Opera səsli, mahnı nəfəsli...

Aşıq Cünun havalı, Qoç Koroğlu davalı, “Faust”, “Riqoletto”, “Otello” qırım-durumlu Lütfiyar İmanov

 

1929-cu ilin 17 aprelində Sabirabad rayonunda doğulub, 13 yaşında Şirvanadək (Əli Bayramlıya) öküz, oradan da at arabalarında paytaxta gəlib Bülbülün “Koroğlu”suna baxıb qayıdan, 14 yaşında (1943) Sabirabad Dövlət Musiqi Teatrı səhnəsində ilk rolunu (“Beş manatlıq gəlin”də) oynayıb, 18 yaşında öz kəndində ilk dram dərnəyi yaradan və nəhayət, “Həmişəlik Bakı!” deyibən, 79 illik ömrünün 60-nı əbədilik sənətə həsr edən Lütfiyar İmanov...

 

Elə bir “çarıqlı-patavalı”, döyüş-davalı bir dövrdə (və vur-tut 13 yaşında!) “opera” adlı bir teatrda tamaşaya baxmaq üçün öküz və at arabalarında bu uzunluqda yol qət etmiş bir adam sonralar həyatda necə böyük sənət zəhmətkeşi, səhnədə Qırat fatehi olmaya bilərdi!..

 

Və beləliklə;

 

Ömrünün rişə-rövşən çağlarını Asəf Zeynallı adına Musiqi Məktəbində (A.Milovanovun sinfində) musiqi təhsilinə, ardınca Dövlət Estrada Orkestrində ötəri ifalara, daha sonra Musiqili Komediya Teatrındakı irili-xırdalı rollara sərf edən Lütfiyar, gecə-gündüz qəlbində cıdırlayan Qırat kişnərtisi, vaxt-bivaxt könlündə qılınclayan Koroğlu nərəsi məbədini gözətləyirmiş...

...1958-ci ilin bir yaz günü Musiqili Dram Teatrında bu gənc aktyor-müğənnini görüb-dinləyirkən ürəyində “bu ki əsl Koroğlu ifaçısıdır!” qənaətinə gələn maestro Niyazi onu opera teatrına dəvət edir.

Və bu da onun illər uzunu arzuladığı, sonralar “hicri ilə yüz il öncə yanıb, vüsalına min il sonca yetdiyim” - baməzəliyilə xatırlayacağı həmin məkan! Sevgili partiyaları, mükəmməl ariyaları ilə yeni “qızıl səhifələr”inə düşəcəyi Azərbaycan Dövlət Opera və Balet Teatrı...

Tezliklə, müxtəlif opera tamaşalarında rəngarəng obrazlar yaradan gənc Lütfiyarın ad-sədası da - məlahətli avazı kimi, hər tərəfə yayılır, şan-şöhrəti səs oktavası ucalığına yüksəlir, sənət bilicilərinin, dövri mətbuatın diqqətini çəkir. Dahi sələfi Bülbül “Molodyoj Azerbaydjana” qəzetinə müsahibəsində (1959) gənc Lütfiyarın böyük sənət gələcəyi haqda maraqlı fikirlər söyləyir.

Həmin “gələcək” isə çox gecikmir: ertəsi il Lütfiyar ovaxtaqədərki fövri-fraqmental uğurlar bünövrəsi üstdə möhtəşəm sənət manifestinə start vermiş olur. Belə ki, 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında baş rol - Koroğlu ona tapşırılır. Elə bir opera ki, bütün İttifaqa bəlli, elə bir obraz ki, bani və möhrü yaradıcısı - məşhuri-cahan Bülbül!

Amma elə bu dəm belə bir qənaəti də vurğulamalı ki, yarandığı gündən neçə-neçə gözəl ifaçısı olan səhnə Koroğlumuzun korifey yaradıcısından - “məşhuri-cahan Bülbül”dən sonrakı “ikinci yer” nominatoru hələ də məşhuri-külli-Azərbaycan - Lütfiyar!

 

Taleyin yar olduğu Lütfiyar...

 

İkinci sinifdəykən “Pioner” qəzetinin rəsm müsabiqəsində ikinci yeri tutan, beşinci sinifdə divar qəzetinin redaktoru olan, on iki yaşında evlərindəki patefonda Bülbülün “Eşitsin xanlar, paşalar!” hayqırtılarını, “Səni gördüm, aşiq oldum, dərdə saldın canımı!” sızlartıları altında qarğıdan at, taxtadan saz düzəldib (başında da motal papaq) səhnə-sənət şəbehi çıxaran, yeniyetmə ikən kinoteatrların afişalarını yazıb, tərtibat işlərini sahmanlayan, “Koroğlunun 7778-ci dəlisi də mənəm!” deyən Lütfiyara yaxşı yar olmalıydı tale.

