Mikayıl Rəfili -

ömrü uzunu poeziya, mədəniyyət və elm yolumuzda döyüşmüş və… döyülmüş fenomenal aydınımız!

Mətbuatımız, ədəbi ictimaiyyətimiz, “neytral” cəmiyyətimiz içrə üzdə çox az yazılan, danışılan, tanıtılıb-tanınan elm-irfan nəhəngimiz. İçdə isə (artıq hər mənada arxivləşmiş mətbu məqalələrdə, monoqrafiyalarda, az-para memuar və saysız xatiratlarda) olduqca maraqlı fikirlər, qənaətlər, yarı pozitiv-yarı neqativ münasibətlərlə əfsanələşmiş əfəndimiz. Elə sağlığında ikən gah əzizləyib-qədirləyən, gah qərəzləyib-mərəzləyən rəylər, xatirələr obrazı...

 

Bu xüsusdakı yazılıların hamısından öncə, səbəbkarın özündən kiçik bir -

 

Şifahi sitat:

 

“Bu saat da küçədən keçəndə ehtiyatlanıram ki, filankəslərin adamları bir böyürdən çıxıb, xəncər soxarlar böyrümə”...

Kimmiş o “filankəslər”? Özləri - polad stalinizm-bolşevizm-daşnakizm üçbucağından sıyrılıb çıxmağa çalışan beş-on milli qeyrətlimizin əhədini, “adamları” isə bədənini kəsən “filankəslər”. Ovaxtdan-buvaxta “uşaqlarından, nəvə-nəticələrindən ayıbdır”- deyə, abırlarına qısılan müasirlərinin yazı-pozuda imzaları, söz-söhbətdə ad-soyadları üstündən sükutla keçdikləri “bəhmənkəslər”!..

...Elə biz də “bu qəbil nəhəng bir kişidən bəhs edilən yazıda o sort (inkari söz önlüklü) kişilərə bundan artıq yer ayırmazlar” qənaətilə keçək mətləbə.

 

Deyək ki;

 

Tələbələri daha çox yazıblar, danışıblar bu “məftunedici” pedaqoq haqda. “Bədxahlarına çox acı, çox qorxulu, onlar üçünsə qədərsiz qədər sevimli”, “mühazirələrdə coşanda - nitq tezliyi təfəkkür sürətindən geri qalıb dili topuq çalanda, qələmlərini yerə qoyub, sifətinə baxmaqdan doymadıqları” parlaq ziyalı-müəllim obrazı barədə. Olardan biri yazır ki;

“...İndi, o dövrdən yaddaşımda qalan bir sıra faktları ümumiləşdirdikcə, az qalıram deyəm ki, Mikayıl müəllim bütün aləmlə təkbətək mübarizədə imiş. Cəmiyyətin ona - bu hərtərəfli istedad sahibinin bənzərsiz (və xeyli ləzzətli!) ərköyünlüyünə bir qədər səbir və yumorla yanaşmaq əvəzinə, kin-küdurət dolu təpkilər göstərdiyinə görə qəzəbli pələngə dönmüş Rəfili əhatəsindəki əngəllər cəngəlliyini təkbaşına yarıb keçmək istəyirmiş”.

Bu nəqli-müzare abzas “iş işdən keçmiş” təəssüfü ilə müşayiət olunan bir sual-nida ilə yekunlaşır: “İnsan sinəsi buna dözərmişmi?!”

Görkəmli alim-müəllimin əyani (sözün hər iki mənasında) tələbələrindən biri “buna” işarətilə yazı qəhrəmanımızın yalnız ideoloji-psixoloji dözümünü ehtiva etmiş olub, onun öz ədəbi-bədii, elmi-populyar, ədəbiyyatşünaslıq, publisistik irsi, habelə, ictimai-milli xatirələr bəzəyən şəxsiyyət elementlərilə pozitiv nüanslar bəxş etdiyi minlərlə qiyabi (bu da hər mənada) tələbələrindən biri olan bəndəniz isə -

 

Bunlara...

