İlk Avropa
Oyunlarına doğru
İlin ən böyük idman tədbirinə ümumilikdə 600 min bilet satışa çıxarılıb
Bakıda
keçiriləcək I Avropa Oyunlarına
iki aya yaxın vaxt qalır. İyunun 12-dən
28-dək davam edəcək Oyunlara son hazırlıq
işləri görülür.
Yarışlar paytaxtın 16 məkanında təşkil olunacaq. Avarçəkmə
yarışları Mingəçevirdəki “Kür”
İdman və Avarçəkmə Mərkəzində
keçiriləcək. İlk Avropa Oyunlarında 49 ölkədən 6 mindən
çox idmançının
iştirakı gözlənilir.
Aprelin 3-də “Bakı-2015”
Avropa Oyunları Əməliyyat Komitəsi
bilet satışına başlayıb.
Açılış və bağlanış mərasimlərini,
20 idman növü
üzrə yarışları izləmək istəyənlər
paytaxtın müəyyən yerlərində təşkil olunmuş kassalardan biletləri
əldə edə bilərlər. Biletləri Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri, Heydər
Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, ASAN Xidmətin Yasamal filialı, Azadlıq meydanı və Bülbül prospekti ilə
Nizami küçəsinin kəsişməsində
yerləşən 8 satış məntəqəsindən əldə
etmək mümkündür. Eyni zamanda biletləri onlayn (http://az.baku2015.com/tickets/index.htm) yolla almaq olar. Onlayn bilet
alanlar bunun təsdiq formasını şəhərin müvafiq
bilet satış məntəqələrinə təqdim
etməklə öz biletlərini götürməlidirlər.
“Biletlərin qiymətləri
münasibdir”
Biz də satış məntəqələrində olub,
bilet alan
insanlardan bir neçəsinin fikirlərini
öyrəndik. Paytaxt
sakini Tacəddin Ələkbərov idman həvəskarı olduğunu
deyir: “Uşaq yaşlarımdan idmanla məşğul olmuşam.
Bir idman həvəskarı kimi I Avropa Oyunlarının
Bakıda keçirilməsi
mənim üçün
çox sevindirici haldır. Sərbəst güləş üzrə
final mərhələsinə bilet aldım. Bu yarış Heydər Əliyev adına
İdman Arenasında keçiriləcək. Gənclərimiz güləş idmanı növündə daha güclüdürlər. İnanıram ki, onları final mərhələsində görəcəyik”.
Elçin Əsədov biletlər,
idman yarışları
haqqında məlumat almaq üçün satış məntəqəsinə
müraciət edib: “Satıcılar gülərüz,
mehriban gənclərdir.
Bu cür xoş
davranışlar hər
kəsə gözəl
təsir bağışlayır.
Yarışların keçiriləcəyi arenaları və idman növləri haqqında məlumat almaq istəyirdim. Çalışacağım ki, idman yarışlarını canlı
olaraq izləyim”.
Daha bir müsahibimiz Sevinc Məmmədova müəllimədir. Deyir ki, tətil günlərindən səmərəli
istifadə etmək istəyir: “Bakıda yay çox isti olur. Amma belə
idman yarışlarını
qaçıra bilmərəm.
Biletlərin qiyməti də
münasibdir. Burada mənə
“Şanslı qalib ol” kampaniyası haqqında məlumat verdilər. Ona görə onlayn
bilet alacam. Çünki onlayn bilet alsam, həm yarışları izləmək,
həm də qalib olmaq şansım
olacaq”.
Avropa Oyunları ilə bağlı ümumilikdə
600 min, o cümlədən Olimpiya Stadionunda keçiriləcək oyunların
rəsmi açılış
mərasiminə 40 min biletin
satışa çıxarılması
nəzərdə tutulub.
Seçmə mərhələdə oyunlara biletlərin qiymətləri 2-3 manat,
final mərhələlərinə isə 3-5 manatdır.
Sessiya dövründə
2 yaşından 16 yaşınadək
uşaqlar üçün
biletlər pulsuz, açılış və
bağlanış mərasimlərinə
tam qiymətə, Heydər
Əliyev adına
İdman Arenası və Milli Gimnastika
Arenasında isə 1 manata olacaq. 16
yaşdan aşağı
bütün uşaqlar
yarış arenasına
şəxsiyyət vəsiqəsi
və biletə sahib olan yetkin şəxslərin
müşayiəti ilə
gəlməlidirlər. Seçmə və final mərhələsinin
keçiriləcəyi oyunlardan
fərqli olaraq açılış və
bağlanış mərasimlərinin
qiymətləri yüksəkdir.
Belə ki, açılış mərasiminə giriş biletlərinin qiyməti
20-200 manat, bağlanış
mərasiminə isə
10 manatdan 100 manat arasında dəyişir.
Fiziki qüsurlu şəxslər
üçün yarışlara
biletlər pulsuz, açılış və
bağlanış mərasimlərinə
isə tam qiymətə
olacaq.
“Şanslı qalib ol” kampaniyası
Onlayn bileti əldə edən azarkeşlər “Şanslı
qalib ol” kampaniyası çərçivəsində
qiymətli hədiyyələr
də qazana biləcəklər. Bilet satışı ilə bağlı Tamaşaçı Məlumat
Mərkəzinə - 2015 qısa
nömrəsinə zəng
etməklə də ətraflı məlumat almaq olar. Mərkəzdə 20-dək operator
“Bakı-2015” I Avropa Oyunları,
idman növləri, yarış cədvəli,
obyektləri, bilet satışı (qiymətlər,
biletin alınması yolları, satış məntəqələri, “Şanslı
qalib ol” kampaniyası), yarış
obyektlərinə giriş,
ticarət imkanları,
mərasimlər və
nəqliyyatla bağlı
Azərbaycan və ingilis dillərində məlumat ala bilərlər.
Biletlərin böyük sayda əldə olunaraq “qara bazar”da daha
yüksək qiymətə
satılmasının qarşısını
almaq üçün
də tədbirlər
görülür. Belə hallara
yol verən şəxslərə qarşı
böyük məbləğdə
cərimələr tətbiq
olunacaq. Bir nəfər
şəxsiyyəti təsdiq
edən sənədlə
açılış və
bağlanış mərasimlərinə
8, yarışlara isə
maksimum 6 bilet əldə edə bilər.
Onu da deyək ki,
aprelin 18-də Neftçilər,
Əhmədli metro stansiyaları
yaxınlığında və
Fəvvarələr meydanında
yerləşən McDonald’s restoranında, mayın
15-də isə Tofiq Bəhramov stadionunda da bilet satışı
məntəqələri açılacaq.
Bununla da I Avropa Oyunlarına
bilet satışı
məntəqələrinin sayı 12-yə çatdırılacaq.
12 iyun tarixindən
etibarən biletləri
bilavasitə yarışların
keçiriləcəyi idman
obyektlərinin kassalarından
da əldə etmək mümkün olacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 8.