Kitabxanaçıların
Quba-Xaçmaz zonası üzrə müşavirəsi
keçirilib
Müasir informasiya cəmiyyətində
informasiyanın toplanıb saxlanılmasında kitabxanaların
rolu əvəzolunmazdır
Xaçmaz
Tarix-Diyarşünaslıq Muzeyində
kitabxanaçıların Quba-Xaçmaz zonası (Quba, Qusar,
Xaçmaz, Şabran, Siyəzən, Xızı) üzrə
müşavirəsi keçirilib.
Müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Milli Kitabxanasının əməkdaşları və Quba-Xaçmaz zonası üzrə rayon kitabxanalarının mütəxəssisləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbirin keçirilməsində əsas məqsəd "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin davamlığının təmin olunması üçün kitabxanaların müasir dövrdə rolu, fəaliyyəti, problemləri, inkişaf perspektivlərini müzakirə etmək, mövcud vəziyyəti təhlil edərək qarşıdakı vəzifələri müəyyənləşdirməkdən ibarət idi.
* * *
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, yaşadığımız informasiya cəmiyyətində informasiyanın bir yerə toplanıb saxlanılmasında kitabxanaların rolu və mövqeyi əvəzolunmazdır. Kitabxanalar informasiyanı toplayıb saxlamaqla yanaşı, əldə olunan informasiyanın təyinatı və tələbatı üzrə paylanmasını, çatdırılmasını bilavasitə yerinə yetirən və xalqla sıx əlaqədə olan sosial qurumlardır. Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlətdir, ölkəmizdə digər sahələr kimi kitabxana işi də inkişaf edir, informasiya cəmiyyəti qurulur, milli şəbəkə infrastrukturu formalaşır. Əldə olunan bu nailiyyətlər, şübhəsiz ki, dövlətin dəstəyi olmadan reallaşa bilməz.
Azərbaycanda kitabxana işi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə inkişaf edib, çiçəklənib, hüquqi bazaya malik olub, insan fəaliyyətinin ən humanist bir sahəsi kimi layiqli qiymətini alıb. Bu gün informasiya cəmiyyətində internetlə təmin olunmuş və kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə - kitabxanaya daim ehtiyac duyulur.
Vurğulanıb ki, geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana var. Onlardan 3172-si Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə daxildir: “Bizim kitabxanalarda 10 mindən çox insan çalışır, onlardan 8285-i kitabxanaçı kadrlardır. Bu kitabxanalar 2 milyondan çox oxucuya xidmət edir. Kitabxanalar vasitəsilə oxucuların ixtiyarına 32 milyon 300 mindən çox ədəbiyyat, dövri nəşr və elekton vəsait verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam ölkəmizin kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Sərəncam Azərbaycan kitabxana tarixində ilk dəfə kitabxana işini, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu mövqeyini, müasir informasiya cəmiyyəti şəraitində kitabxanaların vəzifələrini, gələcək inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən böyük proqram əhəmiyyətli bir sənəddir. Ölkə başçısının 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişaf strategiyasını və geniş tədbirləri müəyyən edib: “Beş il ərzində icra olunan Dövlət Proqramı ölkədə kitabxana işində yeni mərhələ yaratdı. Bu və ölkə başçısının digər mühüm sərəncamları respublikamızda kitabxana işinin inkişafına səbəb olmuş, kitabxana-informasiya sahəsində köklü islahatların aparılmasına təkan vermişdir”.
Zona müşavirəsində 6 rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin fəaliyyətinin diqqət mərkəzində olacağını, mövcud nailiyyətlər və problemlər haqqında fikir mübadiləsi aparılacağını deyən Vaqif Əliyev ümidvar olduğunu bildirib ki, aparılan müzakirələr gələcək işlərdə kitabxanalar üçün müəyyən olunmuş prioritet istiqamətlərin həyata keçirilməsi üçün zəmin yaradacaq.
