Böyük Vətən müharibəsi və
Azərbaycan kinosu
Qələbə - 70
Zamanın
reallıqları müxtəlif sənət növlərində
əksini tapır. Hər dövrün öz tələbi, qayğıları, öz mövzusu olur. Həyatın axarı sənətə də
təsirsiz ötüşmür. Bəşər
tarixinin ən ağır və dəhşətli
səhifələrindən olan II Dünya müharibəsi ədəbiyyatda, təsviri
sənətdə olduğu kimi, kinematoqrafın da
yaddaşına köçərək gələcək nəsillərə
ərməğan edilib.
Azərbaycan xalqı bu müharibədə həm döyüş meydanlarında, həm də arxa cəbhədə böyük şücaət göstərib. Respublikamızdan cəbhəyə gedən 600 mindən çox insanın 300 mini həlak olmuşdu. Faşizm üzərində Qələbənin əldə edilməsində Bakı nefti müstəsna rol oynayıb. Sovet ordusunun cəbhədəki hər 5 döyüş texnikasından 4-ü Bakıdan göndərilən yanacaqla işləyirdi. Bakı ordunun əsas cəbbəxanalarından birinə çevrilmişdi. Xalqımız böyük Qələbə naminə arxa cəbhədə məhrumiyyətlərə dözürdü.
Müharibənin acı reallıqları, xalqımızın bu illərdə göstərdiyi əzmkarlıq, vətən övladlarının qəhrəmanlıqları bir sıra sənədli və bədii filmlərin mövzusuna çevrilib, maraqlı ekran həllini tapıb.
Müharibə mövzusunda ilk filmlər
1941-ci ildə faşist Almaniyasının SSRİ üzərinə hücumundan sonra, mədəniyyət və incəsənət sahəsi də, o cümlədən kinematoqrafiya hərbi vətənpərvərlik mövzusunda tam səfərbər oldu. Bununla bağlı Bakı kinostudiyasında da xüsusi komissiya təşkil edilmişdi. Komissiyanın vəzifəsi müharibə mövzusunda qısametrajlı bədii və sənədli filmlərin, xüsusi buraxılışların, kinojurnalların yaradılmasına rəhbərlik etmək idi. Bu məqsədlə yazıçılardan S.Rəhman, İ.Qasımov, M.Cəlal, Ə.Sadıq, Ə.Məmmədxanlı, M.Rəfili, rejissorlardan M.Mikayılov, R.Təhmasib, A.Quliyev, M.Dadaşov, N.Bədəlov və başqalarına ssenarilərin yazılması və filmlərin çəkilməsi tapşırılır.
Beləliklə, kinostudiya müharibənin reallıqlarını, qəhrəman oğullarımızın şücaətini əks etdirən filmlərin istehsalına başlayır. Kinooperatorlar ön cəbhədə düşmənlə üz-üzə tarixin amansız dəhşətlərini anbaan kinolentin yaddaşına köçürürdülər. Bu filmlər xalqın əzmkarlığını artırır, onlara qəhrəmanlıq hisləri aşılayırdı. İlk belə ekran əsərləri isə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun döyüşdə göstərdiyi hünərdən bəhs edən “Sovet pəhləvanı”, arxa cəbhədə zəhmət adamlarının əməyindən söhbət açan “Sovqat” qısametrajlı, dənizçilərin göstərdiyi igidlikləri əks etdirən “Sualtı qayıq “T-9” tammetrajlı bədii filmləri, xalqlar dostluğundan danışan “Bir ailə” kinoalmanaxı və digərləri idi.
Ön və arxa cəbhədə yaşananlar
1945-ci ildə müharibə bitdikdən sonra bu mövzuda ekran əsərlərinin çəkilişləri başlanır. Belə filmlərin sırasında rejissorlar Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əmək və qızılgül”, “Mən ki gözəl deyildim”, Əjdər İbrahimovun “Onun böyük ürəyi”, Şamil Mahmudbəyovun “Şərikli çörək”, “Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”, “Torpaq. Dəniz. Od. Səma”, “Tənha narın nağılı” filmlərini göstərə bilərik. Bu filmlərin hər birində müharibənin insanların həyatına gətirdiyi bəlalar təsvir edilib.
Azərbaycan kinosunda arxa cəbhəni əks etdirən bədii filmlər də çoxdur. “Bakının işıqları” (rejissorlar A.Zarxi, İ.Xeyfits, R.Təhmasib), “Bizim Cəbiş müəllim” (H.Seyidbəyli), “Gilas ağacı” (T.İsmayılov), “Bakıda küləklər əsir” (M.Dadaşov), “Tütək səsi” (R.Ocaqov) kimi filmlərdə müharibə dövründə insanların yaşantıları dolğun ekran həllini tapıb. Eyni zamanda “Bizim küçə” (Ə.Atakişiyev), “Dağlarda döyüş” (K.Rüstəmbəyov), “Ömrün ilk saatı” (A.Babayev), “Ölsəm, bağışla” (R.Ocaqov), “Sahilsiz gecə” (Ş.Ələkbərov) və s. filmlərdə müharibə mövzusuna bu və digər səviyyədə toxunulub.
Onu da qeyd edək ki, kino tariximizdə ön cəbhədə baş verənləri, yəni real döyüşləri əks etdirən filmlərimiz azdır. Bir çox mütəxəssislər bunu o dövrdə Moskvanın qısqanclığı ilə əlaqələndirirlər. Ön cəbhəni əks etdirən uğurlu kinolentlər sırasında “Uzaq sahillərdə”, “Skripkanın sərgüzəşti” və “Sizi dünyalar qədər sevirdim” bədii filmlərini göstərmək olar.
