Yazıçı-dramaturq Əli Əmirli məktəblilərlə görüşüb

 

Bakının 267 nömrəli məktəb-liseyində yazıçı-dramaturq Əli Əmirli ilə görüş keçirilib. Görüşdə müasir dramaturji prosesdən, Azərbaycan dramaturgiyasının keçdiyi tarixi inkişaf yollarından, teatrlarımızda nümayiş olunan səhnə əsərlərinin milli-mənəvi, estetik və tərbiyəvi xüsusiyyətlərindən söz açılıb.

Görüşün təşkilatçısı, dil-ədəbiyyat müəllimi Südabə Abdullayeva Əli Əmirlinin yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək, diqqəti yazıçının dramaturji fəaliyyətinə yönəldib. Dramaturqun teatr yaradıcılığı ilə bağlı şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirilib. Videoçarxda dramaturqun müxtəlif illərdə ayrı-ayrı teatrlarda tamaşaya qoyulmuş "Bala - başa bəla", “Şah Qacar", "Mən səni sevirəm - M.S.S.", "Mesenat" və sair əsərlərindən parçalar əksini tapıb.

Sonra məktəbin fəal şagirdləri dramaturqun "Mən səni sevirəm - M.S.S." əsərindən bir parçanı öz ifalarında təqdim ediblər.

Sonda Əli Əmirli məktəb-liseyin müəllim və şagirdlərinin Akademik Milli Dram Teatrında birgə baxdıqları "Şah Qacar" tamaşası ilə bağlı suallarını cavablandıraraq Azərbaycan mədəniyyətində, o cümlədən ölkəmizin teatr həyatında gedən coşqun yaradıcılıq işlərindən danışıb.

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 15.