 

Öncədən deyim ki, bütün “bunlar”, əsasən, bu universal ziyalının öz əlli üç illik ömürlüyündə doğum və ölüm ay-günündən (25 aprel 1905, Goranboy - 25 aprel 1958, Bakı) savay heç nədə təkrarçılığa yol vermədiyinə, daim yeniliklərə yürüyüb, orijinallıqlara imza atdığına görə baş verib. Bu xalqın “çətin dövrlər taleyindən” sıyılıb-yarınmaz bir şair, yorulmaz ədəbiyyatşünas, güzəştsiz tənqidçi kimi keçdiyindən yana yönlənib. Əhatəsindəki paxıl, manqurt, qırmızıhal ağsaqqallar içərisində 15-16 yaşlarında Azərbaycan Xalq Cümhuriyyətinin yazıçılar ittifaqı statuslu “Yaşıl Qələm” ədəbi birliyinin, otuz yaşından Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü, Böyük Vətən müharibəsinin sonlarında filologiya elmləri doktoru, professor olması və... özəl-özgür keyfiyyətlərilə bütün namuslu həmkarlarının, xüsusən, çoxsaylı tələbələrinin birmənalı sevgilərini qazanmasına rəğmən, yaşadığı mənfur siyasi-ideoloji dövrün baş hədəf-nişangahına çevrilməsi səbəbindən yaranıb...

Yazımın həcmi baxımından aşağıda, gördüyü iş-güclərinin yarı-parasından da azına toxunacağım bu əməl-amallar adamının o qədər maneələrə tuş gəlməsi, elə bir az da “təbii” deyilmişmi?..

Məncə, təbii imiş və “yorulmayasız!” arzusu ilə -

 

Buyurun:

 

Ucqar bir kəndli ailəsində doğulub, gimnaziya təhsililə (Yelizavetpol) Bakıya gəlib, 13-14 yaşında bədii yaradıcılığa başlayan, doğulduğu Borsunlu kəndində müəllim və məktəb müdiri olan, qurultaylara nümayəndə seçilən, Azərbaycan Politexnik İnstitutunu və ADU-nun (BDU) Şərq dilləri fakültəsini bitirən, 22 yaşında Moskva Dövlət Universitetində təhsil alırkən Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru, Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri, Ümumittifaq proletar yazıçıları I qurultayının nümayəndəsi, Azərbaycan Dövlət Pedaqoji İnstitutu rus ədəbiyyatı kafedrasının dosenti, “Bakinski raboçi” qəzetində mədəniyyət şöbəsinin müdiri, SSRİ Yazıçılar İttifaqı təşkilat komitəsinin üzvü olan, yüzlərlə elmi məqalə, Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiyalar, 3 poema, 1 kinossenari, 1 pyes qələmə alan, 15 kitab yazıb, 17-sini əsl ustalıq-ustadlıqla tərcümə (günü bu gün də maraqla oxunan “Səfillər”, “Paris Notrdam kilsəsi”, “Dirilmə”, “Baxçasaray fontanı”, “Qorio ata”, “Qobsek” və s.) edən belə bir azman təfəkkür sahibi və... elm, ədəbiyyat, mədəniyyət aləmimizə bu qədər xidmətləri müqabilində "Şərəf nişanı" ordeni və bir neçə ənənəvi-modal medalla təltiflənmə...

 

Ancaq nə qəm;

 

Dünənlərdə çoxlarından güclü, maraqlı, seçmə-seçkin yaşamış bu cəfakeş ziyalımız özünün neçə-neçə kitabında, qədirbilən gənc tədqiqatçılarını gözləyən köhnə qəzet-jurnal səhifələrində, ithaf-xatirələrdə yaşamaqda.

Sonunculardan bir-iki yarpaq.

