Müasir regional kitabxanalar

İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulması kontekstində

 

Lətifə Məmmədova

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri

 

 

I. Kitabxanalar informasiya cəmiyyətində: funksiyaları və rolu

 

Kitabxanaların adları ilk dəfə, müxtəlif məlumatlara görə e.ə. XIV-VII əsrlərdə çəkilmişdir. Bəşər cəmiyyətinin tərəqqi dərəcəsindən asılı olaraq, onlar informasiya və mədəni komponentləri özündə birləşdirən interaktiv sosial təsisatlara çevrildilər. Cəmiyyətdə kitabxana resurslarına istinad etməyən hansısa strukturu təsəvvürə gətirmək çətindir. Cəmiyyətin istisnasız olaraq bütün təbəqələrinə - məktəblilərdən təqaüdçülərədək - bütün peşə və məşğuliyyət nümayəndələrinə xidmət edən kitabxanaların “növ müxtəlifliyi” (akademik, milli, elmi, kütləvi, gənclər, uşaq və s.) bununla izah edilir.

Cəmiyyətdə dövr edən biliklər müstəqil praktik nəticələrə malikdir. Sosial dəyişikliklər barədə düşüncələr (“təfəkkür tərzi”) “hərəkət tərzi” formalaşdırmaq və qərarlar qəbul etməkdən ötrü prinsipial əhəmiyyət kəsb edir. Cəmiyyət üzvlərinin dəyişikliklərlə bağlı qəbul və dərk etdikləri baxışlar, konsepsiyalar vəsaitə çevrilir. Belə biliklər nə qədər geniş və dərin yayılırsa, bir o qədər çox həmfikir onları dərk edir və sosial dəyişiklik perspektivi bununla daha etibarlı olur.

Kitabxanalar öz fondlarında bəşəriyyətin bütün nailiyyətləri barədə informasiyanı toplayaraq cəmiyyətin mütərəqqi inkişafını təmin edir.

Müxtəlif istiqamətlər üzrə informasiya resurslarının kitabxanalarda cəmlənməsi daima onun xidmətlərinə müraciət etmək imkanı verir: təhsil vaxtı, peşə baxımından inkişaf və ixtisasartırma dövründə, uşaqların tərbiyəsi zamanı, təsərrüfatı idarə edərkən və istirahətin təşkilində. Kitabxana insan fəaliyyətinin müxtəlif növlərinə yardım etməklə, fərdlərin (o cümlədən əlillərin) maraqlarının inteqrasiyasını təmin edir.

Müxtəlif istiqamətlər üzrə informasiya ehtiyatlarına malik kitabxanalarda cəmiyyətin inkişaf mərhələlərində təşəkkül tapmış dəyərlər etalonunu özündə əks etdirən sənədlər də qorunub saxlanılır. Bu informasiya əsasında bütövlükdə cəmiyyətin, o cümlədən ayrı-ayrı şəxsiyyətlərin dəyərlər sistemi formalaşır. Kitabxanalar, eyni zamanda bəşər sivilizasiyanın mənəvi nailiyyətlərini toplayıb saxlamaqla bərabər “bəşəriyyətin yaddaşı”nın təcəssümüdür. Onlar pərakəndə məlumatların sadəcə arxivi və ya anbarı deyillər. Mədəni irsin sistemləşdirilməsi, saxlanılması və yayılmasını təşkil etməklə mədəniyyət aləmində, informasiya və biliklərin həcminin daim artdığı aləmdə naviqasiyanı təmin edirlər.

Kitabxanalar cəmiyyətə fəlakətlər və sosial sarsıntılar zamanı lazımi davamlılıq ehtiyatını qoruyub saxlamağa imkan verir ki, sonradan istehsalı, sosial münasibətləri bərpa etmək və ictimai inkişafın yeni səviyyəsinə çıxmaq mümkün olsun: onlar ictimai həyatın sabitliyini təmin edirlər.

Kitabxanaların sosial-mədəni təsisat kimi ictimai missiyası sivilizasiyanın inkişaf xarakteri ilə müəyyənləşir. Sivilizasiya vasitəsilə kitabxanalar həm konkret cəmiyyətdə mövcud vəziyyətlə, həm də bütövlükdə dünyada gedən mədəni proseslərlə bağlıdır. Bu müəssisələrdə insanın mənəvi axtarış mərhələləri əks olunmuşdur. Missiya kitabxanaların nə demək olması, nəyə can atması, nə kimi vasitələrdən istifadə etməsi fəlsəfəsi barədə ümumi təsəvvür verir.

