Rəşid Behbudov - 100

Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun musiqi və kino sənətində parlaq fəaliyyəti Azərbaycan incəsənətinin zəngin mərhələsini təşkil edir. Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

 

İfa etdiyi mahnılar, səhnə və ekranda yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir.

 

Sənət yolunun başlanğıcı

 

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşadan olan tanınmış xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlmişdir. Şeir-sənət mühitində böyüyən Rəşid də bu sehrli aləmdən ayrıla bilmir. Uşaq yaşlarından oğlunun musiqiyə marağını görən ata ona xalq mahnılarını öyrədərək daha da ruhlandırmışdır. Beləliklə, Rəşid Behbudov musiqiyə sevgisini, sənət zövqünü bütünlüklə ailəsindən əxz etmişdir. Yəni ali musiqi təhsili almasa da, atasının rəhbərliyi altında əsl sənət məktəbi keçmişdir. Sənətkarın lent yazılarında xalq mahnılarını ifası zamanı muğama müraciət etməsi, həm xalq çalğı alətləri ansamblı, həm də estrada orkestrinin tərkibində milli musiqi alətlərinin müşayiəti ilə oxuması bunu sübut edir.

Rəşid hələ orta məktəbdə oxuyarkən ifa etdiyi xalq mahnıları ilə sevilirdi. 1933-cü ildə orta məktəbi bitirib dəmiryol texnikumuna daxil olur. O vaxtdan konsertlərdə çıxış edir. Tələbələrdən ibarət “Big band” özfəaliyyət orkestrini yaradır. Bu, Gürcüstan mədəni həyatında bir yenilik idi. O, orkestrlə konsert salonlarında, müxtəlif tədbirlərdə çıxışlar edir. Həmin müddətdə Rəşid Behbudov Gürcüstan vokal məktəbinin banisi SSRİ Xalq artisti David Anquladze ilə tanış olur. Bu tanışlıq onun həyatında mühüm rol oynayır. Gənc musiqiçi D.Anquladzenin məşqlərində iştirak edir. Ondan opera sənətinin incəliklərini öyrənir. Bununla yanaşı, Gürcüstan Opera və Balet Teatrında xor solisti kimi işə düzəlir. 1935-ci ildən Tiflis Hərbi Qarnizonunun ansamblında solist-müğənni kimi fəaliyyətini davam etdirir. Burada o, tanınmış rus bəstəkarları İ.Dunayevski, M.Blanter və digərlərinin mahnılarını repertuarına daxil edir. Zaman keçdikcə onun özünəməxsus ifaçılıq üslubu yaranır. Rəşid Behbudov hərbi ansamblla yanaşı, estrada ansamblları ilə də çıxış etməyə başlayır. Tez-tez konsert proqramları ilə Bakıya da gəlir. Get-gedə şöhrəti yayılır, diqqətləri cəlb edir. 1941-ci ildə Böyük Vətən müharibəsi başlanır. Müharibənin ən qızğın çağlarında müğənni döyüş bölgələrində çıxış edir.

 

Mavi ekranlara doğru

 

1944-cü ildə müğənni Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən eyniadlı filmdə Əsgər roluna dəvət alır. Bununla da sənətkarın yaradıcılığında yeni dövr başlayır. 1945-ci ildə ekranlara çıxan filmin əsas obrazlarının ifaçıları SSRİ Dövlət mükafatına layiq görülürlər. Əsgər obrazı Rəşid Behbudov yaradıcılığının və sənətkarlığının yüksəlişi üçün mühüm bir pillə olur. Məhz bu filmdən sonra onun yaradıcılıq yolunda yeni mərhələlər, səhifələr açılmağa başlayır. Onu da deyək ki, maestro Niyazi və bəstəkar Tofiq Quliyev sənətkarı bu rolda çəkilməyə çətinliklə razı salmışdılar.

Bundan sonra bir sıra musiqili filmlərə dəvət alan Rəşid Behbudov çoxcəhətli istedadını tamaşaçıya çatdırmağa müvəffəq olur. Müğənnilik və aktyorluq keyfiyyətlərinin qovuşmasını biz sənətkarın çəkildiyi filmlərdə daha aydın görə bilirik. 1955-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Bəxtiyar”, 1975-ci ildə çəkilmiş “Min birinci qastrol” filmləri də bu sıradandır.

Buna qədər müğənni 1953-cü ildə “Bakı” kinostudiyasında istehsal edilən “Doğma xalqıma” adlı bədii-sənədli filmdə (rejissor Mixail Romm, Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli) rol alır. Bu ilk musiqili Azərbaycan filmlərindən biridir. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu ekran işi haqqında yazır: “Film-konsert janrında çəkilmiş bu kinolent incəsənət ustalarının Azərbaycan zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır. Respublikanın rayonlarına qastrol səfərlərinə yola düşən artistlərə Rəşid Behbudov özü rəhbərlik edir”.

1940-cı illərdən kino musiqisi sahəsində fəaliyyətə başlamış görkəmli bəstəkar Tofiq Quliyevin “Bəxtiyar” filmində Rəşid Behbudov səsinin və sənətinin, istedadının tam açılmasında mühüm rolu olmuşdur. Lətif Səfərovun rejissoru olduğu filmdə Rəşid Behbudov və Tofiq Quliyevin işbirliyi qabarıq surətdə özünü büruzə verir. Filmdə müğənninin bir-birindən fərqli janrlarda, yüksək ifaçılıq qabiliyyəti ilə təqdim etdiyi mahnılar ekran əsərinin uğurlu alınmasında rol oynayıb. Burada səslənən “Bakı haqqında mahnı”, “Zibeydə” və tanqo ritmli “Sevgilim” mahnıları ifaçının estrada səhnəsindəki uğurlarının təcəssümüdür.

