ADMİU-da
tanınmış ədəbiyyatşünasa həsr
olunmuş xatirə gecəsi
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) görkəmli ədəbiyyatşünas,
pedaqoq, filologiya elmləri doktoru, professor Həsən Quliyevin
anım gecəsi keçirilib. Uzun illər
yaradıcılıq taleyini bu təhsil ocağı ilə
bağlayan Həsən Quliyev, çoxsahəli fəaliyyəti
ilə Azərbaycan elminə töhfələr verib, Azərbaycan
ədəbiyyatşünaslığına dəyərli
araşdırmalar qazandırıb.
Xatirə gecəsini ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Həsən Quliyevin elmi-pedaqoji fəaliyyətindən danışıb.
Sonra tələbələrin hazırladığı, Həsən Quliyevin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub. ADMİU-nun müəllim heyəti, tələbələr, Həsən Quliyevin ailə üzvləri, yaxın dostları və mərhumun təsis etdiyi “Luç” Yaradıcılıq Assosiasiyası üzvlərinin qatıldığı tədbirdə ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə, millət vəkili Elmira Axundova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, yazıçı-dramaturq, professor Aqşin Babayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Həmidə Ömərova, Həsən Quliyevin dissertantı olmuş ADMİU-nun müəllimi Zülfiyə Eldarqızı çıxış edərək xatirələrini bölüşdülər. Həsən Quliyevin yaradıcılığı, alim novatorluğu, bir pedaqoq və insan kimi örnək keyfiyyətlərindən söz açıldı.
Azərbaycan xalq və klassik bəstəkar
mahnılarını çox sevən Həsən Quliyevin
anım tədbirində Cavid Hüseynovun ifasında Cahangir
Cahangirovun “Alagöz” mahnısı da səslənib və tələbələrin
ifasında “Əli və Nino” romanından kiçik parça
nümayiş olunub. Tədbirin sonunda universitetin rektoru tələbələri
gözəl çıxış münasibətilə təbrik
edib, xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 11.