İlk kitabxanaların və onların ilk missiyasının təyinatı sənədləri qorumaq olmuşdur. Kitabxanalar yarandığı vaxtdan bu günədək sosial təsisatlar kimi ictimai missiyasını hakim elitanın ehtiyaclarına xidmət etməkdən tutmuş geniş ictimai tələbatı ödəməklə birinci təkamül mərhələsindən keçmişlər. XIX əsrdən etibarən onların missiyası yeni təyinatla - xalqı maarifləndirməklə təkmilləşmişdir.

XX əsrin elmi-texniki, ekoloji, mədəni dəyişiklikləri, dünya böhranları kitabxanaların missiyasının təkamülünə gətirib çıxarmışdır. Cəmiyyətdə kommunikasiya prosesləri güclənmiş, biliklərin yayılma xarakteri dəyişmişdir: biliklərin azsaylı ixtisaslaşdırılmış mərkəzlərdən biristiqamətli translyasiyası informasiyadan interaktiv rejimdə şəbəkə və virtual istifadə vasitələri tərəfindən sıxışdırılıb çıxarılmağa başlanmışdır. İntellektual azadlıq ideyası yeni sivil strategiya - dünya informasiya resurslarına sərbəst çıxışın təmin edilməsini müəyyənləşdirmişdir. Kitabxanaların müasir missiyası informasiya və biliklərin ictimai inkişafın katalizatoru kimi əhəmiyyətinin güclənməsi ilə diktə edilmişdir. Kitabxanaların sosial missiyası iki aspektə malikdir: bəşəriyyət tərəfindən toplanmış mədəni irsin qorunub saxlanması və onun informasiya və biliklərə ictimai tələbatın formalaşması və təmin edilməsi yolu ilə ötürülməsi.

Kitabxanaların missiyası konkret sosial funksiyalarda reallaşır. Kitabxananın cəmiyyətin tələbatına reaksiyası, xarici mühitlə qarşılıqlı fəaliyyət üsulu olan sosial (xarici) funksiyalar - bu elementin daha yüksək nizama malik sistemə uyğunlaşma, mühitlə ziddiyyətin həlli vasitəsidir. Beləliklə, sosial sistem nəinki özünü tam kimi yenidən əmələ gətirir, həm də daim inkişaf edir, sosial təsisat kimi kitabxanaların işinin mahiyyəti də məhz bundadır. Sosial funksiyalar kitabxanaların başlıca məqsədini - cəmiyyətin informasiya və biliklərə olan tələbatının təmin edilməsini müəyyənləşdirir. Bu, qədim dünya kitabxanaları, industrial və postindustrial cəmiyyət üçün səciyyəvi sosiomədəni vəzifələrin birliyini təsdiq edir. Lakin bu funksiyaların inkişaf dərəcəsi, onların konkret məzmunu, onlardan hər birinin üstünlüyü hər dövrdə müxtəlif olmuşdur. Kitabxana funksiyalarının mahiyyətini nəzərdən keçirək.

Xatirə funksiyası - kitabxanaların ən qədim (ata-baba) funksiyasıdır. Bu söz (yəni kitabxana - müəllif) müxtəlif dillərdə müxtəlif cür səslənsə də, eyni məna kəsb edir: kitab evi, kitab saxlanılan yer, kitablar üçün ev və s. Beləliklə də kitabxanaların mahiyyəti və sosial təyinatı - kitabların qorunması barədə ən qədim təsəvvürləri əks etdirir. Cəmiyyətin yaddaşı mənbələrin toplanılması və saxlanması nəticəsində yaranır, buna görə kitabxanaları bəşəriyyətin sosial yaddaşı adlandırırlar. İnformasiyanın fasiləsiz toplanmasını təmin etməklə, kitabxanalar sosial yaddaşın yeni keyfiyyətlərinin təminatçısı olurlar. Onlar bilik və mədəniyyəti dərk etmək, yaymaq, istifadə üçün əlverişli şəkildə qoruyub saxlayırlar. İnformasiya funksiyası - bir tərəfdən, sənədlərin məzmunu ilə bağlı bütün prosesləri müşayiət edir, kitabxana əməyinin bütün məzmunu, semantikası səviyyəsində hər hansı iş onun mənasının fərqləndirilməsi, dəyişmiş informasiyanın, arzu edilən biliklərin yaradılmasını nəzərdə tutur. Digər tərəfdən bu funksiya informasiya verilməsi prosesinin özünü, yəni kommunikasiyanı nəzərdə tutur.

Müasir kitabxanalar informasiya məkanının tamhüquqlu subyektinə çevrilir. Onlar sənədləri toplayır, qoruyub saxlayır, onların biblioqrafik və analitik-sintetik işlənməsini, naviqasiyasını və informasiya resurslarının qiymətləndirilməsini, sənədlərin qaydaya salınması və kataloqlaşdırılmasını, məlumat-biblioqrafiya xidmətini həyata keçirirlər və bununla da bir çox informasiya proseslərinin təməlini qoyurlar. Bu funksiya informasiya prosesinin digər subyektləri ilə sıx qarşılıqlı fəaliyyətdə informasiyanın yayılmasının müxtəlif kanallarından istifadə etməklə reallaşır.

