Gənc rəssamın Yaponiyada uğuru

 

Yaponiyanın LE-NO Hikari Assosiasiyası dünya uşaqlarının dostluğunu intensivləşdirmək, təbiətə və insana açıq fikirli tərbiyə məqsədilə 22-ci “Dünya Uşaq Rəsm Yarışması” keçirib.

5-16 yaş arası uşaqların qatıldığı yarışmada Astara Dövlət Rəsm Qalereyası rəssamlıq dərnəyinin 8 üzvü iştirak edib. Müsabiqədə Emili Cəfərlinin “İt mənim dostumdur”, Məryəm Məhərrəmovanın “Gəzinti”, Diana Abbasovanın “Bakı neft daşları”, Cavid Qurbanlının “Ovçuluq”, Firuzə Qurbanovanın “Robotun hədiyyəsi”, Nərmin Axundzadənin “Balıqçılar”, Səbinə Əliyevanın “Çay yığımı, düyü əkini və limon yığımı” və Dəniz Baxışzadənin “Pambıq yığımı” rəsmləri nümayiş etdirilib.

Qalereyanın rəssamlıq dərnəyinin ən fəal üzvü, dəfələrlə rəsm müsabiqələrinin qalibi Dəniz Baxışzadə bu dəfə də uğur qazanıb. Onun “Pambıq yığımı” rəsmi gümüş mükafata layiq görülüb. Gənc rəssamın uğurunda müəllimi Firudin Quliyevinböyük əməyi var. Qeyd edək ki, Astara Dövlət Rəsm Qalereyası 23-cü “Dünya Uşaq Rəsm Yarışması”na da dəvət alıb.

 

Mehriban Tahirova,

Astara Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 7.