Bir vaxtlar Bakını ən uzaq, ən ucqar mənzil hesab edib gəlmiş bir uşağın yaş və şan-şöhrətcə böyük yolu sonralar haralardan keçmir! Sovetlər İttifaqı və dünya boyunca (Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanıstan, Rumıniya...) saysız qastrollar. İtaliyanın Milan şəhərinə - La-Skala teatrında təcrübə və müxtəlif formatlı konsert səfərləri. İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri üçün mütəmadi-müntəzəm dəvətlər. Dahi Füzulimizin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyanın “Minilliyin mahnısı” festivalında ən arzuolunan ifaçı-qonaq...

Onun dünyanın əbədi şedevrləri hesab olunan “Karmen”, “Faust”, “Otello”, “Trubadur”, “Aida”, “Riqoletto” və başqa klassik operalarda oynadığı rollardan çox danışmağa, 1968-ci ildə bitirdiyi incəsənət universitetində, adlı-sanlı professoru olduğu Bakı Musiqi Akademiyasında ən nüfuzlu müəllimlərdən hesab edilməsi haqda geniş bəhs açmağa isə - şahid-müasirlərinin hələ çox olması baxımından - o qədər də ehtiyac görmürəm.

Vaxtilə bütün İttifaq arealını, habelə bir çox xarici ölkələrin konsert və opera səhnələrini fəth etmiş Lütfiyar İmanovun səs diapazonu kimi, yaradıcılıq imkanları da geniş və çoxcəhətli idi; o həm xalq və bəstəkar mahnılarını, həm də bizim klassik musiqi-düşüncə təfəkkür-tərzimiz üçün yeni olan rəngarəng opera-operetta-kamera partiyalarını mükəmməlliklə ifa edə bilirdi. Lakin o, əlbəttə, əslkar opera müğənnisi, bacarıqlı aktyor, milli və dünyəvi-klassik operaların orijinal ifaçısı və usta təfsirçisi idi.

Böyük bəstəkarlarımızdan Fikrət Əmirovun “Sevil” operasında Balaş, Cahangir Cahangirovun “Azad” operasında Ayaz, Ramiz Mustafayevin eyniadlı operasında Vaqif, Müslüm Maqomayevin “Nərgiz”ində Əlyar, Vasif Adıgözəlovun “Ölülər” operasında İsgəndər, Süleyman Ələsgərovun “Bahadır və Sona”sında Bahadır obrazlarının ayrı-ayrı partiya və ariyaları bu müqtədir müğənnimizin yaratdığı parlaq nümunələrdən hesab olunur. Onun klassik dünya operalarında yaratdığı (“Karmen”də Xoze, “Qaratoxmaq qadın”da German, “Aida”da Radames, “Otello”da Otello, “Hofmannın nağılları”nda Hofman, “Faust”da Faust, “Toska”da Kavaradossi və s.) obrazlar isə zaman-zaman həmin şedevrlərin həmvətənləri tərəfindən də yüksək qiymətləndirilmiş, özünəməxsus vokal universallığı və səhnə mədəniyyəti əcnəbi mətbuat tərəfindən dəfələrlə dəyərləndirilmişdir.

O, şaqraq səsi, incə sənət qılıqlı nəfəsi, qaynar baxışları, mütəhərrik jestlərilə tamaşaçı və dinləyicilərinə - bütövlükdə kompleks gözəlliklərə təşnə olan insan qəlbinə nəcib hisslər, ali niyyətlər aşılamağı ustalıqla bacarırdı. Onun ifaları çox polifonik idi; salonlar, zallar dolu müsahiblərini eyni vaxtın müxtəlif anlarında dərindən həyəcanlandıra, dərindən sakitləşdirə, dərindən zövqləndirə bilirdi. Bu gözəl ifaçı-aktyor öz sənət və məharət sintezini tamaşaçı-dinləyici auditoriyalarına professor professionallığı ilə çatdırırdı və bütün bunlar onu 1978-ci ildə SSRİ Xalq artisti adına layiq etdi. Milli opera sənətimizin yüksək ifaçılığına, mədəniyyətimizin inkişafına yarım əsrədək xidmət etmiş, sağlığında onillərlə xalqımızın zövqünü canlı-canlı oxşamış Lütfiyar İmanovun kino-tele lentlərdə yaşayan vizual irsi bu sahə ilə ilgili gənc nəsillər üçün əhəmiyyətli bir təlim-təcrübə davamiyyətidir...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 13.