“Bakı ideyaların təcəssümü üçün gözəl yerdir”

"Kukla" art qalereyasının 2 illiyi münasibətilə gürcü rəssam Tamara Kvesitadzenin sərgisi açılıb

 

Aprelin 17-də Milli İncəsənət Muzeyində “Kukla” art qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış gürcü rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisinin açılışı keçirildi. Sərgi Cənubi Qafqazda ilk dəfə Bakıda yaradılan "Kukla" art qalereyasının iki illiyinə həsr olunub.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgini Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında növbəti mühüm hadisə kimi qiymətləndirdi: “Bu gün iki yaşını qeyd edən “Kukla” art qalereyasının təşəbbüsü ilə ölkəmizdə ilk dəfə tanınmış gürcü heykəltəraşı Tamara Kvesitadzenin əsərləri nümayiş olunur. Bilirsiniz ki, Gürcüstanın Batumi şəhərində çox maraqlı bir heykəl ucaldılıb. Həmin heykəlin kiçik variantı da bugünkü sərgidə sizlərə təqdim edilir. Qurban Səidin “Əli və Nino” əsərinə həsr edilən bu heykəl Gürcüstan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Heykəl iki xalq arasında dostluq, qardaşlıq, sevgi hislərinin simvoludur. Çox şadam ki, xalqlarımız arasında mədəni əlaqələr daim inkişafdadır. Rəssamlarımız arasında da əlaqələr genişlənir. Buna görə də biz belə sərgilərin keçirilməsində maraqlıyıq və bu layihələr davam edəcək”.

Gürcü rəssamın yaradıcılığından söz açan nazir bildirdi ki, Tamara Kvesitadzenin əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Təqdim edilən sənət nümunələri sırasında hədsiz maraqlı fikir və düşüncələrin şahidi oluruq. Bugünkü sərgi yaddaşlarda əsl mədəniyyət hadisəsi kimi qalacaq.

“Kukla” art qalereyasının rəhbəri Lalə Kazımova sənət məkanın iki yaşının kollektiv üçün böyük bir bayram olduğunu vurğuladı: “Sərgini də məhz bu gün keçirməyimizin səbəbi budur. Tamara Kvesitadze çox istedadlı sənət adamıdır. Onun işləri dünyanın müxtəlif muzey və qalereyalarında sərgilənib. Özünüz də şahidsiniz ki, təqdim edilən əsərlər nə qədər mürəkkəb, zövqlü və incədir. Bu əsərlərdə fəlsəfə də var, mürəkkəb rəngkarlıq da, poeziya da, zərgər işi də. Budəfəki kolleksiya xüsusi olaraq Bakı sərgisi üçün hazırlanıb. Bir il bundan əvvəl bu sərginin hazırlıq işlərinə başlanılıb. Əminəm ki, paytaxtımızın sakinləri və qonaqları bu sərgidən zövq alacaqlar. Biz “Kukla” art qalereyası olaraq çalışırıq ki, bu sənəti ölkəmizdə tanıtdıraq və eyni zamanda yerli sənətkarlarımızı xarici sərgilərdə təmsil edək”.

Daha sonra çıxış edən Tamara Kvesitadze Bakıda sərgisinin keçirilməsindən məmnunluğunu bildirdi: “Bakıya gəldiyimdə şəhərinizi sonsuz məhəbbətlə sevdim. İlk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun. Sərginin həyata keçməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ixtisasca arxitektor olan Tamara Kvesitadze hazırda ABŞ-da yaşayır. Ötən əsrin 90-cı illərində İtaliyada yaşayıb, Venesiya karnavalının gözəlliyinə heyran olub. Bu heyranlıq onda kukla hazırlamağa həvəs oyadıb. Əsərlərinin əsas cəhəti hərəkətə meyllilikdir. O, sanki öz həyatını yaşayan, tamaşaçı qarşısında səhnələr göstərən kuklalar düzəltməyə başlayıb. İtaliyadan ABŞ-a köçdükdən sonra həmkarları Paata Sanaya və Zura Ququlaşvili ilə birlikdə “Tamara studio”nu açıb. Rəssamı həyatın dövr etməsinin rəmzi kimi hərəkətli olmaq ideyası daim düşündürürdü və o, kuklalar düzəltməkdən heykəltəraşlığa keçib və əsərlərini “dinamik heykəllər” adlandırır.

Tamara Kvesitadzenin əsərləri geniş ictimaiyyətə 2007-ci ildə 52-ci Venesiya sərgisində təqdim olunub. O, hərəkət edən fiqurlardan ibarət kompozisiyasına “Re-Turn” simvolik adını verib. Bu işlərin arasında “Kişi və qadın” (digər adı “Məhəbbət”dir) adlı cüt heykəl də vardı. 2011-ci ildə bu heykəl Batumiyə gətirilib və Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə ona “Əli və Nino” adı verilib.

Bakı sərgisində sənətkarın yeni işləri təqdim edilir. Onlardan “Qadın və mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və s. əsərlər məxsusi olaraq “Kukla” art qalereyası üçün hazırlanıb. Sərgi aprelin 30-dək nümayiş olunacaq.

 

Lalə Azəri

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 9.