Gəlməyən qatarı gözləyərkən

Və ya 21:15 reysinin zavallıları

Gecikmək ən pis hisdir. Doğulmaqdan ölümədək hər şeyə gecikmək dözülməzdi. Di gəl insan elə daim gecikdiyini zənn edir və bu çürük düşüncələrlə həyatını, ona verilən sayılı günləri zülm-zillətdə keçirir. Adama burda deyərlər ki, a qaragünlü, guya tələsib dünyanı xilas edəcəkdin, yoxsa Adəmlə Həvvanın cənnətdən qovulmasına mane olacaqdın? Uzağı hər şeyi bir az çox görəcəkdin, yemək yediyin süfrədə doyduğunu hiss etmədən tıxdığın kimi. Bu da sənin nəyinə? Qarınqululuq elə qarğa ömrü yaşamaq kimi bir şeydir. Əlqərəz, “çox yaşadım-tez öldüm”lə yorma qafanı, gedəcəyin günə qədər yaşa.

 

Belə sərsəm-sərsəm düşüncəli dəmiryolu vağzalında idik 15 aprel axşamı. Bizləri ora toplayan səbəb özlüyündə böyük olmasa da, mətləbləri, fəlsəfəsi, ağır eyhamları, şapalaqlayan gerçəkləri ilə əndazədən çıxmamıza vəsilə oldu. Yəni ora toplaşanların başına elə bir fikirlər dürtdü ki, gəl indi yaşa görüm, necə yaşayırsan.

 

Hər kəsin öz qatarı

 

Yaz axşamı şəhərin gəzib-dolaşmalı parklarını Akademik Milli Dram Teatrının tamaşa zalına dəyişənlərə “21:15 qatarı” adlı yeni səhnə əsəri təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Əsərdə xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova, Firuz Xudaverdiyev rol alıblar.

Premyeraya paytaxt teatrlarının rəhbərləri və aktyorları, çoxsaylı qələm əhli toplaşmışdı. Demək, baxmalı və müzakirə olunmalı iş var. İş, məhsul ideyadan səhnə həllinə tam idi. Yerində sadə və açıq həqiqətlər var idi. Bir də seçkin mizanlara uyan, hoqqabazlıqdan uzaq oyun. Yəni dramaturji xətdən çıxmayan, aktyoru sadəcə oyununa, materialın məğzinə varmağa məhkum edən ifa manerası.

Akademik teatra yaxın, onun dilinə, yol-yöndəminə bələd rejissor “21:15 qatarı”nın sakinlərindən nə istəmişdi və nə aldı, bilmirəm, amma tamaşa səmimi və baxımlı alınmışdı.

Əsər qlobal problemləri bir adamın fonunda yükləyib cəmiyyətə ötürən, beləcə fəlsəfi yüklü, ötürücü ideyaları çox, nəticələri ağır, təması dolayı idi. Yəni tamaşaçıya sadə, amma qorxunc həqiqətlərə elə gəlməyən qatarın relsləri ilə sürütləyir, üz-gözünü, əl-ayağını parçalayır, sonda da əlindən tutub ayağa qaldırır və “get yaşa, qafandakı azadlığı, onun içindəki ən çox ehtiyacın olduqda belə ən az işlətdiyin beynini qurcala, ay bədbəxt məxluq” kimi güldən ağır daşdan yumşaq mətləbi həzm etdirir. Deyir ki, “ey daş qutucuqları ilə öyünüb, dünyanı metal qutucuqlarının pəncərəsindən görən daşlaşmış düşüncəli ət adamlar, az qalıb e, taxta qutuda torpağa qarışmana gözünlə qaşın arasındakı məsafədən də az qalıb. Nə tutmusan dünyanın ətəyindən, yaşamağına bax, onsuz da lazımi anda o kəsəcək ətəkdən yapışan əlini”... Yükünüzü bu ağırlıqda tutdunuzsa davam edək.

 

Yaşaya bilsən, buyur...

 

Ərz edim ki, “21:15 qatarı” Toyqun Orbayın yaradıcılığının Azərbaycan teatrlarında ilk təqdimatıdır. Əslində heç o qədər tanınmış müəllif də deyil. Yəni dramaturgiyası rejissorlar üçün asan həzm olunacaq, daha doğrusu, tamaşaçının hər nüansda anlayacağı müəlliflərdən deyil. Ona görə də onu səhnələşdirən rejissordan əməllicə iş tələb olunur. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiyada da qələmini sınayan müəllif insan münasibətləri, həyatla ölüm, reallıqla irrealıq arasındakı incə xətti tuta bilir. “Mat”, “Şərəfinə insanoğlu” pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulan yazarın “21:15 qatarı” onu daha çox tanıdıb.

2002-ci ildə yazdığı bu birpərdəli pyesi dilimizə Dilsuz uyğunlaşdırıb. Onu da deməliyəm ki, müəllifin üslubunun qorunması prinsipi əsərin dilini müəyyən mənada ağırlaşdırıb. Ən azı əzbərə bildiyimiz Türkiyə türkcəsindən çevirmədə bu prinsiplər nəzərə alınmalı, xüsusən monoloqlarda onsuz da yüklü ideyaların çoxluğunda cümlələri ağırlaşdıran, bəzən də aktyorların dilini dolaşdıran ifadələrdən qaçılmalı idi.

