Bakıda mehmanxana əməkdaşları üçün kurslar yekunlaşdı

100-dən artıq dinləyiciyə sertifikat verildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıdakı mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil edilmiş təlim-tədris kursları yekunlaşdı. Bu münasibətlə aprelin 13-də «Excelsior» mehmanxanasında keçirilən tədbirdə kursların dinləyicilərinə sertifikatlar təqdim edildi.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov məlumat verdi ki, kurslarda paytaxtda fəaliyyət göstərən mehmanxanaların 100-dən artıq əməkdaşı iştirak edib. Beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib. İki ölkə nazirliklərinin əməkdaşlığı çərçivəsində 10 ildən çoxdur ki, respublikanın turizm potensiallı şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edir. Budəfəki kurslar həmçinin ölkəmizdə iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı təşkil edilib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kənd və hotellər xidməti üzrə direktoru Donna Teylor qeyd etdi ki, dünyada az sayda ölkə belə böyük miqyaslı idman tədbirinə ev sahibliyi etmək imkanı əldə edir: «Avropa Oyunlarının Bakıda keçirilməsinin ən böyük üstünlüyü bu yarışların ilk dəfə burada reallaşmasıdır. Bu səbəbdən də biz çox həyəcanlıyıq. İstəyirik ki, hər şey yüksək səviyyədə olsun».

Sonra Donna Teylor videoçarx vasitəsilə Avropa Oyunlarına hazırlıq, yarışların keçiriləcəyi idman arenaları, qonaqlara təqdim ediləcək xidmətlər və s. haqda iştirakçılara məlumat verdi.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, Bakıda və ölkənin müxtəlif regionlarında reallaşdırılan bu treninqlər xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir: «Mehmanxanalarda xidmət səviyyəsinin tam qaneedici olmadığı heç kimə sirr deyil. Azərbaycanda turizm yeni inkişaf edən bir sektordur və xidmət sektorunda lazımi nəticənin əldə olunması üçün zaman lazımdır. 2003-cü ildən Azərbaycanın və Türkiyənin nazirliklərinin əməkdaşlığı ilə bu kurslar təşkil olunur. Bu vaxta qədər 5 min nəfərə yaxın mehmanxana əməkdaşı kursların iştirakçısı olub”.

Şöbə müdiri onu da qeyd etdi ki, xüsusilə regionlarda fəaliyyət göstərən mehmanxanaların rəhbərləri bu kurslara lazımi qədər maraq göstərmirlər: “Hər bir turist qaldığı mehmanxanada yüksək xidmət görmək istəyir. Ona görə də mehmanxana rəhbərləri əməkdaşlarını bu kurslara göndərməkdə maraqlı olmalıdırlar».

Mərasimdə iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Mehmet Yaşar qeyd etdi ki, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları beynəlxalq səviyyəli tədbirdir və Azərbaycan bu çətin, məsuliyyətli tədbirin öhdəsindən gələcək: «Bunun üçün də hər kəs əlindən gələn köməyi etməlidir. Bu günə qədər Azərbaycanın və Türkiyənin nazirlikləri turizm sahəsində bir çox layihələr həyata keçiriblər. Onların arasında ən uzunmüddətlisi və yüksək nəticələr əldə olunan layihə mehmanxana əməkdaşları üçün təşkil edilən kurslardır».

Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı Meral Barlas da kursların əhəmiyyətini və layihənin növbəti illərdə davam edəcəyini diqqətə çatdırdı.

Sonra kurslarda iştirak edən 100-dən çox dinləyiciyə sertifikatlar təqdim edildi.

* * *

Tədbirdən sonra kursları tədris edənlərdən bir neçəsinin fikirlərini öyrəndik.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təlimçi-müəllimi Burak Dikiçi bildirdi ki, 2003-cü ildən davamlı olaraq təşkil edilən kurslarda müəllim kimi iştirak edir. Bu müddətdə Bakıda, eləcə də Mingəçevir, Qəbələ, İsmayıllı və Masallıda yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə kurs keçib: «Bundan öncə Qusardakı «Şahdağ» Turizm Mərkəzində təşkil edilən kursların dinləyicilərinə dərs keçmişəm. Qeyd edim ki, getdikcə mehmanxanalarda xidmətin səviyyəsi yüksəlir. Bunda bizim kursların da çox böyük rolu var. Adətən şəhər hotellərində bölgə hotelləri ilə müqayisədə xidmət yüksək olur. Bu, Türkiyədə də, turizmin inkişaf etdiyi digər ölkələrdə də belədir. Biz də bu fərqi aradan qaldırmağa çalışırıq».

Kurslarda qeyd-qəbul üzrə təlimçi 4 ildir Azərbaycanda təşkil edilən kurslarda iştirak edir. Deyir ki, Azərbaycan turizm sahəsində sürətlə irəliləyir və bu inkişafda az da olsa paylarının olması onları çox sevindirir: «Dinləyicilərin treninqlərə marağı və onların dediklərimizə həvəslə əməl etməsini görmək çox sevindiricidir. Biz təkcə Azərbaycanda deyil, Türkiyənin özündə də mehmanxana əməkdaşları üçün kurslar keçirik. İldə 3 dəfə müxtəlif bölgələrdə yerləşən mehmanxanaların əməkdaşları bu kurslara cəlb olunur. Turizm elə bir sahədir ki, orada yeniliklər daima olur. Mehmanxana əməkdaşlarının bu yeniliklərlə tanış olması mütləq lazımdır. Azərbaycanla bu sahədə əməkdaşlığımız bundan sonra da davam edəcək».

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 9.