Milli vokal sənətimizin pioneri

Azərbaycanın ilk professional qadın müğənnisi, pedaqoq, SSRİ Xalq artisti Şövkət Məmmədovanın bənzərsiz yaradıcılığı ifaçılıq sənətimizin parlaq səhifələrindən birini təşkil edir.

 

Şövkət Həsən qızı Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə anadan olub. Atası pinəçi olsa da, sənətə, musiqiyə yüksək qiymət verirdi. O, Şövkəti əvvəlcə A.Kitesanın maliyyələşdirdiyi özəl məktəbə qoyur. Ancaq məktəbdə təhsilin səviyyəsi onu qane etmədiyindən qızı üçün fərdi müəllim tutur. “Müqəddəs Nina” məktəbinin müəlliməsi Yelena Kandelaki Şövkətin musiqi duyumunu dərhal hiss edir və atası onun məsləhəti ilə qızını musiqi məktəbinin fortepiano sinfinə yazdırır. Balaca qızın istedadı ilk gündən müəllimlərinin diqqətini çəkir. O, V.A.Motsartın, İ.S.Baxın əsərlərini məharətlə ifa etməyə başlayır. Bu arada italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Şövkət onun çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir.

Şövkət Məmmədova böyük uğurlar astanasında ikən atası vəfat edir. Anasının və müəlliməsinin qayğısı ilə o, musiqi təhsilindən ayrılmır. Novruz bayramında Tiflisin Artistlər Cəmiyyətində qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi konsertə qatılır. Burada italyan, rus romanslarını, həmçinin Azərbaycan xalq mahnısı oxuyur və alqışlar qazanır. Həmin il musiqi məktəbini bitirən gənc ifaçı Bakıya gəlir. Bu, “Tağıyev teatrı”nın 30 illik yubileyinə təsadüf edir. Şövkətin İtaliyada oxumaq arzusu Hacı Zeynalabdin Tağıyevə bildirilir. O, gəncin arzusunu bəyənir və təhsil haqqını öhdəsinə götürür. Şövkət əvvəlcə Milan Konservatoriyasında, sonra Kiyev Konservatoriyasında təhsil alır.

Onu da qeyd edək ki, Şövkət Məmmədovanın müğənni kimi yetişməsində dahi bəstəkar Üzeyir Hacıbəyli və Kiyev Konservatoriyasının rektoru, tanınmış bəstəkar Reynqold Qlierin böyük xidmətləri olub. Ü.Hacıbəyli onun fəaliyyətini belə qiymətləndirirdi: “Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olubdur. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban veribdir...”. R.Qlier isə deyirdi: “Mən Azərbaycanı ilk dəfə Şövkətin oxuduğu xalq mahnıları ilə kəşf etmişəm”.

1912-ci ildə Bakıda Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasında ilk dəfə olaraq azərbaycanlı qadın aktrisa - Şövkət Məmmədova iştirak edir. Bu, Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə idi. Onun cəsarəti şəhərin bəzi dairələrini bərk qəzəbləndirir. Konsertdən sonra dostları onu gizli yolla teatrın binasından çıxarırlar...

Sonralar görkəmli vokalçı “Arşın mal alan” operettasında Gülçöhrə, “Traviata”da Violetta, “Riqoletta”da Cilda, “Şahsənəm”də Şahsənəm, “Şah İsmayıl”da Gülzar, “Nərgiz”də Nərgiz və s. obrazları məharətlə ifa edib, geniş tamaşaçı rəğbəti qazanıb.

Operalardakı çıxışları ilə yanaşı, Şövkət xanım Parisdə, Berlində, Təbrizdə qastrol səfərlərində olub, xalq mahnıları ilə dinləyicilərin qəlbinə yol tapıb. O, ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada qrammofon valı buraxılıb. Bununla bağlı fransız qəzetlərindən biri yazırdı: “Şövkət Məmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti tək avropalılara məxsus deyil”.

Azərbaycanda ilk not nəşriyyatı Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunub.

1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə görkəmli müğənni M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarında baş qəhrəmanları füsunkarlıqla canlandırır. Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə Şövkət Məmmədova SSRİ Xalq artisti fəxri adına layiq görülür.

1939-1945-ci illərdə o, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru işləyib. Onun təşəbbüsü ilə 1940-cı il aprelin 18-də ilk Azərbaycan baletinin - Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası nümayiş olunub.

Müğənninin ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri lentə alınıb. Rozina (“Sevilya bərbəri”, C.Rossini), Cilda (“Riqoletto”, C.Verdi), Şahsənəm (“Şahsənəm”, R.Qlier), Nərgiz (“Nərgiz”, M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan”, Ü.Hacıbəyli) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Görkəmli sənətkar uzun ömür yaşayıb və 1981-ci il iyunun 8-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 15.