Rejissuraya gəlincə, Bəhram müəllim hər aktyorun yükünü yenə də ədalətlə bölmüşdü və onların hər birindən mütləq şəkildə dramaturji xəttə uyğun olan oyun manerası, mütləq yeni ştrixlər və ən vacibi çığırtısız, anlaşılan, aktyoru tamaşaçının daxilinə nüfuza səsləyən oyun istəmişdi. Aktyorlar da bunu gözəl duyduqlarından həm tamaşaçı ilə gözəl dialoqa girir, həm də bir-birlərini tamamlayırdılar. Tərtibatdan musiqiyə hər ştrixdə gözə görünməyən bir çərçivə, amma həm də o çərçivənin içərisində sonsuz azadlıq vardı. Düşünürəm ki, bu azadlıq həm aktyorları, həm də zaldakıları xoşbəxt etmək üçün yetərli idi. Sadə səhnə tərtibatı və klassik musiqi də öz işini gördü.

 

Heç vaxt və həmişə

 

Qısa süjet təxminən belə idi: Bir qadın və bir kişi kiçik dəmiryol vağzalında qarşılaşırlar. Onlar düşünürlər ki, bu vağzala heç vaxt qatar gəlmir və gəlməyəcək. Vaxtlarını bir-birlərini tanımağa, incəsənət, musiqi, həyat, insanlar və ümumilikdə var olmaq haqda düşüncələrini paylaşmağa sərf edirlər. Kişi əsl intellektual, qadın isə tez-tez etiraz edən şagird rolunda çıxış edir. Bu vaxt ərzində onlar qatarsız qalan vağzalın rəhbəri ilə də tanış olurlar. Tamaşanın sonunda qatar gəlir və kişi gözdən itir. İndi onun yerini növbəti sərnişinə yol göstərəcək qadın tutur.

 

Qatardan qalan tüstü: mesajlar ağırdır, dostum!..

 

Sadə, miskin vağzaldakı skamyada oturan qara kostyumlu kişi böyük çamadanını özü ilə sürüyən gözəl qadını sanki çoxdan gözləyirdi. Amma bunu hiss etdirməmək üçün gözlərini yumub qulaqcığından eşitdiyi musiqi aləmində idi. Ta qadın onu silkələyib fikrindən ayıranadək. Bu xəyal dünyasından qoparılmadan guya məmnun görünməyən Kişi (Xalq artisti Nurəddin Mehdixanlı) xoşbəxt gülümsəməsi ilə qadının bütün vücudunu bəzədi. Deyəsən, ilk baxışma Qadını (Əməkdar artist Sənubər İsgəndərova) məmnun etdi. Sadəcə kişinin qəribəliyi və qatarın heç vaxt gəlmədiyi, amma həm də nə vaxtsa gələcəyi barədə verdiyi ikibaşlı proqnozlar onu çaşdırdı.

Ortayaşlı gözəl, cazibəli, həm də yaşlanmaqdan qorxan sadəlövh təsirli qadın hər vəchlə kişinin onu qatarın gələcəyi barədə dediklərindən döndərməyə, gecikmədən mənzilbaşına çatmağa, həmişə hər şeydə gecikməsinin bu yolla intiqamını almasına yardımçı olmağa səsləyir. Arabir şıltaqlığı, qadın cazibəsi, xoş aurası ilə, əslində, bütün bədən təmaslarını Allah bilir hansı fəlsəfədə yaşayıb bitirən kişinin vecinə də deyil. Çünki o kişi bilir ki, “Ən yaxşı adamlar küçələrdə ölürlər, üzləri qəzet səhifələri ilə örtülür. Ən pis adamlar isə kürsülərdə, verdikləri ölüm fərmanları ilə “mən Allaham” dedikdə. Allah olmaq istəyi ilə elanlı, elansız müharibələrdə ölürlər”. Odur ki, onun yeganə məqsədi qadını inandırmaqdı. Nəyə? Özünün inanmağa məhkum olduğu həqiqətlərə, təsəlliyə, istəsən absurd yuxulama dediyin mülahizələrə. Əslində, o, hər vəchlə qarşısındakı sevimli qurbanı xilasa, varlıqla yoxluq arasındakı incə məqamı duymağa səsləyir.

Bu qədər vaxtda nə lənətlənmiş qatar gəlir, nə də daim 21:15-i göstərən saatın əqrəbləri dəyişir. Heç nə vaxtsa qatarın gəlməsi ümidi ilə daim tətikdə olan barmaq kimi həyəcanlı, çəlimsiz, bitkin və bir o qədər də miskin Vağzal müdiri (Xalq artisti Hacı İsmayılov) dəyişmir.

Amma möcüzəli xəyal gerçəkləşir və Kişinin “gələcək, mütləq gələcək” dediyi qatar gəlir və yüksüz Kişini aparır. Deməli, Kişi missiyasını yerinə yetirib. Budur, artıq qadın onun skamyasında oturur, Kişinin dinlədiyi musiqiyə qulaq asıb vağzalın yeni sakininə qatarın gəlməyəcəyi barədə bəd xəbəri verir. Qadından fərqli olaraq Yaşlı kişi (Əməkdar artist Firuz Xudaverdiyev) tez təslim olur və əcəlini gözləyən ağır xəstə kimi skamyanın küncünə qısılıb gözləyir...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 6.