Qara Qarayev musiqi
festivalı çərçivəsində isveçrəli
gitaraçının ustad dərsi
Aprelin 20-də start verilən Qara Qarayev VI Beynəlxalq Müasir Musiqi Festivalının zəngin tədbirlər proqramı var. Festival çərçivəsində ilk olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçdi. Bakının musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirak etdiyi tədbir maraqlı anlarla yadda qaldı.
İsveçrə Milli Konservatoriyasında dərs deyən, müxtəlif ölkələrdə mühazirə və ustad dərsləri keçən professor bildirdi ki, Azərbaycan paytaxtında ilk dəfə 20 il əvvəl olub. Qonaq ötən müddətdə şəhərimizin inanılmaz dərəcədə dəyişdiyini dedi: “20 il əvvəl Moskvada böyük konsert verdikdən sonra yorğunluq içində Bakıya gəldiyimiz zaman buradakı qonaqpərvərlik bizi heyran etmişdi. İndi isə Tokiodan şəhərinizə gəlmişəm. İnanmazdım ki, belə bir dəyişikliklə rastlaşacağam. Bakı əvvəllər də gözəl idi, amma indi büsbütün dəyişib. Dəyişməyən isə insanların səmimiyyəti və qonaqpərvərliyidir”.
Qara Qarayev festivalında ilk dəfə iştirak etdiyini deyən Kristof Jaggin Azərbaycan musiqisi ilə bağlı fikirlərini də bölüşdü: “Düzü, o vaxtlar Azərbaycan musiqisi haqqında elə bir məlumatım yox idi. Bəstəkar Fərəc Qarayevlə dostluğum, sizin bəstəkarlardan ilk olaraq Avropada Firəngiz Əlizadənin əsərini dinləməyim Azərbaycan müasir musiqisinə marağımı artırdı. Bütün musiqilər bir-birindən, təbii ki, seçilir. Sizin müəlliflərin yaradıcılığında Şərq ornamentləri istər-istəməz diqqət çəkir. Hazırda azərbaycanlı bəstəkarlarla işbirliyim var və bundan məmnunam”.
Qonaq bildirdi ki, fəaliyyətinin əsas hissəsini konsertlər təşkil edir: “Müxtəlif ölkələrdə konsertlərim olur. Dəvət aldığım festivallarda ustad dərsləri və mühazirələrlə çıxış edirəm. Hazırda İsveç musiqisi üzrə tədqiqat işi üzərində çalışıram”.
Kristof Jaggin ustad dərsi zamanı auditoriya ilə səmimi şəraitdə fikir mübadiləsi apararaq gənclərə ifaçılığın imkanları, səhnə mədəniyyəti, alətlə sərbəst davranış qaydaları barədə danışdı. Gənclərlə bərabər müəllimlərin də qatıldığı ustad dərsi Avropa musiqisi və Azərbaycan bəstəkarlıq məktəbi, dünya musiqisində baş verən yeniliklər haqqında qarşılıqlı müzakirələrlə davam etdi.
Qeyd edək ki, tanınmış gitaraçı aprelin 21-də Qara Qarayev festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında İsveçrə ansamblının (“Ensembleecoute») heyətində konsert proqramı ilə çıxış edib.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 4.