Görkəmli bəstəkar,
unudulmaz pedaqoq
Əşrəf Abbasov - 95
Görkəmli bəstəkar,
musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf
Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi
xadimi kimi daxil olmuş, müxtəlif janrlarda maraqlı əsərlər
yaratmışdır. O, balet, musiqili komediyalar, bir
çox simfonik, kamera instrumental və vokal əsərlərin
müəllifidir. Əşrəf Abbasov dahi
Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında sənətşünaslıq
üzrə namizədlik dissertasiyası müdafiə edən
ilk Azərbaycan alimlərindən biridir. Eyni
zamanda musiqi nəzəriyyəsi və musiqi tarixi problemlərinə
dair ölkəmizdə və xaricdə dərc olunan bir
çox məqalələrin müəllifidir. Bununla bərabər,
Ə.Abbasov Azərbaycan musiqi incəsənətinin müxtəlif
mövzularına həsr olunmuş elmi işlərin, kitab və
monoqrafiyaların redaktoru, bir çox dissertantların elmi rəhbəri,
konsultantı və opponenti olmuşdu.
Azərbaycan xalq musiqisini, klassik və müasir musiqi
üslubunu dərindən bilən musiqiçi, müxtəlif
auditoriyalarda məruzəçi kimi də daim
çıxış edirdi. Plenum və
qurultaylarda, başqa toplantılarda nitqi özünün məna
dərinliyi, obrazlığı və lakonikliyi ilə fərqlənirdi.
Əşrəf
Abbasov bəstəkarlıq və musiqişünaslıq
yaradıcılığı ilə yanaşı, 50 ilə
yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq
kafedrasının müəllimi, 1953-1957 illərdə
konservatoriyanın rektoru, 1957-1972 illərdə bəstəkarlıq
kafedrasının müdiri və ömrünün
axırına qədər professoru vəzifəsində
çalışmışdı. Onun
yetişdirdiyi kadrlar Azərbaycanda və xarici ölkələrdə
müxtəlif musiqi ocaqlarında müvəffəqiyyətlə
çalışırlar.
Əşrəf
Cəlal oğlu Abbasov 1920-ci il martın
23-də Azərbaycanın gözəl guşələrindən
biri olan Şuşa şəhərində dərzi ailəsində
anadan olub. Uşaqlıqdan musiqi qabiliyyəti ilə
seçilirdi, musiqiyə böyük həvəs göstərirdi.
1933-cü ildə o, Şuşada yeni
açılmış musiqi məktəbinin tar sinfinə qəbul
olunur. İlk tar müəllimi tanınmış
skripkaçı Azad Əliyevin atası, Şuşa
məktəbinin təşkilatçılarından biri və
ilk müdiri olan Həmzə Əliyev olmuşdu. Sonradan o, tar dərslərini təcrübəli
müəllim Rəsul Əsədovun sinfində davam
etdirmişdir.
Musiqi nəzəriyyəsindən isə müəllimi
Ü.Hacıbəylinin tələbəsi Fatma xanım
Zeynalova olmuşdu. Hələ məktəb illərində
Əşrəf musiqi bəstələməyə
böyük meyl göstərir, yazdığı kiçik
pyeslər və etüdlərlə müəllimlərinin
diqqətini çəkir. Fatma xanım
istedadlı tələbəsinin bu qabiliyyətini görərək
onun əsərlərini albom şəklində toplayıb
Üzeyir bəyə göndərməsini məsləhət
görür. Bu kiçik əsərlərlə tanış olan böyük bəstəkarımız
Əşrəfə Bakıya gəlməyi məsləhət
görür.
Beləliklə, Əşrəf Abbasov 1936-cı ildə
Bakıya gəlir və musiqi texnikumuna daxil olur. Burada bir
sıra mahnılar, fortepiano üçün pyeslər bəstələyir.
Bəstəkarlıqla yanaşı tar alətində də
öz məşğələlərini davam etdirirdi. 1938-ci ildə o, tar ifaçısı kimi Moskvada Azərbaycan
incəsənətinin birinci dekadasının
iştirakçısı olur.
1939-cu ildə isə Əşrəf Abbasov
konservatoriyanın bəstəkarlıq fakültəsinə
daxil olur, məşhur professor B.İ.Zeydmanın sinfində
oxuyur.
Tələbəlik
illərində o, bir sıra maraqlı əsərlər
yazıb: violonçel və fortepiano üçün sonatina,
skripka və fortepiano üçün variasiyalar, qaboy və
fleyta üçün pyeslər, A.Şaiqin “Fitnə”
tamaşası üçün musiqi və s. O dövrdə gənc
bəstəkar bir sıra instrumental əsərlər də
yazmışdı. Simfonik orkestr
üçün üç hissədən ibarət “Rəqs
süitası” 1944-cü ildə Tbilisidə keçirilən
musiqi incəsənəti dekadasında R.M.Qlier və S.Vasilenko
kimi görkəmli mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
Konservatoriyada oxuduğu illərdə Ə.Abbasov pedaqoji
fəaliyyətlə də məşğul olur. Konservatoriyanın
nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyə
dərsləri üzrə müəllimlik fəaliyyətinə
başlayır, 1947-ci ildə musiqi texnikumunun direktoru təyin
olunur.
