Gənc rəssamın fərdi sərgisi

Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində gənc rəssam Nərgiz Quliyevanın fərdi sərgisi açıldı.

Akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov açılışda çıxış edərək gənc rəssamın istedadını yüksək qiymətləndirdi, tədris ocağının tələbəsi olmuş Nərgiz Quliyevanın yaradıcılığından böyük gözləntiləri olduğunu vurğuladı.

Xalq rəssamları Arif Hüseynov, Ağəli İbrahimov, Səlhab Məmmədov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də Nərgiz Quliyevanın yaradıcılıq imkanlarından söz açaraq ona gələcək işlərində uğurlar arzu etdilər.

Sərgidə müəllifin akvarel, tuş və yağlı boya ilə çəkilmiş 50-yə yaxın rəsmi nümayiş olunur. Rəssamın mənzərə, məişət janrlarında işlədiyi tabloları xüsusi maraq doğurur. “Kəndlilər qızmar yay günündə”, “Kəndlilər istirahət edərkən”, “Dəniz mənzərəsi”, “Azərbaycan-doğma diyar”, “Çəmənlikdə ev” və digər əsərlərdə poetik ruh hiss olunur. Müəllifin yaratdığı portret nümunələri də fərqliliyi ilə seçilir.

Nərgiz Quliyeva 1989-cu ildə Bakıda anadan olub. Sənətin ilk sirlərini Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəsm və rəngkarlıq dərnəyində öyrənib, Dövlət Rəssamlıq Akademiyasını bitirib. Ölkəmizdə və xaricdə bir çox sərgilərdə diplomlara layiq görülüb.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 9.