Təbrizin
“Mika”sında göstərilənlər
“Teatrımız fəaliyyətə başlayandan azərbaycanlı müəlliflərə daim xüsusi maraq göstərilib”
Vətənpərvərlik,
türkçülük ruhunda
tərbiyə, qarşılıqlı sənət mübadiləsi
Cənubi Azərbaycanın “Mika” kukla-sənət
qrupunun teatrı üçün
xüsusi önəm daşıyır. Bunu Bakıya
səfəri zamanı qəzetimizə müsahibə verən
teatrın direktoru Ali Bernoun vurğuladı. Söhbətə İranda teatr, onun tarixi və
hazırkı durumu barədə məlumatla
başlayan müsahibim
uşaq teatrına, kukla
sənətinə olan diqqətdən söz açdı:
- İranda teatr zəngin tarixə malikdir. Daha çox mərkəzdə
fəaliyyət göstərən
teatrlar dövlətin
diqqətindədir. Kino
sənəti kimi teatra da münasibətdə
maraqlı yanaşma
var. İranlılar bu
sinkretik sənət növünə maariflənmə,
real həyatın səhnə
həlli kimi baxdıqlarından klassikada
da müasir yanaşma tələb edirlər.
- Təbrizin teatr həyatı barədə
nə deyə bilərsiniz?
- Təbrizin teatr həyatı maraqlıdır
və teatra münasibət də yaxşıdır. Heç bir
tamaşamız diqqətdən
kənarda qalmır.
Bu mənada uşaq
teatrına, kukla sənətinə münasibət
ürəkaçandır. Valideynlər
uşaqlarını teatra
gətirmək vərdişinə
yiyələniblər. Onlar Azərbaycan türkcəsində
tamaşaya baxmaq, onun şirin ləhcəsini, milli adət-ənənələri, incəsənəti kukla sənəti estetikasında
görüb uşaqlarına
göstərmək üçün
bizim teatrları seçirlər. Demək olar
ki, bütün tamaşalarımız anşlaqla
keçir.
- Ölkədə kukla teatrı ənənəsi
barədə nə deyə bilərsiniz? Digər teatrlarla yaradıcı əlaqələriniz yetərli
səviyyədədirmi?
- Hələ qədimdən
xalq ayin və oyunlarında kukla teatrının bir çox növləri olub və onların bəziləri indi də qorunub saxlanmaqdadır. Ölkədə
“Çömçəxatun”, “Mübarək” adlı iki festival da fəaliyyət göstərməkdədir.
İranda dövlət teatrları
azdır və onlar hamısı ölkənin mədəniyyət
sahəsi üzrə müvafiq dövlət qurumuna tabedir. Bizim kimi sənət ocaqları müstəqil fəaliyyət göstərsə
də, təbii ki, həmin qurumun nəzarətindədir.
Onlar qastrol səfərlərindən
festivallarda iştirakımızadək
bir çox məsələlərdə bizə
dəstək olurlar.
- “Mika” teatr qrupu
hansı ehtiyacdan yarandı, fəaliyyətinizdə
çətinlik oldumu?
- Təbrizdə peşəkar
kukla teatrının olmamağı məni bu ideya ətrafında
düşünməyə vadar etdi. Onu da deyim ki, şəhərimizdə
kuklaçılar, yəni
bu sənətlə məhdud çərçivədə
məşğul olanlar
çox idi. Lakin onu peşəkar səhnəyə daşımaq,
qastrol səfərləri
təşkil etmək,
dünya arenasına çıxmaq elə də mümkün görünmürdü. Bunu
nəzərə alaraq
fəaliyyəti səyyar
tamaşalarla məhdudlaşdırmamaq
üçün teatr
qrupunun yaranmasına
nail olduq. 2006-cı ildən
fəaliyyətə başlayan
qrupun təşkilində
ən vacib məqsədimiz balalarımıza
kukla teatrı zövqünü yaşatmaq
və sənətlə
təmaslarına nail olmaq
idi. Əslində mən Tehranda incəsənət istiqaməti
üzrə təhsil almağa başlayandan bu məsələ ətrafında düşünürdüm
və sonda onun reallaşmasına nail
oldum.