 

Məlahətli səs, aydın tələffüz

 

Rəşid Behbudov həm də əsl konsert müğənnisi idi. Musiqişünaslar qeyd edir ki, vokal sənətində səs aparıcı rol oynayırsa, konsert ifaçılığında “musiqili söz”, sözün çəkisi, əhəmiyyəti daha üstündür. Konsert ifaçıları üçün qüsursuz, təmiz diksiya əsas şərtlərdən biri kimi qəbul edilir. Bu, muğam sənətində də belədir. Musiqi sənəti tariximizdə çox az sənətkarlar var ki, gözəl səslə bərabər, təmiz və düzgün diksiyaya malik olsun. Rəşid Behbudov da yeganə müğənnilərdən idi ki, onun səsi ilə tələffüzü qırılmaz surətdə bir-birinə bağlıdır. Onun ifasında səs və söz bir-birini tamamlayır. Bu cür tandem məlahətli ifada mahnının estetikasını daha da gücləndirir. Bu bacarıq müxtəlif dillərdə ifa etdiyi bütün mahnılarda özünü göstərir. Gözəl ifa, musiqi duyumu, aktyorluq qabiliyyəti və yüksək səhnə mədəniyyəti sənətkarı tamaşaçıya sevdirən, yüksək zirvələrə qaldıran cəhətlər idi.

O, xalq mahnılarını da özünəməxsus tərzdə ifa edirdi. “Gözəlim, sənsən”, “Küçələrə su səpmişəm”, “Laçın” və s. mahnılar məhz onun ifaçılıq tərzində xalqın yaddaşına həkk olunmuşdur. O, xalqın yaddaşında yaşayan mahnıları öz süzgəcindən keçirərək xalqa yeni cizgilərlə təqdim edirdi. Bu da Rəşid Behbudovun özünəməxsusluğunun bir nümunəsidir. Sənətkar xalq mahnıları ilə yanaşı, bəstəkar mahnılarına da müraciət etmiş, repertuarında özünün bəstələdiyi mahnılara da yer ayırmışdır. “Ankara və İstanbula salamlar”, “Gəncə” bu qəbildəndir.

 

Mahnı Teatrında yaşanan ikinci ömür

 

Bakıdakı Mahnı Teatrı ölməz ifaçının həyata keçirdiyi ən böyük layihə idi. Bu layihədə mahnı səhnədə öz təsvirini tapa bilirdi. Sənətkarın müsahibələrindən birində bu teatrla bağlı fikirlərə rast gəlirik. O, teatrın bir çox janrları - musiqi, balet eləcə də poeziyanı özündə birləşdirdiyini deyir: “Mahnı teatrı müğənninin oxuduğu mahnıya illüstrasiya deyil, bu, əsl tamaşadır və onun baş qəhrəmanı mahnıdır”.

1968-ci ildə yaranan bu sənət ocağı haqqında sənətkar sonralar deyirdi: “İstəyirdim, elə bir kollektiv yaradım ki, xalq musiqimiz, muğamlarımız, qədim rəqslərimiz, müasir xoreoqrafiya, bəstəkarların yazdığı instrumental, vokal əsərlər, estrada, caz, milli alətlərimiz bu kollektivdə konsert zamanı birləşsin. Tamaşaçı bir neçə saatlıq konsert zamanı Azərbaycan mədəniyyəti ilə yaxından tanış ola bilsin”.

Baş qəhrəmanı sənətkarın özü olan teatr əsl peşəkarlardan ibarət bir komanda şəklində dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini tərənnüm etmişdir. Mahnı Teatrı kollektivi 52 ölkənin 186 şəhərinə qastrol səfəri etmişdir. Bu konsertlər milliliyi, müasirliyi və teatrallığı ilə tamaşaçıları cəlb edə bilirdi. Təəssüf ki, 1989-cu ildə teatrda Rəşid Behbudovun ssenarisi üzrə yazılmış “Azərbaycan toyu” adlı proqramın premyerası sənətkarın dünyasını dəyişməsi ilə təxirə salınır və beləliklə, teatr öz həyatını Rəşidsiz yaşamağa davam edir.

Həm müğənni, həm də aktyor kimi böyük şöhrət qazanan Rəşid Behbudov ictimai fəaliyyətlə də məşğul olmuşdur. SSRİ Ali Sovetinin deputatı olan böyük ifaçı keçmiş sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış etmiş, xalq mahnılarımızın və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xaricdə populyarlaşmasında çox böyük rol oynamışdır. Getdiyi bütün ölkələrə nəğmə dolu ürəyində Vətəni Azərbaycanı da aparırdı.

1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adları verilmişdir. Bununla yanaşı, “Lenin”, “Qırmızı əmək bayrağı”, “Xalqlar dostluğu” ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülmüşdür. Rəşid Behbudovun məlahətli səslə oxuduğu mahnılar bu gün də qəlblərə yol tapır, zövqləri oxşayır, gələcəkdə də belə olacaq.

 

Lalə Azəri

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 7.