Büsbütün fövqəlzadə...

 

Hətta yubiley formatı ilə də bənzərsiz, yeni, novator Vaqif Mustafazadə!

 

Belə ki, həmin axşam - onun 75 illik yubiley gecəsi - təbiətin də cazmenliyi tutmuşdu, elə bil. Etimolojicə “Badikubə” (“Küləklər şəhəri”) də adlandırılan paytaxtımızda adətən apreldən başlayaraq bala-bala sıcaqlanıb-ocaqlanan hava, meyxanələnib-muğamlanan yaz öz dəlisov küləyilə şıdırğı bir caz çalır, tədbir məkanına yaxınlaşan yaşlıların yanğı dolu xatirələrini xəzri-xəzri dəbərdir, gəncliyin sayğı bollu duyğularını gilavar-gilavar sığallayırdı, sanki...

 

Həmin axşam o pəjmürdə-pərişanə küləyin girinə keçməyən yeganə bir şey vardı ki, o da ibarət olsun qəni-qəni rəhmətliyin sağlığında üzləşdiyi bəd halətlərdən; “caz - kapitalizm səsi” modullu siyasi-ideoloji “arqument”lər, “köhnə saz bazarına təzə caz nırxı!” kimi infarktoloji replikalar, “bu bığla teleekrana çıxmaq olmaz!” sayaq yasaqlar...

Və bu bir qədər sentimental-fraqmental “giriş”dən sonra, bütün həyatı, yaradıcılığı, doğal xəlqiliyi, super ultralığı ilə heç bir ənənəvi qayda-qanun ülgüsünə gəlməyən fenomenal milli caz (bəli, daha bu ifadədən diksinməməyin vaxtı çatıb!) ustadımızın, məşhur Monako jürisinin dəyərləndirməsinə də rəğmən misilsiz pianoçu və bəstəkarımızın növbəti yubiley törənindən bir az da ədəbi-bədii-publisistik qatqarlı -

 

Rəsmi notlar

 

10 aprel 2015-ci il. Tərkibcə çoxmillətli, gör-görkəmcə elitar insan dəstələri məlum poetik poemanın məşhur “axın-axın gəlin yaxın” misralarını xatırladan bir dinamika ilə Heydər Əliyev Sarayına toplaşırlar. Foyedə onları ölməz sənətkarın həyat və yaradıcılıq anlarını əks etdirən fotosərgi qarşılayır. Yalnız canlıları qapsayan “qarşılayır” ifadəsinin “qəribliyə” salınmaması üçün əlavə edim ki, tək elə bütün səslər fəlsəfəsinə yox, hər kəs və hər bəhslər aləminə də vaqif olmuş Mustafazadə Vaqifin fotolardakı surətləri də “heyrət, ey büt” görgəcindədir; teyxa minor baxışlara xeyli həyat bağışlayır, cılxa major nəzərlərə bir qədər “heyhat”...

Bu möhtəşəm salonun möhtərəm əcnəbi və yerli qonaqları yubilyarın səhnə tərtibatını tamamlayan fotoşəkillərinin xəyalatında ikən, ünlü sənətkarın tərzi-ahəngi musiqi sədasını andıran danışığı ucalır, ardınca həyatının müxtəlif dövrlərini əks etdirən video-roliklərdən ilki hərarətli alqışlar fonunda təqdim olunur (və bu, gecə boyu davam edir). Əməkdar artist T.Aslanovun ifa etdiyi muğam, dünyasını dəyişənədək bəzi “ziyalı”ların belə “kosmopolit” hesab etdiyi, əslində isə - hər taktında milli təranələrimizi yeni notlarla təravətləndirən yubilyarın ruhuna tədbir təşkilatçıları və iştirakçılarının salam-duası kimi səslənir. Sonra F.İbrahimovun dirijorluğu, Xalq artisti F.Bədəlbəylinin solistliyilə Ü.Hacıbəyli adına BMA-nın gənclər kamera orkestri yubilyarın fortepiano və orkestr üçün konsertini səsləndirir. Üç saatdan çox davam edən bu melodik-rekviemik gecədə vurğulanır ki, Vaqif tək elə öz qədim (və məlum) musiqi aləmimizə yox, Qərbdə doğulmuş və hələ orada da tam oturuşmamış caz musiqisinə də özü kimi baxır, özgür münasibətilə yanaşırdı. Hansı ki, ovaxtlarçün dünya musiqisinin “sonbeşiyi” hesab olunan bu janr, onun yenicə doğulduğu (16 mart 1940) Bakıya yenicə ayaq açırdı.

Hərbçi ata və musiqiçi anadan ibarət bir ailədə böyüyən Vaqif A.Zeynallı adına Musiqi Məktəbində təhsil aldığı illərdə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra Azərbaycan Radio Komitəsində pianoçu-solist işləyir, 25 yaşında Tbilisiyə “Orero” ansamblına rəhbər dəvət edilir, ardınca “Qafqaz” caz triosunu yaradır. 1967-ci ildə Tallində keçirilən caz festivalında çıxışı isə ona dünya şöhrəti qazandırır. Bu uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana dönür, burada “Caz-trio”, “Leyli”, “Caz-Muğam” ansambllarını yaradır, “Melodiya” firmasında 9 albomu buraxılır və s.