Konservatoriyanı müvəffəqiyyətlə bitirəndən
sonra Ə.Abbasov təhsilini davam etmək üçün
Moskva Konservatoriyasının aspiranturasına qəbul olunur. Burada onun
ixtisas müəllimi professor M.Çulaki idi.
Əşrəf Abbasovun yaradıcılığında
simfonik musiqi maraqlı sahələrdən biridir. Yaradıcılığının
bütün dövrlərində, tələbəlik illərindən
başlayaraq o, simfonik musiqiyə müraciət edir. Dekadada uğurla səslənən “Rəqs
süitası”ndan sonra “Uvertüra” simfonik əsərini
yazır. 1947-ci ildə fortepiano və
orkestr üçün yazdığı “Konsert” Azərbaycan
musiqisində ilk solo konsertlərdən biridir. Digər simfonik əsəri konservatoriyada diplom
işi kimi böyük simfonik orkestr üçün təqdim
edilən “Konsertino” idi. Əsər qısa
bir zamanda dinləyicilərin rəğbətini
qazanmışdı. 1949-cu ildə
Bakıda keçirilən musiqi mədəniyyətinin
baxış konsertlərindən birində uğurla ifa
olunmuş, görkəmli musiqi xadimləri tərəfindən
yüksək qiymətləndirilmişdi. 1979-cu
ildə əsər görkəmli dirijor R.Abdullayevin rəhbərliyi
altında Ümumittifaq Radiosunun simfonik orkestrinin ifasında səsləndi.
2011-ci ildə
bəstəkarın 90 illiyi ilə əlaqədar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
keçirilən xatirə konsertində əsəri dirijor Fəxrəddin
Kərimovun rəhbərliyi altında Ü.Hacıbəyli
adına Azərbaycan dövlət simfonik orkestri ifa etmişdi.
Ə.Abbasovun
maraqlı simfonik əsərləri içərisində
Ü.Hacıbəylinin əziz xatirəsinə həsr olunan
violonçel və simfonik orkestr üçün “Poema”nın adını çəkmək istərdim.
Uğurlu əsərlər içərisində
“Fraqmentlər” adlanan simfonik əsəri də qeyd etmək
lazımdır. Bu əsər dirijor Alqis
Jüraytisin rəhbərliyi altında Böyük Teatrın
simfonik orkestrinin ifasında səslənmişdi.
Simfonik musiqi janrları içərisində Ə.Abbasov
simfonik poema janrına da böyük maraq göstərir. İlk poema tələbəlik
illərində yazılmışdı. Bu
vətən xatirələrinə həsr olunmuş 1945-ci ildə
yazılan “Şuşa” poemasıdır. Maraqlı
simfonik poemalarından biri də M.İbrahimovun “Gələcək
gün” romanı əsasında yazılan əsər idi.
1962-ci ildə Ə.Abbasov müəllimi
M.Çulakiyə həsr olunmuş “Dramatik” simfonik
poemasını yazır. Əsərdə
müasir dövrün dramatizmini, ziddiyyətlərini olduqca
inandırıcı şəkildə təsvir edir.
Bəstəkar ömrünün sonuna qədər
simfonik musiqiyə böyük maraq göstərirdi. Həyatının
son dövründə yazılan əsərləri
sırasında simfonik orkestr üçün altı pyesi qeyd
etmək lazımdır. Ü.Hacıbəylinin
ənənələrini davam etdirərək bəstəkar
xalq çalğı orkestr üçün də maraqlı əsərlər
yazmışdı.
Simfonik musiqi ilə yanaşı, Əşrəf Abbasov
musiqili səhnə əsərlərinə də diqqət
ayırırdı. Bəstəkarın zirvə əsərlərindən
biri uşaqlar üçün yazılmış “Qaraca
qız” baletidir. Balet Süleyman Sani
Axundovun eyniadlı əsəri əsasında
yazılmışdı, libretto müəllifi Əfrasiyab Bədəlbəyli
idi. Mənim yadımdadır, bu balet çox
böyük uğurla Azərbaycan Dövlət Opera və
Balet Teatrının səhnəsində tamaşaya
qoyulmuş, böyük rəğbətlə
qarşılanmışdı, yerli mətbuatda çoxlu
müsbət rəylər verilmişdi. Əfsuslar
olsun ki, bu balet indiki zamanda Azərbaycan opera teatrının
repertuarında yoxdur.
