«Azerbaijan breakfast» - milli mətbəx brendi ilə bağlı layihə hazırlanır

 

Vüqar Şixəmmədov: «Azərbaycanın mətbəx çeşidlərindən istifadə olunmalıdır»

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə «Azerbaijan breakfast» adlı yeni layihə hazırlanır. Bu barədə qəzetimizə məlumat verən nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, layihənin məqsədi milli səhər yeməyi növlərinin ayrı-ayrı elementlərinin beynəlxalq kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi mədəni irsi nümunəsi kimi təqdim olunmasıdır.

 

Layihənin həyata keçirilməsi prosesində ölkəmizə gələcək qonaqlara, xüsusən də Bakıda fəaliyyət göstərən yüksək səviyyəli mehmanxanalarda Azərbaycanın mətbəx nümunələri təqdim olunacaq. Şöbə müdiri qeyd etdi ki, «Azerbaijan breakfast»ə milli çörək məmulatları (təndir, kürə çörəkləri, lavaş), süd məhsulları, bal-qaymaq, mürəbbələr, milli şirniyyatlarımız, çaylars. daxildir: «Düşünürəm ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri özləri maraqlı olmalıdır ki, qonaqlara xalqımıza xas olan mətbəx brendini təqdim etsinlər. Bunun bir ticarət nişanı kimi gələcəkdə də «AB» abbreviaturası kimi tanınması və təbliğ olunması nəzərdə tutulur».

Layihənin yaranma zərurətindən danışan Vüqar Şixəmmədov bildirdi ki, Azərbaycanın regionlarında, xüsusən də yay turizm mövsümündə daha çox turistlərin səfər etdiyi bölgələrdə, eləcə də qış mövsümündə mehmanxanaların əksəriyyətində tipik Azərbaycan səhər yeməyi təqdim olunur: «Amma yüksək kateqoriyalı mehmanxanalarda dünya brendi üzrə məşhurlaşmış mətbəx nümunələri üstünlük təşkil edir. Azərbaycanın çox geniş mətbəx çeşidləri var. Bundan mütləq istifadə olunmalıdır. Bu, ideya olaraq gələcəkdə qəbul olunduqdangeniş yayıldıqdan sonra Azərbaycan brendi olaraq dünya hotellərinə də çıxa bilər. Layihə yekunlaşdıqdan sonra Müəllif Hüquqları Agentliyinə təqdim olunacaq. Gələcəkdə bunun patentinin hazırlanması da planlaşdırılır. İlk mərhələdə Bakıda fəaliyyət göstərən 5 ulduzlu mehmanxanaların rəhbərləri ilə görüşüb onlara tövsiyə edəcəyik. «Azerbaijan breakfast» brendini tətbiq etmək heç bir hotel üçün məcburi deyil, burada seçim azaddır. Hotel rəhbərləri bu məsələdə özləri maraqlı olmalıdır. Burada vacib məqamlardan biriondan ibarətdir ki, bu menyu təqdim olunduğu zaman qiymət artımı olmamalıdır. Bu, layihədə şərtlərdən biri kimi öz əksini tapıb».

Nazirlik rəsmisi bildirdi ki, bu ilin iyununda keçiriləcək Avropa Oyunlarına qədər layihənin Bakıdakı bir neçə hoteldə tətbiq olunması nəzərdə tutulur: «Avropa Oyunlarından sonra layihə daha da genişləndiriləcək. Düşünürəm ki, Azərbaycandakı hotellər bunu qəbul etdikdən sonra brend olaraq daha da məşhurlaşacaq».

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 7.