81 il və bir
gün
Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişli dünyasını dəyişdi
Azərbaycanın
mədəniyyətinə ağır itki üz verib.
Tanınmış bəstəkar, Prezident təqaüdçüsü,
Xalq artisti, professor Ramiz Mirişli aprelin 17-də vəfat edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, dövlət
və hökumət rəsmiləri görkəmli
musiqiçinin vəfatı ilə bağlı
başsağlığı veriblər.
Aprelin 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Ramiz Mirişli ilə vida mərasimi keçirildi. Mərhumun cənazəsi ətrafına Azərbaycan Respublikasının Prezidenti, hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəstəkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, yaratdığı əsərlərdən söz açdı. Bildirdi ki, geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. O, 300-dən çox mahnı və romansın müəllifidir. Görkəmli müğənnilər Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqaları Ramiz Mirişlinin mahnılarını ifa ediblər. Bəstəkarın yaratdığı əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Əbülfəs Qarayev vurğuladı ki, Ramiz Mirişlinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq artistləri Arif Məlikov, Azər Zeynalov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Ramiz Mirişlinin çoxşaxəli yaradıcılığından danışdılar, sənətkarla bağlı xatirələrini bölüşdülər.
Mərhumun ailəsi adından çıxış edən bəstəkar Nazim Mirişli atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə, vida mərasiminin iştirakçılarına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Ramiz Aqil oğlu Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvanda başa vurduqdan sonra Bakıda Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. 1956-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) təhsil alıb. 1962-ci ilədək müxtəlif musiqi məktəblərində müəllim işləyib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb, Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri olub, Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.
Ramiz Mirişli 1972-ci ildən etibarən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasının professoru kimi peşəkar kadrların yetişməsinə töhfələr verib.
Vida çıxışlarından sonra bəstəkarın cənazəsi son mənzilə yola salındı, mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.
Aprelin 16-da Ramiz Mirişlinin 81 yaşı tamam olmuşdu, 17 aprel tarixi vəfat günü kimi tarixə düşdü. O, əbədi olaraq gözlərini yumsa da, musiqiləri ilə xalqın qəlbinə köçüb. Allah rəhmət eləsin.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 4.