Kinoda Həzi Aslanov obrazı
Rejissor Rasim İsmayılovun lentə aldığı “Sizi dünyalar qədər sevirdim” (1985) kinodramı ön cəbhədən bəhs edən uğurlu filmlərdəndir. Filmdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolu əksini tapıb. Azərbaycanın qəhrəman oğlunun obrazını Xalq artisti Ramiz Novruz canlandırıb.
Ramiz müəllimlə həmin dövrə səyahət edirik. Həmsöhbətim bildirir ki, filmin çəkilişlərindən 30 il keçsə də, elə bil hər şey dünən baş verib: “Həzi Aslanov haqqında orta məktəb dərsliklərindəki rəsmi məlumatlardan və bir də pərakəndə söhbətlərdən ibarət bilgilərim var idi. Amma onun döyüş bacarıqları haqqında tam dərinliyi ilə məlumat yayılmamışdı. Bütün bunları çox sonralar öyrəndik. Təbii ki, filmin hazırlıq prosesində təsəvvürlərim və məlumatım xeyli genişləndi. Bundan başqa, öyrəndim ki, sən demə, o vaxt “Pravda” qəzetində Həzi Aslanov haqqında “Qalib gəlmək bacarığı” adlı məqalə dərc olunubmuş. Məqalədə “Aslanovskaya podkova” (nal) adlandırılan döyüş taktikasından da bəhs olunurdu. Məhz Həzi Aslanovun bu taktikası sayəsində almanların tank döyüşündə əzmini qırmaq mümkün olub.
Həzi Aslanov cəld, hərəkətli adam olub, düşmən heç vaxt bilə bilməzdi ki, o, hansı tankdadır. Komandirin tankının xüsusi nişanı olsa da, Həzi Aslanov döyüş gedə-gedə o tankdan bu tanka keçirmiş. Onu da deyim ki, özüm əsgərlik vaxtı tank bölüyünün komandiri olmuşam. Hərbi xidmətim təlim-tədris mərhələsi ilə birlikdə əvvəlcə Çində, sonra isə Yaponiyada keçib. Bu ən azı filmdə döyüş atmosferini hiss eləməkdə köməyimə çatdı.
Filmin ssenarisinin yazılması, təsdiq olunması və sınaq çəkilişləri haradasa 7-8 ay çəkdi. Film bir ilə başa gəldi. Demək olar ki, döyüş epizodları Belarusun “Smoleviç” adlanan kino məkanında çəkilib. Orada çəkiliş üçün hər cür şərait var idi. Hətta belaruslular zarafatla həmin yeri Hollivudun qarşılığı olaraq “Smollevud” adlandırırdılar”.
Filmin bəzi
epizodları “Azərbaycanfilm”in pavilyonunda çəkilib. Həmsöhbətim
qeyd edir ki, foto sınaqlarına 20-dək aktyor dəvət
olunur, onlardan 7-8 nəfər arasında seçim
aparılır: “Nəhayət, 3 nəfərin üzərində
dayandılar: Məhəmməd Məmmədov, Kamil
Zöhrabov və mən. O zaman Sumqayıt teatrından təzə
gəlmişdim, yalnız “Nizami” və “Qorxma, mən səninləyəm!”
filmlərində epizodlarda çəkilmişdim.
Adlarını çəkdiyim digər aktyorlar isə
başqa filmlərdə baş rolları
oynamışdılar. Amma nədənsə bu rol mənim
içimə dolmuşdu. Son sınaq çəkilişlərində
bədii şuranın üzvləri də iştirak edirdilər.
Orada gördüm ki, rejissor Rasim İsmayılovun gözü
məhz məni tutub. Zahiri cəhətdən də Həzi
Aslanovla oxşarlığım vardı, üstəlik ikimiz də
cənub bölgəsindənik.
Həzi
Aslanovun sürücü-mexaniki olmuş Kurkov filmin məsləhətçilərindən
biri idi. Qəhrəmanımı həyatda gördüyünə
görə bizim oxşarlığımızı təsdiqlədi.
Filmdə bəzən texniki səbəbdən
çatışmayan anlar da yaşayırdıq. Məsələn,
bizə 40-50 tank lazım olduğu halda, yalnız 9 tank
vermişdilər. Səbəb olaraq onu göstərdilər
ki, “Moskva uğrunda döyüş” filmi çəkilməlidir
və tankların əksər hissəsi orada istifadə
olunacaq. Halbuki o filmin çəkilişi “Sizi dünyalar qədər
sevirdim”dən altı ay sonra başlandı. Tankların
lazımi sayda olduğunu ekranda göstərmək
üçün kadrdan biri keçən kimi rejissor nömrəsini
pozub başqa nömrə yazırdı ki, reallığa
uyğun sayda görünsünlər. Ümumiyyətlə, o
vaxt mərkəzdə Həzi Aslanovun şəxsiyyətinə
münasibətdə bir qısqanclıq hiss olunurdu. Üstəlik
onun ölüm faktındakı qaranlıq məqamlara görə
Moskva əl-qol açmağımıza imkan vermirdi...”
Bəli, çox böyük çətinliklərlə ərsəyə gətirilən filmlərimiz neçə-neçə nəslin keçmiş haqqında, xalqımızın qarşılaşdığı məhrumiyyətlər barədə dolğun məlumat almasına yardımçı olur. Bu gün isə biz daha bir müharibənin - Qarabağ savaşının şahidləriyik. Bu mövzuda filmlərimiz çox deyil. İnkişaf mərhələsində olan Azərbaycan kinosunda Qarabağ mövzusunda yeni filmlərin çəkilməsinə ehtiyac var və bu mövzu kinematoqrafçılarımızın nəzərində olmalıdır.
Lalə Azəri
Mədəniyyət.- 24 aprel.- S.
12.