Bütün zümrələrə mənsub istifadəçilərə informasiya verməklə kitabxanalar sosial qruplar arasında bərabərsizliyi aradan qaldırma alətinə çevrilirlər, lakin kitabxanalar onları lazımsız, ifrat informasiya axınından da (yaxud informasiyanın təqlidindən) mühafizə edirlər və beləliklə, şəxsiyyətin informasiya təhlükəsizliyini təmin edirlər. İnformasiyanın açıqlığını təşkil etməklə kitabxanalar nəinki “sənəd - istifadəçi” sistemində vasitəçi olur, həm də cəmiyyətdə informasiya hərəkətinin olduqca mürəkkəb proseslərində iştirak edirlər. Kitabxanalar sosial kommunikasiya mexanizmini təmin etməklə mədəni ənənələr və eləcə də insan nəsilləri, tarixi dövrlər arasında dialoqun saxlanmasına səbəb olurlar.

Kitabxanalar təhsil təsisatı rolunu da öz üzərinə götürürlər. Kitabxanaların maarifləndirici funksiyası cəmiyyətin mənəvi təşəkkülünün təmin edilməsinə yönəlmişdir. Kitabxanalar təhsil prosesində həm geniş (mədəni norma və dəyərlərin indiki və gələcək nəsillərə translyasiyası), həm də dar mənada (fərdin təhsilinin informasiya ilə təmin edilməsi) iştirak edirlər. Bu proses kitabxanalarda, bir qayda olaraq, fərdi şəkildə gedir. Təhsil və öz biliyini fərdi qaydada artırmaq sahəsində yüksək nəticələr də bununla təmin olunur. Kitabxanalar informasiya mədəniyyətinin yayılması və yüksəldilməsinə mühüm töhfələr verir. Belə ki, bu mədəniyyət kompüter savadı ilə yanaşı, insanın müasir və gələcək cəmiyyətdə mövcudluğunun vacib şərtlərindən birinə çevrilir. İnformasiya texnologiyalarının (İT) tətbiqi ilə istifadəçilərə informasiyanı “süzgəcdən keçirmək” yolunu öyrətmək, şəxsi tənqidi seçim etmək vəzifəsi getdikcə daha aktual şəkil alır, çünki onların əksəriyyəti elektron informasiya mühitində müstəqil işləməyə hazır deyil. Kitabxanalar maarifləndirmə funksiyasını yerinə yetirməklə, idrakın universal üsullarından birinə çevrilir. Məlum mətnlərə müraciət etmədən, ümumiyyətlə, hansısa elmdə, incəsənətdə, dində, idrak, əslində qeyri-mümkündür. Yalnız ənənə vasitəsilə yeni biliyin elementlərini köhnə, məlum bilikdən ayırmaq olar. Kitabxanalar oxucuların digər mədəniyyətin mətnlərinə, dilə, tarixə, cəmiyyətə müraciətini bilavasitə ifadə edirlər. İdrakın məhsuldarlığı əsas etibarilə, biliklərin kitabxanalar vasitələri ilə sistemləşdirilmə və konkretləşdirilməsi təcrübəsinə yiyələnmədən asılıdır. Kitabxanalar insanların biliyindəki fərqi elm, texnika və mədəniyyətin nailiyyətləri barədə informasiya ilə onları daim qidalandırmaqla kompensasiya edir. Kitabxanalar məhz bu səbəbdən fasiləsiz təhsil və şəxsi təhsilin başlıca bazası hesab olunurlar.

Oxucuların azad mənəvi inkişafına, yerli və dünya mədəniyyəti dəyərlərinə qoşulmağa, mədəni (reproduktiv və məhsuldar) fəaliyyət üçün şərait yaradılmasına yönəldilmiş iş kitabxanaların mədəni funksiyasını təşkil edir. Mədəniyyətin ayrılmaz və üzvi hissəsi olmaqla, onun çox böyük dəyəri keyfiyyətində çıxış etməklə kitabxanalar, eyni zamanda mədəni inkişafın ölkə və xalqların mədəni sərvətinin yayılması, yeniləşməsi və artmasının ən mühüm amillərindən biridir. Kitabxanalar insanların mədəni-reproduktiv fəaliyyətinin qüdrətli və həssas aləti olmaqla, oxucuları milli və dünya mədəniyyətinin nailiyyətləri ilə birləşdirir, mədəniyyətin qayda, ənənə, nailiyyətlərini onların şüuruna və həyatına tətbiq edir. Kitabxanalar mütaliə vasitəsilə mədəni, savadlı şəxsiyyətin təşəkkül tapmasına kömək edir, çünki mütaliə və ünsiyyətin təsiri ilə intellektual, mənəvi, estetik axtarış və təəssürat mühitinin yaradılmasının nadir xüsusiyyətlərinə malikdirlər. Kitabxanalar retranslyator kimi çıxış edərək (informasiya mənbələrində qeydə alınmış mənəvi dəyərlər vasitəsilə) konkret insanın mədəniyyətə qoşulmasına kömək edir. Sosiallaşdırma funksiyası öz ifadəsini bunda tapır.

