinə icazə
istəyir. Nəhayət, film çəkilir və dünya kino ictimaiyyəti əsərin həqiqi müəllifini tanıyır.
Kinoşünasın sözlərinə görə,
sovet tarixini bilən hər bir insan üçün
bu film çox təəccüblü görünə
bilər. Çünki “Arşın mala alan”
sovet kino tarixində yeganə film idi ki, orada
1917-ci ilin Oktyabr inqilabından əvvəlki
həyat sinfi mübarizələrlə dolu,
faciəvi həyat kimi deyil, xoşbəxt
bir dünya kimi əks olunub.
Filmdə zadəgan, yeni
burjuaziya və yoxsul təbəqə təsvir edilib. Bunlar arasında heç bir ziddiyyət yoxdur və film boyunca hər üç təbəqə
vəhdət təşkil
edir. Üzeyir bəy də
milləti bütöv
görmək istəyirdi.
Filmin finalında fərqli zümrələrdən olan
insanların dörd
toy mərasiminin eyni vaxtda keçirilməsi bu vəhdətin təcəssümü idi.
Həmsöhbətim deyir ki, film bədii şurada böyük qalmaqal yaratmışdı, ekran əsərini qadağan etmək istəyirdilər. Söz-söhbət o qədər böyümüşdü
ki, dünya kinosunun dahilərindən sayılan rejissor Sergey Eyzenşteyn film haqqında
məqalə yazmışdı.
Mən bu məqaləni AMEA-nın Əlyazmalar İnstitutunun fondundan tapıb dərc etdirmişdim. Bu mövzuda Mixail Rommun və Eyzenşteynin xatirələri
var. Bu xatirələr bir-biri
ilə ziddiyyət təşkil edir. M.Rommun xatirələrinə görə,
Eyzenşteyn filmi bəyənmirdi və guya bədii şurada filmin estetikasını XX əsrin
əvvəlində Osmanlı
meyxanalarının estetikasına
bənzətmişdi. Amma Eyzenşteynin xatirələrində
biz onun filmi müdafiə etdiyini görürük. O, filmin
xoşbəxt sonluqla bitməsini dəstəkləyir.
Bəlkə də filmə
baxan hər kəs ani olaraq
həmin dövrdə
yaşamaq istəyir.
Bu da filmin
məhz xoşbəxt
sonluqla bitməsi səbəbindəndir. O, deyirdi
ki, film “Romeo və Cülyetta” kimi faciəvi sonluqla bitə bilməz. Film Şərq üçün
ənənəvi bir süjetdir.
Eyzenşteyn isə öz xatirələrində yazır:
“Bədii şurada yoldaş R. filmi sosioloji aspektdən atəşə tutub. O, filmin qəhrəmanlarının
1910-1911-ci illərin cavan
tacirləri olduğuna
və filmdə burjuaziya dövrünün
ikrah doğurmadığı
bir şəkildə təsvir edildiyinə görə tənqid edib. Söhbət bütün Şərq
aləminin hər xırda detalına qədər bələd olduğu operettanın ekranlaşdırılmasından gedir. Odur ki, bu məşhur süjetin finalını dəyişib
faciəvi etmək
“Romeo və Cülyetta”ya
xoşbəxt final yaratmağa
bənzəyərdi. Bədii şurada
yoldaş O. da filmin tərtibatındakı
zövqsüzlüyü atəşə
tutaraq filmin əleyhinə çıxış
etdi. Çıxışçılar ekranda görmək
istədikləri, ancaq
görə bilmədikləri
Şərqin gözəlliklərindən
danışdılar. Məncə, onlar öz iradlarında
haqsızdırlar. Qoyun
dərisindən olan papaqla uzlaşan qara frak, avropasayağı
şlyapa ilə uzlaşan ağ
kostyumun fonunda qara qafqazlı bığları, Sandunov hamamı zövqündə
zal - bütün bunlar quruluşçu rejissor zövqünün çatışmazlığı deyil, 1910-cu illərdə Bakı ticarət mühitinin əsl obrazıdır. Hücumlar daha çox
artistlərin ifa tərzinə qarşı
yönəlib. Amma Şərq
aktyorunun ifa tərzindəki ənənəviliyi
nəzərə alsaq,
bunu çox mühakimə etmək ciddi olmazdı. “Arşın mal alan”da
musiqini bütünlüklə
duya bilirik. Aktyorların
ifa tərzinə gəldikdə isə bizə şərti görünən ifa tərzi Şərq üçün şərti
deyil, təbiidir.
Forma etibarilə milli, özünəməxsus
bu filmi bizim ölçülərlə
mühakimə etmək
dibindən yanlışdır”.
“Kadrlarda gözə dəyən nə varsa, hamısı təbiidir”
Əməkdar incəsənət xadimi,
tanınmış kino
tədqiqatçısı Aydın Kazımzadə “Arşın mal alan”
filminin ilk dəfə
hələ 1916-cı ildə
ekranlaşdırıldığını
deyir. Onun sözlərinə görə,
rejissor Boris Svetlov operettanın tamaşasına
baxdıqdan sonra eyniadlı film çəkmək
qərarına gəlib
və səhnə əsərində rol alan aktyorların
hamısını çəkilişə
dəvət edib. Amma həmin film uğursuz alınmışdı və
Üzeyir bəy də onu bəyənməmişdi.
