Hotellərin gəlirləri artıb

Əcnəbi qonaqların əksəriyyəti ölkəmizə turizm məqsədilə səfər edir

Ötən il Azərbaycan mehmanxanalarında keçirilən gecələmələrin sayı 2013-cü illə müqayisədə 0,8 faiz artaraq 1687,5 min adam-gecə təşkil edib. Bunun 47,6 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna, Fransa, Gürcüstan, Çin və Qazaxıstan vətəndaşları təşkil edib. Əcnəbilərin 73,2 faizi ölkəmizə turizm məqsədilə səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.

Turistlərin 43,1 faizi istirahət və əyləncə, 37,5 faizi işgüzar, qalanları isə digər turizm məqsədilə ölkəmizə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı, Naxçıvan, Xaçmaz, Quba, Şəki, Şamaxı, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qaxa səfər edən turistlərin sayı daha çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 34,7 faizini Bakı sakinləri təşkil edib.

Komitənin məlumatına görə, Azərbaycanda ötən il mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri də 2013-cü illə müqayisədə 5,7 faiz artaraq 181 milyon manata çatıb. Gəlirlərin 64,7 faizi nömrələrin satışından, 23,8 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2014-cü ildə ölkə üzrə 535 mehmanxana və mehmanxana tipli müəssisədə nömrələrin (otaqların) sayı 4,9 faiz artaraq 17363 vahid, birdəfəlik tutum isə 5 faiz artaraq 35652 çarpayı-yer olub. Birdəfəlik tutumun 11792-si Bakı şəhərində yerləşən mehmanxanalardadır.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 9.