Daşkənddə “Möcüzəli Naftalan”ın təqdimatı

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində özbək və rus dillərində çap olunan "Möcüzəli Naftalan. Azərbaycan" kitabçasının təqdimatı keçirilib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabçanın əhəmiyyətindən danışıb. Bildirib ki, nəşrdə şəfavericı xüsusiyyəti ilə bütün dünyada məşhur olan Naftalan sanatoriyaları haqqında ətraflı məlumat verilir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm potensialının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən özbək turistlərinə informasiya dəstəyi göstərməkdir. Bildirib ki, mərkəz bu ilin avqust ayında özbək turistləri üçün Naftalana ongünlük müalicə turunun təşkilinə dəstək verəcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva müalicəvi Naftalan nefti haqqında məruzə edərək layihəni iştirakçılara təqdim edib.

Mərasimdə Naftalan haqqında sənədli filmnümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 10.