Azərbaycan nəşrləri Budapeşt kitab festivalında

Ölkəmizin nümayəndə heyətinin Macarıstan Dövlət Elmi Universitetinin tələbələri ilə görüşü keçirilib

 

Aprelin 23-də Macarıstanın paytaxtı Budapeştdə 22-ci Beynəlxalq Kitab Festivalı açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə festivalda ölkəmizdə nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilir. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

Stendimizdə Azərbaycan mədəniyyətinə, tarixinə, Dağlıq Qarabağ həqiqətlərinə, turizm potensialına və I Avropa Oyunlarına dair 200 adda nəfis tərtibatda, yüksək məzmuna malik ingilis, rus, ərəb dillərində nəşr məhsulları və səfirliyin dəstəyi ilə macar dilində çap olunmuş kitablar sərgilənir. Maraqlanan ziyarətçilərə ölkəmiz və I Avropa Oyunları haqqında müfəssəl məlumat verilir.

22-ci Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 26-dək davam edəcək.

Azərbaycan səfirliyinin təşkilatçılığı ilə həmçinin Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universiteti humanitar elmlər fakültəsinin türkologiya bölməsinin tələbələri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Fakültənin dekanı professor Rudolf Sardi Azərbaycan nümayəndə heyətini salamlayaraq mədəni əlaqələrin və tərcümə sahəsinin önəmindən söz açıb: "Bakı - Qafqaz regionunun mədəni qovşağıdır. Biz istərdik ki, Azərbaycan və Macarıstan arasında mədəni və ədəbi əlaqələr möhkəmlənsin".

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrdən danışıb: "Bu zalda Azərbaycan ədəbiyyatı ilə maraqlanan tələbələr toplaşıb. Səfirliyimiz tərəfindən Azərbaycan ədəbiyyatına aid 50-dən çox kitab macar dilində nəşr olunub. Bu kitabların əksəriyyəti Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, folkloru, elmi ilə bağlıdır. Səfirlik 2012-ci ildə "Biz Azərbaycan haqqında nə bilirik?" mövzusunda müsabiqə elan etmişdi. Həmin müsabiqəyə mətn göndərən tələbələrin esseləri kitab halında çap olundu və qalib olan 6 müəllif bir həftəlik Azərbaycana göndərildi. Biz belə tədbirlərin keçirilməsini davam etdirəcəyik”.

 

 

 

 

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışında qeyd edib ki, iki ölkənin tarixi kökləri ən qədim dövrlərə gedib çıxır. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan-Macarıstan əlaqələri daha çox mədəniyyət, ədəbiyyat və təhsil sahəsində inkişaf edib. Bir çox azərbaycanlı gənclər Budapeştin təhsil müəssisələrində oxumağa böyük maraq göstərirlər. Azərbaycanda Macarıstan mədəniyyəti günləri keçirilib. Macar musiqisi və rəqsləri Bakıda böyük maraqla qarşılanıb. Bu ilin iyun ayında Azərbaycanda I Avropa Oyunları keçiriləcək və biz sizləri bu möhtəşəm tədbiri izləməyə dəvət edirik".

Sonra Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşı Cavidan Ağayev qurumun fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 16.