- Janr və repertuar
seçiminiz hansı
prinsiplərlə müəyyənləşir?
- Biz hər nəsildən olan insanları nəzərdə tuturuq. Teatrımız sırf azyaşlılara
mədəni xidmət
göstərməklə kifayətlənmir.
Çünki teatr bir incəsənət növü
kimi insanlara mütləq şəkildə
mənəvi qida verməlidir. Deməli, onları
yaş qrupuna bölmək də yanlışdır. Valideynlər, nənə-babalar da tamaşalarımıza uşaqlar
qədər maraqla baxırlar. Odur ki, biz həm
də onların bəyənib izləyəcəkləri
nümunələr seçməyə
çalışırıq. Repertuar seçiminə gəlincə,
dünya klassiklərinə
də, yerli müəlliflərə də
yer veririk.
- Azərbaycanlı müəlliflərin
əsərlərinin səhnə
həlli hansı səviyyədədir?
- Azərbaycanın yazıçı
və dramaturqlarının
əsərləri, Azərbaycan
xalq nağılları
səhnələşdirdiyimiz nümunələr arasında
yer alır. Teatrımız fəaliyyətə başlayandan azərbaycanlı
müəlliflərə daim
xüsusi maraq göstərilib. İlk tamaşamız
da “Cırtdan” olmaqla tamaşaçılar
arasında tanınıb,
sevilmişik. Azərbaycanlı
müəlliflərin əsərlərinin
səhnələşdirilməsi həm mədəniyyətimizin
təbliği, həm
də balalarımızın
doğma dilimizə sevgi ruhunda formalaşması
üçün, az da olsa,
xidmətimizdir.
- Müasir azərbaycanlı
müəlliflərdən kimlərə
müraciət etmisiniz?
- Biz son olaraq istedadlı gənc yazıçı
Səidə Haqverdiyevanın
“Toplan” pyesi əsasında eyniadlı tamaşanı hazırlayıb
təqdim etdik. Səhnə işi böyük maraqla qarşılandı
və qısa zaman ərzində 10 min nəfərdən yuxarı
tamaşaçı izlədi.
Bu istiqamətdə əməkdaşlığı bundan sonra da
davam etdirmək istəyirik.
- Azərbaycandakı kukla teatrları ilə əlaqələriniz varmı?
- Biz qarşılıqlı qastrol
səfərləri, mübadilə,
yaradıcı tərəfdaşlıqda
maraqlıyıq. Çünki Azərbaycandakı peşəkar
kukla teatrlarından öyrənəcəyimiz çox
şey var.
- “Mika” teatrının beynəlxalq festival yolu necə, açıqdırmı?
- Fəaliyyətimizin ilk ilindən
yerli və beynəlxalq festivallarda iştirak etməkdəyik.
Bu sırada Rusiya,
Serbiya və Türkiyədəki ənənəvi
kukla teatrı festivallarını xüsusi
qeyd etməliyəm.
Biz Yaponiya, Serbiya
və Sloveniyadakı kukla festivallarında da iştirak edəcəyik. Həmçinin noyabrda Bakıda keçiriləcək “Cırtdan”
III Beynəlxalq Kukla Teatrları Festivalı bizim üçün xüsusi əhəmiyyət
kəsb edir.
- Bakıya qastrol səfəri planlarınız
varmı?
- “Toplan” tamaşası
ilə paytaxtınıza
səfər etmək istəyirik. Artıq bu istiqamətdə
danışıqlar gedir.
Eləcə də A.Şaiq adına
Dövlət Kukla Teatrının bir neçə tamaşa ilə Təbrizdə çıxış etməsinə
çalışırıq.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 6.