Bu əsərin ekran təcəssümü
ilə qazanılan gerçək uğuru
1945-ci ildə ekranlaşdırılan
film oldu. Filmin ssenari
müəllifi Sabit Rəhman, rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla
parlaq realist kinokomediya
yarada bildilər.
Filmin ekranlara çıxdığı
1945-ci ildə ona 16 milyon tamaşaçı baxıb. Ekran əsərinin möhtəşəm
uğur qazandığını
və böyük gəlir gətirdiyini görən “Soveksportfilm” dövlət təşkilatı
20 ildən sonra C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasına
“Arşın mal alan”ın
yeni, rəngli, genişekranlı variantını
istehsal etməyi sifariş verir. Beləliklə, 1965-ci ildə bəstəkar
Ü.Hacıbəylinin operettası
rejissor Tofiq Tağızadə tərəfindən
ekranlaşdırılır. Lakin bu variant əvvəlki qədər uğur qazana bilmir.
1945-ci ilin “Arşın mal alan”ı Rəşid
Behbudov başda olmaqla, korifey sənətkarların iştirakı
ilə ərsəyə
gəlmişdi. Soltan bəy
obrazını oynayan Ələkbər Hüseynzadə
filmdən əvvəl
600 dəfə səhnədə
bu obraza həyat verib. Film Rəşid Behbudov
və Lütfəli Abdullayevin kinoda ilk işidir. Kadrlarda gözə dəyən
nə varsa, hamısı təbiidir.
Bu filmdə, ümumiyyətlə,
butaforiyadan istifadə
edilməyib. Qızıl,
bəzək əşyalarından
tutmuş bütün
ev əşyalarına
qədər hər şey təbiidir. Rəşid Behbudov xatırlayırdı
ki, çəkilişlərdə
istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş
müddətinə götürülmüşdü.
Dünyanı gəzən “Arşın
mal alan”
“Arşın mal alan”
keçmiş SSRİ və
dünyanın bir çox ölkəsində
uğurla nümayiş
etdirilib. Bu filmə görə rejissorlar Rza Təhmasib və Leşşenko, bəstəkar Üzeyir Hacıbəyli, aktyorlardan
Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə),
Ələkbər Hüseynzadə
(Soltan bəy), Münəvvər Kələntərli
(Cahan xala) və Lütfəli Abdullayev (Vəli)
1946-cı ildə SSRİ Dövlət
mükafatına layiq görüldülər. Filmin
quruluşçu operatorları
Əlisəttar Atakişiyev,
Muxtar Dadaşov, quruluşçu rəssam
Yuri Şvets, səs operatoru Ağahüseyn Kərimov, ikinci rejissor İsmayıl Əfəndiyev, musiqi redaktoru və tərtibatçısı Niyazi,
ikinci rəssam Ağamehdi Qumriyev, geyim rəssamı İsmayıl Axundov, xoreoqrafiya müəllifi Əlibaba Abdullayev olub.
İki dildə 6 milyon rubla başa gələn film 1946-1948-ci illərdə
SSRİ büdcəsinə 5 milyard rubldan artıq gəlir gətirib. 86 dilə
dublyaj olunan film 136 ölkədə nümayiş
etdirilib.
50-ci illərdə çəkilən
kinofilmlərimizdə “Arşın
mal alan” ab-havası hiss olunurdu. Bu gün də maraqla baxılan “O olmasın, bu olsun”, “Bəxtiyar” və s. filmlərdə “Arşın mal alan”ın
təsirlərini görmək
mümkün idi.
Ağ-qara filmin rəngli həyatı
2013-cü ildə film Heydər Əliyev Fondunun təşəbbüsü
ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollivud”da bərpa edilərək rəngli formatda hazırlanıb. Doqquz ay ərzində həyata
keçirilən bu layihə üzərində
müxtəlif ölkələrdən
150 nəfərlik heyət
çalışıb. Onların arasında “Oskar” mükafatına
layiq görülmüş
peşəkar mütəxəssislərlə
yanaşı, Azərbaycanın
kino işçiləri
də olub. Bərpa prosesində Rəşid Behbudovun məlahətli səsinin və Üzeyir Hacıbəylinin
ölməz musiqisinin
mümkün qədər
qorunub saxlanılmasına
səy göstərilib.
Qeyd edək
ki, filmin bərpaya yararlı olan nüsxəsinin axtarışına çıxanlar
tozlu-torpaqlı arxivdə
təsadüfən yeganə
bir nüsxənin mövcudluğuna çox
seviniblər. Həmin lent kinoteatrlarda saysız-hesabsız
istismardan yararsız vəziyyətə düşüb.
Bu gün film öz ikinci həyatını yaşayır və hələ çox nəsillər Azərbaycan
kinosunun inciləri sırasında yer alan bu möhtəşəm ekran
əsərindən zövq
alacaqlar.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 12.