“Dubl”suz
müsahibə
“Əhməd” olaraq 53, özü olaraq 70 yaşı tamam olan əməkdar artist Elxan Qasımov ilə...
1963-cü il
noyabrın 20-dən bəri - bütün kino
tamaşaçılarının gözləri
qarşısında ola-ola - hələ də “axtarılan” bədii
“Əhməd”in adaşlarından biri - “Sürücü
Əhməd” həmin o məlum və məşhur filmin
kadrlarında, 1945-ci il aprelin 24-də Naxçıvanda
doğulmuş real Elxan Qasımov isə bu saat
redaksiyamızda...
- Elxan müəllim, kino dünyasına - yəni “xronometraj” termininin tez-tez işləndiyi sahəyə mənsub olmağınıza rəğmən, güman edirəm, söhbətimiz bir səhifədən nə çox olacaq, nə az...
- (Gülümsünür) Bu gözlənilməz sualın, mətbuat üçün qeyri-ənənəvi şərtin ikinci “seriya”sı ilə razıyam, hətta bizim doğma qəzetimizdə mənə bütöv bir səhifə ayrılmasından xeyli məmnunam, birinciyə isə... baxarıq!
- (Mən də gülümsünürəm) Biz isə, bu məmnunluğunuza növbəti sualdan sonra “baxarıq”...
- Yəni necə ki...
- Belə ki, ilk gəncliyində - 18 yaşında “Əhməd haradadır?” filmində o sayaq gözəl obraz yaratmış istedadlı Elxan o vaxtdan bu vaxta haradadır?..
- ...Əvvəla, deyim ki, mən bu sualın qoyuluşu ilə məşhur “Uzaq sahillərdə” filminin portret epizodundakı Mixaylo-Şults dialoqu (“aristokratlıq və qəddarlıq”) arasında bir paralellik görürəm. Və əlavə edim ki, “Əhməd”dən sonra mən kino aləmində heç də az iz qoymamışam.
- Bunu biz də bilirik və yeri gəldikcə bəhs edəcəyik. Amma, söz düşmüşkən, gəlin, adını çəkdiyiniz o filmdəki daha bir böyük rəhmətliyi - “Rosselini” obrazını məharətlə yaratmış Adil İsgəndərovu da xatırlayıb, ruhunu sayğılayaq...
- Deməzsizmi, tamamilə yerinə düşdü bu haşiyə! Əvvəla vurğulayım ki, Ədil müəllim (biz kinoçularçün Adil hər yerdə Ədil idi - sənətdə də, sənəddə də...) tək elə ekran, səhnə-sənət, ictimai xadimlik, təşkilatçılıq korifeyi deyil, həm də insani münasibətlər dahisi idi! Əlavə edim ki, qəni-qəni rəhmətlik rejissoru olduğu (və düz bir ay hər gün “Nizami” kinoteatrının nəhəng salonunda dörd seansla nümayiş etdirilən) “Əhməd haradadır?” filmi kütləvi ekranlara buraxıldığı günün sabahısı institutumuzun auditoriyasında məni özünəməxsus bir işarətlə səsləyib (ənənəvi “indi səsləməsin” trafaretini bilərəkdən işlətmirəm, - qoy lap günü bu gün çağırsın və özü də, ruslar demiş “tem bolee”, yeri cənnət-məkandır!), onunla az-çox ünsiyyətdə olanların hər birinə mənəvi məlhəm təsiri bağışlayan əda-sədası ilə dedi: “Hə, qadam, mən “Əhməd” roluynan səni qoydum relsə. İndi özün get”.
- Bu ki daha çox yerinə düşdü, ay Elxan müəllim! Mən elə səhərdən bunu vurğulamırammı? Yəni, bayaqkı “qəddar” sualımda söhbət sonraların gənc, ahıl və hal-hazırkı qocaman Elxan Qasımovunun ovaxtların 18 yaşlı “Əhməd”-Elxanı ilə adekvat olub-olmamasından gedirdi...
- Bu sualı müxtəlif aspektlərdə mənə çox veriblər və deyim ki, həmişə də məmnunluqla qarşılamışam. Məni “Əhməd müəllim” - deyə çağıranlarla “Elxan müəllim” deyə səsləyənləri eyni səmimiyyətlə qarşılamışam. Sizin sual formatınıza qalınca isə, mətbu müsahibələrdə ənənəvi cavabları xoşlamasam da, gəlin, “bu sualın cavabını oxucu-tamaşaçıların öhdəsinə buraxaq”...
- Və keçək, Sizi, təqribi yaşdaş olmamız ərki ilə çəkdiyim “imtahan”-sualın, habelə həyat və yaradıcı fəaliyyətinizlə ilgili digər məqamların incələmələrinə. Maraqlıdır, haçansa həmsöhbətsiz, sorğu-sualsız da cavabladığınız mətləblər olubmu?