Və sair və il axır və... Monako! 1979-cu ildə orada keçirilən qeyri-adi festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı, hətta onun hansı ölkəni təmsil etməsi belə gizli saxlanılmalıymış və sonda yüzlərlə naməlum ad içərisindən seçilib-çəkilən ad: “Azərbaycan, Vaqif Mustafazadə, “Əzizəni gözləyərkən”!

Bəli, bizim Vaqif öz adımızın özgələrə qoyulduğu bir dövrdə “Allahu-Əkbər”in qurtardığı uzaq Monakodan Vətənimizə “Ağ royal” mükafatı ilə qayıdır...

Bəs, elə həmin ilin sonunda getdiyi yaxın Daşkənddən?..

...Daşkənd qastrolu onun sonuncu gedişi və gəlişi olur. 1979-cu il dekabrın 16-da oradakı çıxışı zamanı - elə royal arxasında çalırkən, dünyəvi antena-ürəyi də ikinci infarktını çatır...

Ancaq... - həmişə deyildiyi və bu yubiley gecəsində də vurğulandığı kimi, - nə qəm? Hər gün efir-ekranlarda musiqisi səslənən, yüzlərlə şəxsi və ictimai ünvanda adı çəkilən, minlərlə qəlbdə xatırlanan, əbədiyyət mayaklı sənət yolu doğma qızları Lalə və Əzizə ilə bərabər, neçə-neçə istedadlı gənclər tərəfindən də davam etdirilən bir ölməzin “yoxluğuna”mı da ənənəvi ağrıyıb-acımalı? Elə yubiley gecəsində “Cəngi” və “Rast”, Caz-trio qrupları, Xalq artisti Ə.Sadıqov, “Qaya” ansamblı, R.Behbudov adına Mahnı Teatrının estrada-simfonik orkestri, Əməkdar artist İ.Sarabski və başqaları da belə bir ovqatla çıxış etdilər.

Sonda Vaqifin “Düşüncə”si sədalandı salonda və bu mübarək gecənin tamaşaçıları səhnəyə çıxan iştirakçıların ümumşəxsində Vaqif Mustafazadəni də alqışladıqca alqışladılar...

Bu möhtəşəm yubileydəki alqışlar və digər nüanslar məndə bir para qeyri-rəsmi düşüncələr də oyatdı ki, bunları belə adlandırdım:

 

O GECƏdən sonra...

 

Vaqif özündən çox «özgələr» üçün əkib-becərən, yalnız sənət «büdcəsinə» işləyən «iş adamı», yeniliklər, orijinallıqlar təsərrüfatı «fermer»i idi. Ona sənət altruisti də demək olardı; ümumsənət ordusuna qoşulub, bütün “tərəf”lərin xeyirinə vuruşub, beynəlxalq generalitetə daxil edilən Azərbaycan mədəniyyət əsgəri...

O, anadan olanda Bakı - bayır şəhər İttifaq «ansambl»ı daxilində böyük müharibəyə hazırlaşır, vurhay neft çıxarır, «urra!» sədalı sosialist əməyi yarışları keçirirdi. İçərişəhər isə həmin günlər öz Vaqif doğumu ilə əbədi bir mədəniyyət fontanı vurmuşdu...

Onun bu dünyaya gəlişi ilə İçərişəhərin «dardalan», «tin», «bıçaq», «qədeş», «cayıl», «zorxana» kimi məhəlli jarqonlar arsenalına «caz» adlı dünyəvi bir termin də gəlmişdi. Bu qədim, çadralı iç şəhərin cayılları bir də onda ayılıblar ki, bütöv bir planet hesab etdikləri qala divarlarına sığışmayan bu “məələ uşağı” gedir...

Beləliklə, bu təkrarsız qapalı şəhər Vaqif Mustafazadə baniliyilə öz stixiya qınından çıxıb, bu gün tez-tez işlətdiyimiz ifadə ilə desək, dünyaya inteqrasiya edir...

Vaqifə qədər “caz” sözünə “vız” edib “mız” qoyan bəzi ziyalılar belə sonralar onun “Şur”una, “Heyratı”sına tar-kaman dəsgahlarından az heyrətlənmədilər və hələ “Vaqifin cazı adamın ürəyində cızz eləyir” kimi obrazlar səviyyəsinə qalxanlar da oldu.

Ondan yalnız “cansız” şedevrlər yox, canlı Əzizə Mustafazadə əsəri də qaldı. Hansı ki, Monakoda baş mükafata layiq görülən əsərini bu çox istedadlı qızına ad və ithaf etmişdi. O əsərin bir adı da “Sənsiz”dir və adam bu yubiley məqamında, sürəkli alqış-alxış anlarında Vaqifin avtoportret motivli bir əsərini də məmnuniyyətlə dinləmək istərdi: «Mənsiz»...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 6.