Ə.Abbasovun musiqili səhnə əsərləri
içərisində yazdığı musiqili komediyalar da
böyük yer tutur. Ü.Hacıbəylinin ənənələri
elə onun ilk musiqili komediyası olan “Səndən mənə
yar olmaz” əsərində görünür. Bu əsər 1963-cü ildə yazılıb. Libretto müəllifi Məhərrəm Əlizadə
idi. Müasir mövzuda yazılan komediyalar
içərisində “Dağlar ətəyində” əsərinin
də adını çəkməliyik. Libretto
müəllifi A.İsgəndərov olan və şair
T.Əyyubovun əsəri əsasında yazılan operetta
xalqlar dostluğuna həsr edilib. Bəstəkarın
C.Məmmədovun librettosu əsasında yazılan “Həyət
bizim - həyat bizim” operettası da tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdı.
Əşrəf Abbasov kamera instrumental və kamera vokal
sahəsində də böyük nailiyyətlər əldə
etmişdir. Belə əsərlər içərisində
skripka və fortepiano üçün yazılmış
“Variasiyalar”, fleyta üçün “Bahar mahnısı”
sonatinasını qeyd etmək olar.
İnstrumental əsərləri içərisində
fortepiano üçün nümunələr xüsusi yer
tutur. Belə ki, hələ tələbəlik illərində
Ə.Abbasov sonata janrına müraciət edir. Lakin sonrakı illərdə sonatanı redaktə edərək
“Dramatik” sonata adını verir. Onun tədris
repertuarı üçün yazdığı uşaq pyesləri
(“Uşaq pyesləri”, “Altı miniatür”) də diqqətəlayiqdir.
Əşrəf Abbasovun instrumental musiqisinin maraqlı
hissəsini ansambl üçün yazdığı əsərlər
təşkil edir. Bu sırada fortepiano triosunu, kvarteti qeyd etmək
lazımdır. Bu əsərlərdə,
xüsusilə də kvartetdə bəstəkarın polifonik
üslubu aydın görünür.
Onun yaradıcılığında vokal musiqisinə də böyük yer verilir. O bir neçə yaddaqalan mahnı, romans və xor üçün yazılmış əsərin müəllifidir. Vokal lirikası müxtəlif obraz və tematikası ilə fərqlənir. Burada vətənpərvər, qəhrəmanlıq mahnıları, neftçilər, pambıqçılar, gənc qurucular haqqında da maraqlı mahnılar var. Lakin vokal musiqisinin ən dəyərli nümunələri Füzulinin, Vaqifin, Müşfiqin sözlərinə yazılan lirik mahnı və romanslardır.
Onun romanslarında melodik istedadı çox aydın
görünür. Vaqifin sözlərinə yazılan “Heyran
olmuşam” romansı öz orijinal strukturu ilə fərqlənir.
Füzulinin şeirindən bəhrələnərək
yazdığı “Füzuli” romansı üç dinamik
dalğa şəklində qurulub, xalq mahnısı səviyyəsində
ən populyar romanslardan biri H.Hüseynzadənin sözlərinə
yazılmış “Baxdım ona, baxdı mənə” əsəridir.
Əşrəf Abbasov S.Rüstəm, H.Hüseynzadə,
H.Arif, Z.Cabbarzadə və T.Elçinin sözlərinə
müxtəlif mövzularda mahnılar yazıb. Bunların
içərisində geniş auditoriya arasında çox
sevilən T.Elçinin sözlərinə “Qarabağın
qızları”, H.Hüseynzadənin sözlərinə “Gəl,
gözəlim”, A.Şaiqin “Fitnə” pyesinə
yazılmış “Oxu, bülbülüm”
mahnılarının adlarını çəkmək olar.
Görkəmli bəstəkarın əsərləri
ifaçılarımızın daim repertuarındadır,
radio və televiziya kanallarında onun haqqında maraqlı
verilişlər verilir. Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan
Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına kamera salonunda bəstəkarın 90
illiyinə həsr olunmuş yubiley gecələri
keçirilmişdi. Bu konsertlərdə onun
simfonik və kamera instrumental əsərləri uğurla səslənmişdi.
2014-cü ilin noyabr ayında keçirilən Azərbaycan
Bəstəkarlar İttifaqının 80 illiyinə həsr
olunmuş yubiley konsertlərində də Ə.Abbasovun
operettalarından parçalar və xalq çalğı alətləri
üçün yazılmış əsərləri də səslənmişdi.
Əşrəf Abbasovun müxtəlif janrlarda
yazdığı qəlboxşayan əsərləri musiqi xəzinəmizdə
xüsusi yer tutur. Bir-birindən gözəl melodiyaları
radio və televiziyada, konsert salonlarında daima səslənir.
Zemfira Qafarova,
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, Əməkdar
incəsənət
xadimi, professor
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 12.