Əlbəttə, əvvəlcə (və əsasən) tələbələrindən:

“Biz üçüncü kursda olanda Rəfili vəfat etdi. Akt zalından götürdülər. Mən də “Fəxri qarovul”da durdum. Deyəsən, vaxt qurtarmışdı və mitinq başlamalı idi. Bu zaman son kurs tələbələrindən mərasimə gecikmiş birisi özünü yetirdi və ”mən də qarovulda durmalıyam” - dedi. İşarə etdilər ki, artıq gecdir, lakin o, əl çəkmədi, üç dəfə meyitin ətrafında fırlanıb, ağ yağıştək axan göz yaşları ilə özünü yerə çırpdı. Yenidən qollara qırmızı bağlamalı oldular...

O gün çoxları danışdı Rəfili haqqında. Çox qəribədir, Rəfilinin həmişə şikayətləndiyi, “böyrümə xəncər soxmağa hazırdılar” dediyi adam-alimlər də danışdılar və bu, başa düşülən idi: Rəfili artıq ölmüşdü... “

“Rəfili bir od idi, bir atəş idi. Hara düşürdü, oranı (xüsusən də özünə paxılları, millətinə əleyhdarları) yandırırdı. Akademik Məmməd Arif istedadlı gənclərin bir çoxunu ədəbiyyat aləminə Rəfilinin necə gətirdiyini böyük səmimiyyətlə etiraf edir və onun öz istedadı barədə yazırdı: “Ondakı qavrayış, mənimsəmə qabiliyyəti dağ seli kimi güclü idi. O qədər güclü idi ki, qarşısında bəzən obyektiv tənqidi münasibətlər belə sarsılırdı”.

“Bir dəfə dedi ki, bütün gecəni yatmayıb bir şeir yazdım, səhərisi dostum və adaşım Mikayıla (M.Müşfiqə) oxudum, o isə gözlərini ciddi-ciddi üzümə zilləyib:

- Mikayıl, bir də oxu! - dedi.

Mən bir də oxudum, o isə sərtliklə qayıtdı ki, bu şeir mənimdir, özü də bunu çoxdan yazmışam. İnanmırsan, qulaq as, - deyib, şeiri əzbər söylədi. Mən çox pərt oldum. “Necə ola bilər ki, bütün gecəni yatmayıb şeir yazasan, başqasınınkı ola?” xəyalından yenicə ayılmışdım ki, Müşfiq şaqqanaq çəkib güldü və dedi:

- Zarafat edirəm, Mikayıl. Şeir sənindir və çox gözəl, ürəyəyatımlı olduğuyçün elə ikinci oxunuşdan əzbərləyə bildim”.

“Bir gün kafedrasının yanından keçirdik, gördük laborantlar bərk həyəcan içərisindədirlər. Soruşduq, dedilər, Rəfilinin qəzetdə məqaləsi çıxıb. Dedik, lap yaxşı, bəs nə üçün belə həyəcan? Dedilər, indi yenə mətbuatda düşəcəklər üstünə, kişini əsəbiləşdirəcəklər...”

“Növbəti qoşa saatda əruz vəznini başlamalı idi. Dedi ki, bu mövzunu mən də keçə bilərəm, amma Əkrəm Cəfər daha yaxşı keçə bilər. Mən özüm də ağız açacam, siz də xahiş edin. Dərsdən çıxan kimi yüyürdük Əkrəm müəllimin üstünə və o, “gələrəm” -dedi və ertəsi gün bizə çox şirin, unudulmaz bir mühazirə oxudu...”

“O vaxtlar ədəbiyyatda hadisələr və baxışlar elə cərəyan edirdi ki, çox abırlılar geri çəkilir, o bəlalı proseslərdən yan gəzirdi. Rəfilinin şeirdən tərcüməçiliyə, ədəbi araşdırmalara çəkilməsi totalitar rejimdə azad ruhlu şairə yer və ehtiyac olmaması ucbatından idi”.

...Və sair, rəhmətlik gözəl şairimiz, fədakar alimimiz, kəsərli tənqidçimiz!

Və həm Onun kimi insanlar, həm də onlar sayaq adamlar, hörmətli qədirbilən oxucular!..

Tahir Abbaslı

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 13.