* * *
Sonra nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək kitabxanaların vəziyyəti, əldə olunan nailiyyətlər, habelə nöqsan və çatışmazlıqlardan ətraflı söhbət açıb. Statistik göstəricilər iştirakçıların diqqətinə slaydlar vasitəsi ilə çatdırılıb. Dövlət başçısının kitabxana-informasiya sahəsi ilə bağlı müvafiq sərəncamlarının bu sahənin dinamik inkişafına güclü təkan verdiyi bildirilib. Qeyd olunub ki, bu sərəncamlarla əlaqədar MKS-lərdə xüsusi tədbirlər planı tərtib edilib, kitabxana filiallarına metodiki məktublar göndərilib, məsləhətlər və göstərişlər verilib. Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli, 162 saylı qərarına əsasən respublikanın bütün kütləvi kitabxanalarında kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələri yaradılıb. Region kitabxanalarının fəal inkişafı nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Quba-Xaçmaz zonası kitabxanalarının vəziyyətini geniş təhlil edən sektor müdiri bildirib ki, kitabxanaların əksəriyyəti uyğunlaşdırılmış, şəraiti olmayan binalarda fəaliyyət göstərir. Əksər kitabxanaların əsaslı təmirə, kompüter avadanlığına ehtiyacı var. Kitabxana filiallarında kommunikasiya sisteminin qənaətbəxş olmaması oxuculara xidmət işinin təşkilinə mənfi təsir göstərir. MKS-lərin qarşısında duran digər məsələ fondların elektron informasiya daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılmasıdır. Bu məqsədlə “Milli ədəbiyyat” müasir informasiya daşıyıcıları fondları yaradılmalıdır. Müasir informasiya daşıyıcıları ilə zənginləşdirilmiş fondların qorunması ən ümdə məsələlərdəndir. Rayonlarda nəşr edilən yerli qəzetlərdən diyarşünaslığa dair materialların toplanması, qorunması məqsədilə onların biblioqrafik uçotunun aparılması, informasiya daşıyıcılarına köçürülməsi və zəruri materialların istifadəsi təmin edilməlidir.
Sektor müdiri qeyd edib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yerlərdə vətəndaşlarla görüşlərində kitabxana işinə xüsusi diqqət ayrılır. Qəbullarda qaldırılan əsas məsələlər uşaq ədəbiyyatının azlığı, kitabxanaların maddi-texniki bazasının zəifliyi, dövri mətbuata abunənin yetərli olmaması barədədir. Bu gün ən mühüm problemlərdən biri də cəmiyyətdə mütaliənin aşağı olmasıdır. Yeni informasiya texnologiyalarının gənclərin real həyatına daxil olması onların kitaba və kitabxanaya olan maraqlarını xeyli azaldıb. Kitabxanaların xidmət şöbələri əhaliyə kitabla xidmət işini yerinə yetirməklə yanaşı, onlarda mütaliə mədəniyyətinin aşılanması istiqamətində ardıcıl işlər həyata keçirməlidirlər. Geniş oxucu kontingentinin fondlardan səmərəli istifadə etməsinə real şəraitin yaradılması isə kitabxana işçilərinin vəzifə borcudur.
Sektor müdiri onu da diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müasir kitabxana-informasiya mərkəzlərinin layihəsi işlənib hazırlanıb: “Biz yerlərdən təkliflər gözləyirik. Bu məqsədlə kitabxanalar oxucuların arasında sorğular aparmalı, onların maraqlarını müəyyən etməlidirlər. Hesab edirik ki, bu gün səslənən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün yerlərdə geniş müzakirələr aparılmalı, xüsusi iş planı tərtib edilməli və əməli işlər görülməlidir”.
* * *
Müşavirdə Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev "Əhalinin mütaliə marağının artırılması kitabxanaların fəaliyyətinin prioritet istiqamətlərindən biridir", Xaçmaz rayon Mərkəzi kitabxanasının informasiya-resurs şöbəsinin müdiri, Xaçmaz Amerika Mərkəzinin koordinatoru Sevda İsmayılova "Amerika guşəsində istifadəçilərə yeni xidmətlərin göstərilməsi", Xızı rayon MKS-nin direktoru vəzifəsini icra edən Aişə Əliyeva "Fondların komplektləşdirilməsi günün ən vacib məsələsidir" mövzularında çıxış ediblər. Şabran rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Arzu İsayevanın "Azyaşlı uşaqlar "danışan kitablar"la necə işləyir?", Quba rayon Mərkəzi kitabxanasının şöbə müdiri Gülnisə Abasovanın "Müasir dövrdə elektron resurslarla iş", Siyəzən rayon Mərkəzi kitabxanasının şöbə müdiri Kifayət İsmayılovanın "Kitabxana filialları - informasiya mərkəzi kimi" mövzularında çıxışları dinlənilib.
* * *
Zona müşavirəsinin iştirakçılarına "ALİSA" proqramının təqdimatı nümayiş etdirilib. Kitabxanaçılara tövsiyə və məsləhətlər verilib, onlar bir-biri ilə təcrübə mübadiləsi aparıblar. Müşavirə iştirakçılarına müasir kənd, kitabxana-informasiya, istirahət mərkəzləri layihələrinin slaydları nümayiş etdirilib.
Mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev müşavirəyə yekun vurub.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 4.