Lüks turizm təmsilçilərinin növbəti Bakı görüşü

Müxtəlif ölkələrdən 40-a yaxın şirkət öz imkanlarını təqdim etdi

 

Aprelin 14-də Bakıdakı «Fairmont» hotelində turizm peşəkarlarının «B2B Luxury & MICE Workshop» çərçivəsində görüşü keçirildi. Böyük Britaniyanın «TMI Consultancy» şirkətinin azərbaycanlı tərəfdaşlarla birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə artıq 4-cü dəfə reallaşır.

 

Görüşə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri qatılmışdılar. Tədbirin sponsorları İspaniyanın «Kosta del Sol» turizm təşkilatı və İsveçrənin turizm ofisidir. İsveçrədən tədbirdə 14 şirkət, hotel və tibbi mərkəz iştirak edirdi.

Əvvəlcə “TMI Consultancy” şirkətinin nümayəndəsi xarici iştirakçılara və yerli şirkətlərə Azərbaycan turizm bazarında apardıqları araşdırmanın nəticələri barədə məlumat verdi. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı və Avropa Turoperatorlar Assosiasiyasının sifarişi ilə həyata keçirilən araşdırmanın nəticələrinə görə, son onillikdə Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı getmə turizmə də öz müsbət təsirini göstərib. Əgər 2005-ci ildə 800 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə istirahət məqsədilə səfər etmişdisə, 2013-cü ildə bu rəqəm 3,5 milyona qədər yüksəlib. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, Azərbaycan 2013-cü ildə MDB ölkələri arasında getmə turizminin həcminə görə 5-ci yerdə, beynəlxalq turist xərcləmələrinə görə isə Rusiya və Ukraynadan sonra ilk üçlükdə qərarlaşıb. Həmin il azərbaycanlı turistlər səfərlərində 2,8 milyard ABŞ dolları xərcləyiblər.

Sonra tədbirin sponsoru İspaniyanın «Kosta del Sol» təşkilatı geniş təqdimat etdi. «B2B Luxury & MICE Workshop» çərçivəsində keçirilən görüşləri yüksək dəyərləndirən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov bildirdi ki, belə tədbirlər Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması və xarici turistlərin ölkəmizə gəlməsi baxımından böyük əhəmiyyət kəsb edir: «Müxtəlif ölkələrdən 40-a yaxın şirkət burada öz imkanlarını təqdim edir. Bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır. Yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur, həm onların məhsulları ilə tanış olur, həm də Azərbaycanın lüks turizm imkanlarını təqdim edir”.

Nazirlik rəsmisi belə tədbirlərin Azərbaycanda lüks turizminin inkişafına da müsbət təsiri göstərəcəyini diqqətə çatdırdı.

«TMI Consultancy» şirkətinin meneceri Mariya Qorbaçova qəzetimizə açıqlamasında dedi ki, Bakıda dördüncü ildir təşkil edilən «B2B Luxury & MICE Workshop»un iştirakçılarının sayı 2 dəfə artıb. Bu isə onu göstərir ki, Azərbaycan turizm bazarına xarici ölkələrdə maraq getdikcə artır.

Təşkilatçı şirkətin nümayəndəsinin sözlərinə görə, İspaniyanın bu tədbirdə geniş heyətlə təmsil olunmasının başlıca səbəbi bu ilin yay turizm mövsümündə Bakı-Barselona birbaşa reysinin açılması ilə bağlıdır. Tədbirdə bu ölkənin turizm Kataloniya, Kosta del Sol və Barselona bölgələrinin turizm şirkətləri iştirak edirlər. İştirakçılar arasında İspaniyanın ən böyük turoperatoru olan «Terramar Group i Viajes Ancodes», Madridin ən yaxşı hoteli «Villa Magna” də var.

Qeyd edək ki, builki «B2B Luxury & MICE Workshop»da «Relais & Chateaux» beynəlxalq hotellər şəbəkəsi, Özbəkistanın «Dolores Travel», Monteneqronun «Regent Porto Montenegro», İtaliyanın «Boscolo Hotels» hotel qrupu və «Relais San Maurizio» hoteli də ilk dəfə təmsil olunurdu.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 8.