Qusarlı şagird və müəllimlər üçün xizəksürmə təlimləri

Ölkəmizin ilk qış turizm kompleksi olan Şahdağ Turizm Mərkəzində Qusar məktəblərinin şagird və müəllimləri üçün xizəksürmə təlimləri keçirilib. Beynəlxalq dərəcəli təlimçinin apardığı dərslərdə ilkin təhlükəsizlik qaydaları, avadanlıqlardan istifadə, xizəksürmə vərdişləri və texnikaları öyrədilib. Yanvar-mart aylarını əhatə edən təlimlərdə ümumilikdə 800 nəfərədək 10-16 yaşlarında olan şagirdlər və məktəb müəllimləri iştirak edib.

İlkin təlimlərdən sonra şagirdlər Şahdağ Turizm Mərkəzində yarımgünlük təlim sessiyasına qatılıblar. Mərkəzdə keçirilən təlim sessiyası 12 qrupda birləşən 250 şagirdi və müəllimi əhatə edib.

Tədbirin sonunda Şahdağ Turizm Mərkəzinin direktorunun birinci müavini Rüstəm Nəcəfov bildirib ki, bizim üçün Azərbaycan gənclərinin xizəksürmə vərdişlərinə yiyələnməsi çox vacibdir: “Təlimlərə Qusarda başlamamıza səbəb isə odur ki, bu uşaqlar gələcəkdə bizim əsas müştərilərimiz və işçilərimiz olacaqlar. Xarici qonaqları və turistləri cəlb edə bilmək üçün ilk növbədə özümüzdə xizəksürmə mədəniyyətini inkişaf etdirməliyik. Azərbaycanın digər rayonlarından olan məktəblilər üçün də xizəksürmə təlimləri keçiriləcək”.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 9.