Bakı səyahət bazarında növbəti görüş

Aprelin 21-də «Fairmont Baku» hotelində Ukraynanın «Chance Travel Consulting» şirkətinin və Azərbaycanda fəaliyyət göstərən «R&S Group»un təşkilatçılığı ilə «Baku Travel Bazaar Wellness» adlı tədbir keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə İsveçrə, Hindistan, Fransa, Maldiv adaları, Malayziya, Almaniya, İtaliya - ümumilikdə 15-dək ölkənin termal kurortları, SPA hotelləri və klinikaları iştirak edirdi.

Ukraynanın «Chance Travel Consulting» şirkətinin direktoru Viktoriya Belaya qəzetimizə açıqlamasında bildirdi ki, tədbir Azərbaycanın turizm şirkətləri, hotel və istirahət mərkəzlərinin müxtəlif ölkələrdəki yeni istiqamətlərlə tanış olması, eyni zamanda iştirakçı ölkələrin turizm təmsilçilərinin Azərbaycanın istirahət imkanları haqqında məlumat alması məqsədilə təşkil olunub. Onun sözlərinə görə, tədbir Azərbaycanda lüks turizminin inkişafına da zəmin yaradır. Çünki bu tədbirlərin iştirakçıları əsasən yüksək səviyyəli xidmət göstərən turizm obyektləridir.

Həmsöhbətim əlavə etdi ki, «Baku Travel Bazaar»ın il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub. Birinci tədbir aprelin 1-də baş tutub. Bu artıq 2-ci tədbirdir. «Baku Travel Bazaar Exotic» və «Baku Travel Bazaar Adventures» adlı tədbirlər sentyabr və oktyabr aylarında reallaşacaq.

Qəbələdə fəaliyyət göstərən «Yengicə» istirahət mərkəzinin direktoru Rəşad Abduhəlimov turizmlə məşğul olan təşkilatların bir-biri ilə tanış olmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi: «Mən bir neçə dəfədir bu tipli tədbirlərdə iştirak edirəm. Qeyd edim ki, həm istirahət mərkəzimizin tanıdılması, həm də turizm şirkətləri ilə əlaqələrimizin qurulmasında irəliləyiş əldə etmişik. «Yengicə» hələ sovet dövründən istisu ilə müalicə sanatoriyası kimi tanınıb. Amma bir neçə ildir Naftalan vannaları ilə müalicə də təklif edirik. Yeni xidmətlərimizi təqdim etmək üçün belə tədbirlərin böyük rolu var».

Qeyd edək ki, lüks turizmində qonaqlara arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir, onlar özəl təyyarələr, yaxtalarla təmin edilir, asudə vaxtlarını daha maraqlı keçirmələri üçün qolf, dalğıc, idman avtomobil turları, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.

«Baku Travel Bazaar Wellness» çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi ənənəvi müsabiqə də keçirildi.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 6.