Şamaxı rəsədxanası turistlər üçün də unikal məkandır

Hər bir ölkənin mədəni irsi, abidələri, tarixi məkanları ölkəyə xarici qonaqları cəlb edən, turizmin inkişafına təsir göstərən mühüm amildir. Özəlliklə mədəni turizm həvəskarları səfər etdikləri ölkədə ilk növbədə o ölkənin tarixini, yaşayış tərzini əks etdirən məkanlarla tanışlığa can atır. Deməli, turizm həm də ölkənin mədəni irsinin dünyaya tanıdılmasında vasitə rolu oynayır.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası keçmiş SSRİ-də üç ən böyük rəsədxanadan biri, müsəlman aləmində ən böyük rəsədxanadır. Rəsədxana mühüm elmi mərkəz olmaqla yanaşı, səyahət həvəskarlarının, yerli və xarici turistlərin də maraq göstərdiyi bir yerdir.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyir ki, Azərbaycanda astronomiya elminin qədim ənənələrini yaşadan bu məkana müxtəlif ölkələrdən həm elmi işlərlə bağlı, həm də sadəcə maraq xətrinə gələnlər çoxdur: “Azərbaycanda astronomiyanın Nəsirəddin Tusidən başlayan zəngin ənənələri var. Biz bu irsin öyrənilməsinə və təbliğinə xüsusi önəm veririk. Bu istiqamətdə kitablar, məqalələr yazılır, elmi toplantılar təşkil edilir. Məsələn, ötən ilin sentyabrında Bakıda Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda konfrans AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Dövlət Pedaqoji və Azərbaycan universitetlərinin təşkilatçılığı ilə gerçəkləşdi. Azərbaycan müsəlman aləmində ən güclü astronomiya məktəbinə malik olan bir ölkədir. Nəsirəddin Tusi də elm səmasında daim işıqsaçan günəşdir, onun ziyası ilə çoxları astronomiyaya gəlir”.

Həmsöhbətim deyir ki, rəsədxananı turistlərə də cəlbedici məkan etmək üçün zəruri işlər görülür: “Şamaxı rəsədxanası unikal bir obyektdir. Getdikcə maddi-texniki bazası genişlənir. Turistlərə gəlincə, onlar xüsusilə yayda, may-iyun aylarında gəlirlər. Bunu nəzərə alaraq obyektin ətrafında abadlıq işlərinə xüsusi diqqət ayırırıq. Şirvan zonasına gələnlərin əksəriyyəti mütləq rəsədxananı ziyarət edir. İran, Türkiyə, Rusiya, Ukrayna, Orta Asiya respublikalarından qonaqlarımız gəlir. Bir neçə gündən sonra İtaliyadan qonaqlarımız olacaq. Hollandiya, Polşa, Almaniyadan gələnlər olur. Bilirsiniz ki, diplomatlar işlədikləri ölkəni yaxından tanımaq istəyirlər. Bu baxımdan xarici ölkə səfirləri də bu məkana təşrif buyururlar. Bu məkanı turizm nöqteyi-nəzərindən daha geniş tanıtmaq üçün müəyyən infrastruktur yaradılıb, amma onu inkişaf etdirmək lazımdır. Məsələn, turistlərin gəlib qalmaları üçün hotel lazımdır. Eyni zamanda ərazinin turizm baxımdan təqdimatı üçün bukletlər, digər əyani vəsaitlər hazırlanmalıdır. Bu işlər yeni başlanıb və hesab edirəm ki, genişlənəcək”.

Mehparə

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 10.