Mədəniyyət və turizm naziri UNESCO-nun baş direktoru ilə görüşüb

Aprelin 22-də UNESCO-nun Parisdəki baş qərargahında qurumun İcraiyyə Şurasının sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək.

 

Bu məqsədlə Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Nazir ölkə rəhbərliyinin salamlarını baş direktora çatdıraraq UNESCO-nun Forumun rəsmi tərəfdaşı kimi mədəniyyətlərarası dialoq üçün həyata keçirilən fəaliyyətlərə yüksək dəstəyinə görə təşəkkürünü bildirib. Xanım İ.Bokova Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma olduğunu qeyd edərək Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu bildirib.

Görüş zamanı Azərbaycan-UNESCO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əməkdaşlığın inkişafına verdiyi töhfələri və qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov iştirak edib.

Qeyd edək ki, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və "Bakı prosesi"nin dünya səviyyəsində təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan üçün xüsusi önəm kəsb edən xarici ölkə paytaxtlarında və beynəlxalq qurumların qərargahlarında təqdimat mərasimləri keçirilir.

Parisdə təşkil olunan mərasim bu ilin mayında "Müştərək təhlükəsizliyimiz naminə mədəniyyətləri paylaşaq" devizi altında keçiriləcək Forumun növbəti təqdimatıdır. Yanvarın 30-da Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Forumla bağlı təqdimat, 2014-cü ilin 13 martında isə Londonda "Mədəniyyətlərarası dialoq üçün “Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçirilib.

 

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 2.