İslam ölkələrinin
klassik musiqi ifaçıları Bakıda
Aprelin 14-də
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
islam dünyası gənc klassik musiqi
ifaçılarının (20 yaşadək) IV beynəlxalq
müsabiqəsinin açılışı oldu.
“Kainat” Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi islam ölkələrinin mədəniyyətini, musiqisini dünyaya tanıtmaq, mədəni əməkdaşlığı gücləndirməkdir.
Açılışda çıxış edən təşkilat komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə müsabiqə barədə ətraflı məlumat verdi: “Bu il artıq dördüncü dəfədir ki, İslam Əməkdaşlıq Təşkilatı və İSESCO-nun iştirakı ilə islam dünyası gənc klassik musiqi ifaçılarının ənənəvi beynəlxalq müsabiqəsini təşkil edirik. Müsabiqənin coğrafiyası ildən-ilə genişlənir. Bu tədbirlə Azərbaycan bir daha özünü multikulturalizmin yüksək olduğu ölkə kimi göstərir”.
Rahib Rəsulzadə diqqətə çatdırdı ki, iki gün ərzində beynəlxalq tərkibli münsiflər heyətinin iştirakı ilə dinləmələr keçiriləcək. Həmçinin qeyd etdi ki, müsabiqə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi ərəfəsində təşkil olunan tədbirlər sırasına daxildir.
Yarışmada Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyadan 52 gənc - fortepiano, fleyta, violonçel, orqan, ksilofon, klarnet və skripka ifaçıları iştirak edir. Qaliblər hər ölkədən bir nəfər təmsilçi olan münsiflər heyəti tərəfindən müəyyənləşəcək.
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində qaliblərin mükafatlandırılma mərasimi və qala konsert olacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 5.