Ənənəvi
yaradıcılıqla çağdaş sənətin vəhdəti
Xalq rəssamı Kazım Kazımzadənin 100
illiyinə həsr olunmuş fərdi sərgi və xatirə
mərasimi keçirildi
Aprelin 14-də
Milli İncəsənət Muzeyində Xalq rəssamı
Kazım Kazımzadənin 100 illik yubileyinə həsr
olunmuş fərdi sərgisi və xatirə mərasimi
keçirildi. Tanınmış incəsənət xadimlərinin
iştirak etdiyi tədbir çərçivəsində sənətşünaslıq
üzrə fəlsəfə doktoru Sevil Kərimovanın
"Kazım Kazımzadə" kitabının təqdimat mərasimi
oldu.
Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Xalq rəssamının həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, Kazım Kazımzadə böyük yaradıcılıq istedadına malik olmaqla yanaşı, uzun illər İncəsənət Muzeyinə rəhbərlik edib. Müxtəlif janr və üslublarda işləyən sənətkarın əsərləri XX əsr milli mədəni irsimizin qiymətli nümunələridir. O, ənənəvi yaradıcılıq məktəbi ilə çağdaş mədəni tələblərin vəhdətindən yaranan nadir rəssamlıq bacarığından əsərlərində məharətlə istifadə edirdi.
Sənətşünas Sevil Kərimova bildirdi ki, rəssamın sənət və həyat yolunu araşdırmaq əslində uzun və maraqlı səyahətə çıxmaqdır: “Sənətkarın sözlü portretini yaratmaq üçün onu zaman və məkanın kontekstində görmək, şəxsi qeyd və həyatının kiçik epizodlarını bilmək vacibdir. Kitab da məhz bu cəhətlər üzərində yazıldı. Kazım Kazımzadə ilə birlikdə çalışan bir insan kimi bu kitabı yazmağı özümə borc bildim”.
Xalq rəssamları Tofiq Ağbabayev, Altay Hacıyev, Arif Hüseynov, Cəmil Müfidzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Kazım Kazımzadə ilə bağlı xatirələrini bölüşdülər.
Qeyd olundu ki, təsviri sənət dünyamızda Kazım Kazımzadənin özünəməxsus yeri var. Onun şərəfli həyat yolu, yadigar qoyub getdiyi bənzərsiz sənət nümunələri də bunu təsdiqləyir. Sənətkarın yaradıcılığı 60 ili əhatə edir. Onun dəzgah və kitab qrafikası, dekorativ-tətbiqi sənət, eləcə də teatr və kino rəssamlığı sahəsində yaratdığı çoxsaylı əsərlər ilk növbədə milli koloriti ilə diqqəti çəkir. Xalqımızın keçmişinə, tarixinə, zəngin mədəniyyətinə, etnoqrafiyasına dərindən bələd olan sənətkar Əzim Əzimzadə ənənələrini davam etdirib. Rəssamın irsi özündən sonrakı nəsillərə əvəzsiz örnəkdir. Onun Məhəmməd Füzulinin Kərbəladakı məzarının təsviri, Üzeyir Hacıbəyli və Səməd Vurğunu ölüm yatağında əks etdirən unikal bədii tarixi lövhələri qiymətsiz sənət nümunələridir.
Mərasimdə sənətşünas Ziyadxan Əliyev böyük mütəfəkkir, rəssam, ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın dəri üzərində işlənmiş “Şahmələk” əsərini Milli İncəsənət Muzeyinə hədiyyə etdi.
Sonra tədbir iştirakçıları Xalq rəssamı Kazım Kazımzadənin 46 qrafik əsərinin nümayiş olunduğu sərgi ilə tanış oldular. Bir həftə davam edəcək sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi "Darmadağın edilmiş faşist tankı", "İstirahət zamanı", "Anadan məktub", "Bizim uşaqlar" silsiləsindən - "Mən sizə qulaq asıram", "Rəsm çəkəcəyəm", "Çıxış ərəfəsində", “A.Bakıxanov", "Şair Əli Fəzli" portretləri, Nizami, Məhsəti Gəncəvi, Q.Şirvani, Q.Təbrizi, Xətai və Hafizin yaradıcılığına çəkilmiş illüstrasiyaları yer alıb.
Lalə
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 2.