- Hə... İstərdim elə “Əhməd”liyimlə bağlı olanlarından başlayım. Birinci xəyal-kadr: Hamının yaxşı xatırladığı kimi, o filmdəki epizodlardan birində mən “Siz iki nəfərsiz?!” deyirəm. Və xatırlayıram ki, o vaxtdan ötən əlli üç ildə bu xitabla mənim özümə də çox müraciət ediblər. Yəni, guya, mən həm “Əhməd”, həm Elxanam. Və bayaqkı sualınıza qüvvət, hərdən öz-özümə səslənirəm ki, “aya, a Elxan, sən o 18 yaşında nə və necə eləmisən ki, şəxsi-fərdilikdən çıxıb, ümum-ictimai personaya da çevrilə bilmisən?” Və hər dəfə də bu irrasional sualı rasional məntiqlə cavablandırmışam: “Əsasən dahi Ədil müəllimimizin sayeyi-qabiliyyətilə!..”
- Gözləriniz qarşısından “kino lenti kimi keçən” duyğulardan hiss edirəm ki, ikinci “xəyal-kadr” da “sonbeşiyi” olduğunuz həmin filmlə ilgilidir...
- Hə. Amma bu dəfə bir qədər “kriminal”ı ilə bağlı. “Nərgiz xala”nın - əfsanəvi sənətkar Nəcibə Məlikovanın maşınımı “qaçırması” epizodu üstdə köklənmişəm. Deməli, Nəcibə xanım maşını saxlaya “bilmir” və mən sürətlə sıçrayıb keçirəm sükan arxasına, kadrların canlı alınması üçün əyləci basıram və bu an... xoşagəlməz bir olay və kadrarxası bir söhbət baş verir. Belə ki, mən canlılıq xatirinə tələskənlik edib, bu zərifdən-zərif xanımın ayağını əzirəm, o isə ağrının şiddətindən üzünü mənə çevirib, “kobud...” ifadəsi işlədir. Beləliklə, o vaxtdan xatirimdən getməyən o olayla bağlı belə bir sual hələ də cavabsızlıq aktivimdədir: “Mən Sizin o gözəl ifadənizi elə həmin andan bağışlamışam, Nəcibə xanım! Amma sağlığınızda soruşmağa cəsarət belə edə bilmədim; Siz özünüz necə, bərk ağrı səbəbindən ağzınızdan təsadüfən qaçan o sözə görə üzülmürsüz ki, incədən-incə, zərifdən-zərif Nəcibə xanım?..”
- Keçək üçüncüyə.
- ...
- Elxan müəllim?..
- Hə, eşidirəm...
- Bu növbəti “xəyal-kadr” nəymiş ki, bu sayaq darıx-duruxmanıza səbəb oldu?
- Heç... Bunu danışmamaq daha münasib olardı...
- Hər halda...
- Bu, mənim yeganə oğul övladımın qəza faciəsi - on il öncə bir yük maşını altına düşüb tələf olması ilə ilgilidir. Ovaxtdan-buvaxta ağrı-acısını çoxdan-çox çəkdiyim, Tanrının heç bir valideynə göstərməməsini dilədiyim bu itki barədə az danışmağa, söhbətə tutulmamağa çalışıram. Çıxılmaz qalıb danışanda isə bircə cümlə ilə kifayətlənirəm: 53 il əvvəl bir yük maşını məni göylərə qaldırdı, 10 il öncə digəri hüznlərə gömdü...
- Allah rəhmət eləsin və bəşəriyyətin “həyat davam etməlidir” məntiqilə bu bədbinlik notlu film haqda söhbətimizi qapadıb, keçək Sizi indiki yaşınızdan dəfələrlə çox yaşadası digər ekran nümunələrinə. Oxucularımıza tamamilə aydın olan, bəzi səbəblərdən az-çox qaranlıq qalan digər rollarınızdan, rejissorluğunuzdan danışın...
- Bir dəfə bir yığıncaqda mənə sual verdilər ki, şans yaxşıdır, yoxsa talant? Dedim, hər ikisi. Yəni, istedadlı adamın şanssız, bəxt-qismətsiz lazımi zirvəyə qalxması heç də həmişə mümkün olmur, eləcə də əksinə. Mənim şansım bu oldu ki, ilk fəaliyyət və tədris-təhsil müəllimim Ədil İsgəndərov kimi nəhəng oldu. Amma deyim ki, məndə “yol açmaq” zirəkliyi yoxdur. Tənbəlliyim, durğunluğum yoxdur; hətta hər səhər günəş mənim evdən çıxmağımı yox, mən günəşin dağ dalından çıxmasını gözləmişəm. Buna baxmayaraq, bu gün mən rejissor kimi çəkdiyim üç filmi - “Qocalar... qocalar”, “Köhnə bərə”, “Biz qayıdacağıq” və üç filmdə yaratdığım üç obrazı - “Əhməd haradadır?”da sürücü Əhmədi, “Dağ meşəsindən” filmində Seyfini, “Axırıncı aşırım”da Vəlini - yada sala bilərəm...
- Yox, Elxan müəllim, Sizin fəaliyyət arsenalınızda yaradıcılıq “silah-sursat”ı sadaladığınızla yekunlaşmır. Amma hələlik bu qədər və sağlıq olsun, görüşərik, daha geniş aspektdə söhbətləşərik...
- İnşallah.
Söhbətləşdi:
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 24
aprel.- S. 13.