Çanaqqala -
100 il sonra: savaşdan barışa
Aprelin 14-də Azərbaycan
İstiqlal Muzeyində Osmanlı ordusunun I Dünya müharibəsindəki
Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş
“Savaşdan barışa” adlı fotosərgi keçirildi.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyi, Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə Şəmsi bildirdi ki, yüz il əvvəl minillik savaş təcrübəsi olan türk ordusu bir daha böyük şücaət göstərərək hərbi texnika və canlı qüvvə baxımından qat-qat üstün olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərib. Düşmənlər türkün Vətən sevgisi, qətiyyəti, cəsarəti və inadkarlığı qarşısında öz məğlubiyyətini etiraf edib. Çanaqqala döyüşü I Dünya müharibəsinin ən ağır döyüşlərindən biri, Osmanlı dövlətinin hərb tarixində son zəfəri olub. 250 mindən çox əsgərin şəhid olduğu bu döyüşlərdə 3 mindən artıq azərbaycanlı da vuruşub, həlak olub. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün - 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
səfiri İsmayıl Alpər Coşqun qeyd etdi ki, Anadoluda
gedən döyüşlərdə türk əsgəri
öz qəhrəmanlığı və rəşadəti
ilə tarix yazıb. Osmanlı ordusunda ən yüksək
rütbəli zabitdən sıravi əsgərə qədər
- hər kəs eyni ruh yüksəkliyi ilə döyüşərək
ya şəhid, ya da qazi olub. Bu savaşdan yüz il keçməsinə
baxmayaraq, insanlar Çanaqqala adını eşidəndə qəhrəman
türk millətinin əzmkarlığına heyran olur və
bu şərəfli mücadilə hər kəsi
düşündürməklə yanaşı, onlara əsl vətənpərvərlik
irsini tərbiyə edir.
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 5.
Bakıdakı Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Cura, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək Çanaqqala zəfərinin əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, bu qələbə ilə bağlı xatirələri oxuduqca insan heyrətini saxlaya bilmir. Həqiqətən də, Çanaqqala savaşında babalarımızın göstərdiyi şücaət və igidliklər bu gün örnək olaraq anılmaqdadır. 100 il öncəyə nəzər salanda sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa edirsən. Fotolardakı simalar və şücaətlər Çanaqqala savaşının qeyd-şərtsiz böyük qəhrəmanlıq dastanına çevrildiyini nümayiş etdirir.
Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada 45 fotoşəkil yer alıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Bakıdakı Atatürk Mərkəzinin və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri iştirak edirdilər.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 5.