Kitabxanalar digər sosiallaşdırma təsisatları qarşısında bir sıra üstünlüklərə malikdir: onların bu prosesdə iştirakına zaman və mümkünlük baxımından məhdudiyyət yoxdur. Fərd bunu dərk edərkən və dərk etmədən, kitabxanalara müraciət etdiyi bütün müddət ərzində sosiallaşır. Fərdlərin sosiallaşması kitabxanaların qoruyub saxladığı mədəni irsin mənimsənilməsi zamanı baş verir. Bu proses təkcə ənənəvi üsullarla kitab kolleksiyalarının formalaşdırılması, informasiya resurslarının toplanması, İT vasitəsilə onların hamının üzünə açıqlığının genişləndirilməsi yox, həm də oxucuları gerçəkliyin dərk edilməsinə, bütün səviyyələrdə və hər növ kommunikasiyadan maksimum istifadə etməklə ünsiyyət mühitinin yaradılmasına cəlb etməklə aparılır.

Kitabxanalar üçün səciyyəvi cəhdlərdən biri də mahiyyət funksiyalarının qarşılıqlı təsiridir. Onun çoxfunksiyalılığı kitabxananın sosial mühitin dəyişən şəraitinə uyğunlaşmasını təmin edir, mühüm sosial təsisat kimi statusunu artırır. Müasir dövr birdən-birə iki inqilabın - mental və texnoloji - meydanıdır: birinci qloballaşma və çoxqütblü, plüralist mədəniyyətin formalaşması prosesi ilə, ikinci kommunikasiya sahəsində texnogen partlayışın nəticələri ilə bağlıdır. Baş verən dəyişikliklərin əsas maddi tərkib hissəsi kimi texnoloji inqilab təxminən 50 il əvvəl başlanmışdır və getdikcə daha çox dinamizm kəsb edir. İT “insanlar və cəmiyyət üçün sabit iqtisadi inkişafı təmin etmək, ictimai rifahı yüksəltmək, mədəni müxtəlifliyi və ümumbəşəri dəyərləri inkişaf etdirmək məqsədilə biliklərdən səmərəli istifadənin həyati vacib stimuluna çevrilir”.

Nəticədə informasiya istehsalının ayrılması baş verir və bu, əməyin ictimai bölgüsünün dördüncü iri mərhələsi olacaqdır. İnformasiya istehsalında informasiyanın əməyin predmeti və vasitəsi kimi bölünməzliyi çox vacibdir: İT-də informasiya həm mövzu, həm də vasitə kimi çıxış edir və onları, yerlərini tez-tez dəyişdiyindən, bir-birindən ayırmaq mümkün deyil. İnformasiya industriyası həyatın bütün tərəflərinə təsir edir: siyasətə, texnologiyaya, təhsilə, kommunikativ münasibətlərə. Bu proseslər kitabxana sahəsinə də toxunur. Müasir informasiya xidməti vaxtdan və istifadəçinin olduğu yerdən asılı olmayaraq, məlumatlara dərhal çıxışı, həmçinin elektron sənədlərin qeyri-məhdud kəmiyyətdə tirajının təyin edilməsini nəzərdə tutur. İnsan böyük miqdarda informasiya ilə rastlaşdığında onu mənimsəmək qüdrətində deyil. Bir tərəfdən insan gözü və qulaqları o dərəcədə yüklənir ki, şüur ona dözə bilmir. Alimlər bu təzahürü “informasiya zədəsi” adlandırırlar. Digər tərəfdən informasiya istehsalçısı kimi bəşəriyyət və onun istehlakçısı kimi ayrıca insan arasında qlobal uyğunsuzluq problemi yaranır, “insanın bəşəriyyətdən geri qalması qanunu fəaliyyətə başlayır”.

İnformasiya məkanının təmin edilmə dərəcəsindən asılı olaraq o, əslində, öz aralarında pis birləşmiş bir sıra hissələrə parçalanmışdır. Belə vəziyyətdə informasiya (faktoqrafiya, mənanın quru təsvirini vermə) və ya ayrıca sənədin axtarışı getdikcə çətinləşir. İnformasiya və istehlakçı arasında ziddiyyəti aradan qaldırmaq yalnız informasiya məkanının müxtəlif yardımçı sistemlərinin inteqrasiyası hesabına mümkündür.

 

(Ardı var)

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 10-11.