Oyunları işıqlandırmaq üçün 800-dən çox jurnalist müraciət edib

 

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində (BAOƏK) Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AİJA-nın prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (AİPS) İcraiyyə Komitəsinin üzvü, Əməkdar jurnalist Eldar İsmayılov, AİJA-nın birinci vitse-prezidenti, AİPS-in üzvü Nərgiz Mahmudzadə, BAOƏK-in mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs və mətbuat əməliyyatları rəhbəri xanım Loreyn Rolston iştirak ediblər.

Komitənin nümayəndələri jurnalistlərin akkreditasiyası, onların rahat işləmələri üçün yaradılan şərait, bu sahədə həyata keçirilən tədbirlər və görüləsi işlər barədə məlumat veriblər. Qeyd edilib ki, “Bakı-2015” Avropa Oyunlarında akkreditə üçün 800 nəfərdən çox media mənsubu müraciət edib. Onların təqribən yarısı yerli jurnalistlərdir.

Qeydiyyatdan keçmiş yerli və əcnəbi jurnalistlər, operatorlar, fotomüxbirlər xüsusi yayım hüququna malik media orqanlarının çəkiliş apardıqları məkanlara buraxılmasalar da, onlar üçün xüsusi ayrılmış yerlərdə kiçik müsahibələr götürmələri, görüntüləri qeydə almaları üçün normal şərait yaradılacaq.

Komitə yarışları izləyəcək jurnalistlər üçün Azərbaycan və ingilis dillərində broşürlər, kitabçalar, vərəqələr hazırlayıb. Akkreditə olunan KİV əməkdaşlarının, müstəqil fəaliyyət göstərən yazarların, fotomüxbirlərin hər birinə “Bakı-2015” Avropa Oyunları media bələdçisi” paylanacaq.

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 8.